Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


07.05.2021  11:07 

Ən təsirli dərman - melodiya





A+  A-

Musiqi tarixinə nəzər yetirdikcə bu qənaətə gəlirsən ki, musiqinin inkişafı insan psixologiyası və emosional durumun vəziyyətindən çox asılıdır. Bu danılmaz faktdır ki, müəyyən yaş dövründə musiqi insan psixologiyasına, onun dünyagörüşünə, mənəvi dünyasının formalaşmasına olduqca böyük təsir göstərir. Amma, faktın özünün də izaha ehtiyacı vardır, yəni bu mövzuda alimlərin, musiqişünasların fikirləriylə, deyimləriylə tanış olmaq, müəllimlərimizin mühazirələrinə, oxuduğumuz kitablara müraciət etmək lazım gəlir.
Bu məqsədlə bəzi araşdırmalar aparmalı oldum... Əlbəttə, ilk müraciət etdiyim mənbə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müəlimi,xanəndə-sənətşünas, Respublikanın Əməkdar Artisti, doğmaca Anam - Ruzə İbişovanın yazdığı və dəfələrlə oxuduğum "Əbədiyyət notları" kitabı və qəzet-jurnallarda dərc edilmiş məqalələri olmalıydı.

Ruzə xanım yazır:
“Gəlin, çətin də olsa, bir anlığa göz açdığımız dünyayla hələ təzəcə tanış olmağa başladığımız illərə - ana laylasının həzin, kövrək, lirik, fəlsəfi beşiyində uyuduğumuz, xumarlandığımız, qeyri-şüuru olaraq doğmalaşan süd ətirli günlərimizi xatırlamağa çalışaq. O zamanlar qonşumuza gəlin gələn Vəciyyə gəlinbacının utancaq vaxtlarıydı. (İndi gəlinbacımızın yaşı səksəndən yuxarı olar. Allah can sağlığı versin). Onun sakit yay gecələrində yenicə dünyaya göz açan körpəsinə oxuduğu laylanın həzinliyi isaq-musaq quşlarının nigaran sədasına qarışıb qonşu evlərdə boy atan kəkilli qızların ruhunu havalandırardı. Bu havacat, bu bəstələr yaşlıları gənclik vaxtlarına qaytarar, onlarda yaşamaq həvəsi, həyat eşqi oyadardı... Beləliklə, “Ana laylası” bizim musiqi dünyasıyla ilk tanışlığımız, ilk sevgimiz kimi yaddaşımızda, bu günə kimi ruhumuzda, qanımızda yaşamaqdadır...”.

Digər kitabları vərəqləyirəm... Alimlər yazırlar ki, hələ insan cəmiyyəti yaranmazdan əvvəl dünyada musiqi var idi. Külək əsəndə ağacdakı yarpaqların həzin pıçıltısı, quşların cəh-cəhi, şəlalənin şırıltısı, bulaqların, çayların çağlaması... ilk musiqi notlarının ilahi bəstəsi idi. Axı, insan sonuncu yaranışdı. İnsana musiqini təbiətin özü öyrədib, təlim edib... Mənə dərs deyən müəllimlərimin mühazirələri heç zaman yaddaşımdan silinməyəcək:

... Qobustan qayalarına həkk olunan sinxron rəqs lövhələri bizə bir daha onu deyir ki, hələ lap qədim dövrdən insanlar musiqiyə diqqət yetirməyə başlamışlar. Bir çox dünya alimlərinin əsərlərində musiqinin insanı tərbiyə etdiyini, onun psixologiyasına güclü təsir göstərərək döyüşə ruhlandırdığını, ən çətin məqamlarında ona hayan olduğunu, yaşamağa, yaratmağa ruhlandırdığına dair fikirlərə tez-tez rast gəlirik. Elm isbat edib ki, musiqi insanda immun sistemini stimullaşdırır, xəstəliyin səviyyəsini aşağılayır, həzm prosesini də yaxşılaşdırır... XIX əsrdən başlayaraq elm bir sıra həyati əhəmiyyət kəsb edən sahələrə musiqinin, hətta ayrı-ayrı musiqi alətlərində səslənən melodiyaların canlı orqanizmə necə təsir etdiyini öyrənir.

Bəli, nə qədər insan varsa, bir o qədər də fikir var. Bu mövzuda yazılan və deyilən bütün fikirlərə hörmətlə yanaşıram. Bunula belə, hələ tələbə olsam da, ümid edir və düşünürəm ki, mənim də fikirlərim kiməsə maraqlı görünə bilər. (Deyəsən, bir qədər iddialı səsləndi!?)

Yaşa dolduqca, dünyagörüşümüz artdıqca, özümüz də hiss etmədən, ruhumuza sığal çəkən, psixologiyamızın dərin qatlarına hopan musiqinin janrlara şaxələnməsinə daxili təlabat yaranmasını hiss edirik. İndi yaşadığımız informasiya selində insan psixologiyasının üzləşdiyi problemlər əvvəlki illərlə müqayisədə xeyli çətinləşib. Elə musiqinin özü də, informasiya axınına qarışıb. Bəzən insana əlavə qayğılar yaradır, bəzən də onun ruhunu oxşayır, mənəvi dünyasını ovundurur. Beləliklə, musiqinin insan şüuruna və psixologiyasına bilavasitə təsiri qaçılmaz olubdır. Təəssüf ki, bizim bir çoxumuz buna yetərincə əhəmiyyət vermirik...

Qədim Yunan filosofu Platon yazır: “...Digər tərbiyə üsulları ilə müqayisədə musiqi tərbiyəsi daha təsirli vasitədir, çünki ritm və ahəngdarlıq (harmoniya) insan qəlbinin dərinliklərinə yol açır”.

Pifaqor və onun tələbələri musiqi sədaları altında riyaziyyat dərslərini keçirər, bununla da intellektin inkişaf etdirilməsində musiqinin rolunu yüksək qiymətləndirərdilər. Hesab edirdilər ki, musiqi insanın intellektual səviyyəsini artırmaqla yanaşı, ruhun sağlamlığına da birbaşa xidmət edir.

Aristotel özünün “Siyasət” kitabında qeyd edir ki, insan şəxsiyyətinin və psixologiyasının formalaşmasında musiqinin xüsusi əhəmiyyəti var. “...Musiqi elə bir gücə malikdir ki, insanın xarakterini, psixoloji durumunu dəyişir, emosional hisslərini tənzimləyir...”.

Əlbət ki, bunları nəzərə alaraq tədris zamanı musiqiyə xüsusi yer ayrılarsa, bu, insan cəmiyyətinə olduqca böyük töhfə olardı.
Şərqin dahi filosofu və təbibi Əbu Əli ibn Sina melodiyanı “ən təsirli dərman, ən mötəbər müalicə üsulu” adlandırır.
Azərbaycanın məşhur alimi - cərrah və bəstəkar kimi tanınan İbrahim Topçubaşov ən çətin cərrahi əməliyyatları musiqinin müşayətilə edərdi.
Böyük Çin filosofu Konfutsi onlardan daha irəli gedərək belə yazır: “...Hər hansı bir dövlətin dağılma prosesi, məhz onun musiqisinin dağılmasından başlayır. Təmiz və işıqlı musiqiyə malik olmayan xalq məhvə məhkumdur”.
Demək, hələ qədim zamanlardan insanlar başa düşür ki, musiqinin ahəng (harmoniya) və qanunlarının pozulması insanın psixologiyasını deformasiyaya uğradır, ruhunu, bədənini dağıdır, ətraf mühitlə münasibətini tamamilə korlayır.

Bir qədər diqqətlə müşahidə etsək, biz bunu öz həyatımızın ildən-ilə dəyişən birgəyaşayış qaydalarında, normalarında görə bilərik. Bu sürətli texnologiya və informasiya əsrində həyatımızın ritmi, bununla bərabər musiqinin ritmi də dəyişir, durmadan sürətlənir. İnsanlarda tam fərdiləşmə, özünəqapanma vərdişləri əmələ gəlməyə başlayıb. Məhz, bu prosesin özünəməxsus xarakterinə uyğun azömürlü musiqi nömrələri yaranır və anidən bayağılaşıb ömrünü başa vurur. Çünki zamanın sürətilə ayaqlaşa bilmir, az vaxtda psixoloji deqradasiyaya məruz qalır. Əksəriyyət təşkil edən insanılarda, vəzifəsi zövqü formalaşdırmaq olan beyin kürəcikləri, hormonlar öz yerində sayır, tənbəlləşir, getdikcə korreziyaya uğrayıb özü-özünü inkar edir və nəticədə psixoloji zədəyə məruz qalaraq fəsadlar törədir...

Bu səbəbdən də musiqi ilə elmin birgə fəaliyyəti araşdırılmaq məqsədilə gündəliyə çıxarılmalı, günümüzün ən aktual və icrası təxirəsalınmaz məsələsi kimi geniş müzakirə olunmalıdır. Hər halda bu mövzuda düşünməyə dəyər...

Gülsura İbişzadə
ADMİU-nun tələbəsi


Xəbər 8824 dəfə oxunub.




23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +