Qapı açılan kimi koridorda səs eşidən 7 yaşlı Turqut qapıya qaçır. Qapını döyənin atası olduğunu düşünür. Lakin öncəki bir neçə gündə olduğu kimi bu dəfə də gələnin atası olmadığını görüncə sakit dayanıb üzümüzə baxır. O bir neçə gündür ki, ailəsinə eyni sual verir - "Atam hanı, niyə gəlmir?" Onun həm də evə girib-çıxanlara nigaran baxışlarla verdiyi bu suala hələlik heç kimin verəcək dəqiq cavabı yoxdur.
XəzərNews.az BBC News Azərbaycancan-ın iyulun 24-də hərbi təlimlər zamanı yoxa çıxmış Mig-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin evindən hazırladığı reportajı təqdim edir:
Qohum-qonşu toplaşıb birlikdə itkin düşmüş pilotun yolunu gözləyirlər.
Həyat yoldaşı və anası onun haqqında mediaya danışmaq istəmədiklərini bildiriblər. Onlar ailə üzvlərinə Rəşad haqda danışmağın onun yoxluğu ilə barışmağa bərabər olduğunu deyiblər.
Adi iş günlərindən biri
24 iyul Rəşad Atakişiyev üçün adi iş günlərindən biri olub. Ayın 29-u ezamiyyətə çıxmalı olan pilot həmin günlərdə evdə "ezamiyyət öncəsi çox uçmaq istədiyini" deyib.
Ailə üzvləri deyir ki, o, bunu məzuniyyətdən öncə bir az çox işləyib, yayda məzuniyyətə getməyin "haqqını verməklə" əlaqələndirib.
Pilotun qayınatası Qabil Hüseynli BBC News Azərbaycancaya danışır ki, həmin gün kürəkəninin 4 təlim-məşqi olub.
Gündüz uçuşları və sonuncu - dördüncü gecə saat 10 radələrinə təsadüf edən o sirli təlim-məşq uçuşu. Üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış Rəşad Atakişiyevin təyyarəsindən cavab ala bilməyən yoldaşları bunu qərargaha xəbər veriblər.
Lakin yanacaqları az olduğu üçün onlar itmiş yoldaşlarının təyyarəsini həmin vaxt axtara bilməyiblər.
Xəbərdarlıqdan sonra yardım gəlsə də, ərazidə axtarış aparılsa da, nə təyyarəni, nə də pilotu gördüm deyən olmayıb.
Suda tapılmış təyyarə
Qabil Hüseynli deyir ki, səhəri gün davam edən axtarışlar zamanı məşq yoldaşlarının verdiyi məlumatlar əsasında 20-25 kilometrlik ərazidə akvatoriya müəyyənləşdirilib və axtarışlar başlayıb.
"Lakin iyulun 29-u axşamadək həmin ərazini şumlasalar da (axtarış zamanı detallı axtarışa şumlama deyirlər), heç bir dəmir cismə rast gəlinməyib. Ancaq həm də deyirlər ki, ilkin baxış zamanı axtarış yerində dənizdən təyyarə quyruğu hissələri və aviasiya yanacağı tapılıb: "Bu da təyyarənin dənizə düşməsi ehtimalını artırıb".
Qəzanın səbəbləri ilə bağlı ilkin ehtimallar
Rəsmilər qəzanın ilkin səbəbi kimi ailəyə "quşun təyyarənin kabinasına çırpılması nəticəsində təyyarənin suya düşməsi"ni ehtimal etdiklərini deyiblər.
Lakin ailə üzvləri Rəşad Atakişiyevin danışıqlarından xatırlayırlar ki, o həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edib. Qabil Hüseynli deyir ki, kürəkəni hər zaman gecə uçmağın yaxşı olduğunu vurğulayıb: "Deyirdi ki, gecə uçmaq yaxşıdır, çünki gecələr quş uçmur".
Ailə üzvləri deyirlər ki, onlara deyilən ehtimal səbəblərdən digər ikisi - pilotun səhhətində problemlərin və təyyarənin qəzalı vəziyyətdə olmasıdır.
Rəşad Atakişiyevin son zamanlar səhhətindən və ya ürəyindən şikayətçi olmasını evdə heç kim xatırlamır. Üstəlik, təlim-məşq toplantılarından əvvəl hərbçilərin sağlamlıq vəziyyətinin yoxlandığını da vurğulayırlar.
Lakin ailənin cavabsız qalan suallarından biri də odur ki, "özünü pis hiss edən, uzun illər uçuş təcrübəsi olan pilot 4 təlim uçuşu ərzində bu barədə niyə bircə dəfə də olsun məlumat verməyib?"
Təyyarənin nasazlığına gəlincə, Qabil Hüseynli deyir ki, Rəşad Atakişiyev həmişə təyyarə texniklər tərəfindən uçuşa hazırlanarkən azı bir saat əvvəl yoxlama yerinə gedib.
"Hazırlıq prosesində həmişə iştirak edib, təyyarənin vəziyyətini özü yoxlayıb və hər şeyin qaydasında olub-olmamasına özü nəzarət edib. Dəfələrlə olub ki, texniklərdən sonra təyyarədə texniki nasazlığın olduğunu aşkarlayıb.
Rəşad həmişə təyyarəni təhvil alar, hər şeyin qaydasında olduğunu yoxlayıb sonra imza atardı. Ancaq indi biz bilmirik ki, bu dəfə o təyyarəni yenə yoxlayıb təhvil alıb, ya yox", Hüseynli vurğulayır.
MİG-29-un sistemlərində əvvəl də problem olubmu?
Bir neçə il əvvəl təmas xətti boyunca uçmaq əmri verilmiş bir təyyarədə sistem pozuntusu olduğundan o geri qayıdıb.
2008 və 2010-cu illərdə Azərbaycanın iki hərbi təyyarəsi qəzaya uğrayıb, 2008-ci ildə 2 pilot, 2010-da bir pilot həlak olub.
2008-ci ildə qəzaya uğrayan təyyarə Xəzərin 60 kilometr dərinlikdəki hissəsinə düşüb.
Pilotun qayınanası Məhbubə xanım sual edir: "Onu çox dərinə düşüb tapa bilmirik dedilər, anladıq. Bəs, axi, deyirlər bu təyyarə 27 metr dərinlikdədir. Bunu tapmaq niyə bu qədər çətin oldu?"
Azərbaycan ordusunun 100 illiyində "Ali baş komandanın və paradın bayrağını ona etibar ediblər"
Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Ali baş komandan və paradın bayrağı Rəşad Atakişiyevin təyyarəsində olub.
Qabil Hüseynli də, həyat yoldaşı Məhbubə xanım da bir-birlərinin sözünə qüvvət verərək deyirlər ki, MİG-29-la "göydə performans göstərmək çətindir".
"Ancaq ordunun 100 illiyində o MİG-29 təyyarəsi ilə çox gözəl çıxış etmişdi. Halbuki bu təyyarələrlə o cür çıxış etmək çox çətindir. Azərbaycanda isə MİG-29-la o hərəkətləri edə bilən iki nəfər var- biri Rəşad, digəri də onun komandiri", - deyən ailə əlavə edir ki, bunu onlara Rəşad özü söyləyib.
"Rəşad haqqında keçmiş zamanda danışmasınlar"
Məhbubə xanım deyir ki, əvvəlcə onlara deyiblər ki, "Atakişiyevin kaskası tapılıb". Daha sonra isə deyiblər ki, "nəyinsə qırıqları imiş, kaskaya bənzədiblər".
Ailə isə hər bir halda ümid edir ki, Rəşad Atakişiyev sağdır və qayıdacaq. Onlar inanırlar ki, o son anda özünü xilas edib.
"Qoçaqdır, Rəşad özünü qorumaq üçün nəsə etməmiş olmaz", - qayınanası Məhbubə xanım ümidlə deyir.
Çoxlu cavabsız suallarla üz-üzə qaldıqlarını deyən ailə üzvlərinin Rəşad Atakişiyev qayıdanadək, ya da barəsində dəqiq bir xəbər bəlli olanadək bir istəyi var: Rəşad haqqında keçmiş zamanda danışmasınlar.
Söhbətimizin sonunda Rəşad Atakişiyevin şəklini istəyirik. Qayınanası Məhbubə xanım deyir ki, "ay bala, hərbçinin günü-saatımı var, vaxtımı var şəkil çəkdirməyə?!. Hərbçinin yeni şəkli toydan-toya çəkilir".
Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O, Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.
İkinci kursda oxuyanda ilk dəfə ixtisaslaşma tətbiq olunur və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olur. Seçilmiş 35 nəfərlə birgə təhsil alır, ancaq diplom alan cəmi 5 nəfərdən biri olur.
Xəbər 1678 dəfə oxunub.