20.02.2025 14:00
Xəbər saytlarına kiberhücum: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
Bu gün Azərbaycanın bir neçə aparıcı xəbər saytı – Report.az, Oxu.az, Baku.ws, Baku.tv, Media.az və Caliber.az kiberhücumlara məruz qalıb. Hazırda adı çəkilən resurslara giriş mümkün deyil. Hücumun eyni anda və eyni üsulla həyata keçirilməsi onun koordinasiyalı və məqsədyönlü olduğunu göstərir.
Kiber hücum edənlərin saytlara yerləşdirdikləri mesajlar hücumun mənbəyini müəyyən etmək üçün əsas ola bilməz.
Hücumun haradan və kim tərəfindən edildiyini müəyyənləşdirmək üçün aidiyyati qurumlar və saytların kibertəhlükəsizliyinə cavabdeh mütəxəssislər birgə araşdırma aparmalıdır.
Xüsusilə diqqət çəkən məqam odur ki, bir neçə gün əvvəl Azərbaycanın aparıcı televiziya kanallarından biri – İTV-nin saytı da kiberhücuma məruz qalmışdı. Bu ardıcıl hücumlar göstərir ki, hansısa maraqlı qüvvələr Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır.
Əlbəttə, burada texniki amillər də nəzərə alınmalıdır. Ola bilər ki, hakerlər eyni sistemə bağlı media resurslarının zəifliklərini aşkar edərək onları hədəfə alıblar.
Lakin hücumun xarakterinə əsasən ehtimal etmək olar ki, məqsəd daha çox informasiya sahəsinə təsir göstərmək, ictimai fikrə müdaxilə etməkdir.
Bəs nə etməliyik?
Genis oxucu kütləsinə malik xəbər resursları milli informasiya resurslarıdır, onların kibertəhlükəsizliyi gücləndirilməli, müdafiə sistemləri yenilənməli və mümkün hücum ssenarilərinə qarşı proaktiv tədbirlər görülməlidir.
Əks halda, bu cür hücumlar davam edə və daha ciddi fəsadlara səbəb ola bilər.
Azərbaycanda son bir neçə ildə kiber sektorda, xüsusilə də dövlət sektorunun kiber təhlükəsizliyi sahəsində çox böyük işlər görülüb.
Kritik sektorun təhlükəziliyi ilə bağlı ciddi infrastruktur qurulub və bu işlər davam etdirilir.
Amma biznes sektoru, media sahəsnin və vətəndaş cəmiyyəti sahəsinin kibertəhlükəsiziliyi ilə bağlı görüləcək işlər daha çoxdur.
Fikrimizcə, MEDİA və Elektron Təhlükəsizlik Xidməti onlayn media resurslarının kiber müdafiəsini gücləndirmək üçün daha fəal rol oynamalıdır. Ümumiyyətlə, bu qurumların onlayn media sektorunun təhlükəsizliyinin təmin etmək istiqamətindəki səylərini yetərli hesab etmək olmaz.
Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır. Yaxşı mütəxəssislər cəlb etməli, onların peşəkarlığının artırılmasına da resurslar ayrılmalıdır.
Müasir yanaşmalar kibertəhlükəsizliyə daha ciddi diqqət ayrılmasını, bu sahəyə investisiyaların yatırılmasını və daha peşəkar mütəxəssislərin cəlb olunmasını tələb edir.
Bütün bunlar isə böyük maliyyə resursları tələb edir, lakin bəzi media qurumlarının bu sahədə imkanları olmaya bilər.
Ona görə də milli informasiya resurslarının kiber təhlükəsizliyinin qorunmasına dövlət tərəfindən real dəstək verilməlidir.
Osman Gündüz
Xəbər 680 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|