27.11.2017 09:17
Azərbaycanda şizofreniya xəstələrini gizlədən ailələr var
Azərbaycanda bir çox ailələr şizofreniya xəstəsi olan yaxınını ruhi dispanserə yerləşdirməkdən boyun qaçırır. Nəticədə isə belə hallar böyük faciələrə səbəb olur. Xəstə ya özünə ziyan vurur ya da başqalarına. Ən pis halda isə həm yaxınlarına xətər yetirir, həm də özünə.
Məsələ ilə bağlı XəzərNews.az-a açıqlamasında Psixoterapevt Mübariz Həsən əvvəlcə şizofreniya xəstəliyi haqqında ümumi məlumat verib:
“Şizofreniya yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq irsi xəstəlik sayılmır, amma irsi faktorun rolu çox böyükdür.
Xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər. Çox erkən yaşlardan (3-4 yaş) 45-50 yaşa qədər. Lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Beləliklə, yaş faktoru da xəstəliyin yaranmasında rol oynayır”.
Müsahibimiz xəstələyin yaranmasında stressin də önəmli faktor olduğunu vurğulayıb:
“Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir. Maraqlıdır ki, xəstəlik nə qədər erkən və spontan, yəni provakasion faktor (səbəb) olmadan başlayırsa, proqnoz o qədər ağır olur. Beləliklə, şizofreniya xəstəliyi endogen, yəni xarici faktorlardan daha az asılı olan, daxildən gələn bir xəstəlik sayılır.
Yayılmasına görə statistikaya baxsaq, müxtəlif ədəbiyyatlarda müxtəlif rəqəmlər görə bilərik. Ortalama olaraq populyasiyada bu xəstəliyin 0,5-3% yayılmasını söyləmək olar” .
Psixoterapevt deyir ki, şizofreniya xəstələri, özlərinə qapanırlar, çox vaxt real həyatdan uzaqlaşıb, xəstə təfəkkür və qavramaları hesabına yaratdıqları bir dünyada yaşayırlar.
“Eşitmə hallusinasiyaları - xəstələrin qulağına müxtəlif insanların səslərı gəlir (qarabasma), bu səslər onlara əmrlər verə bilər, xoş sözlər deyə bilər və ya təhqir edə bilər. Sayıqlama ideyaları xəstəlik nəticəsində yaranan, korreksiya olunmayan yanlış fikirlərdir. Xəstədə məzmununa görə təqib, qısqanclıq, özünü böyütmə, təsir, cadu sayıqlamaları ola bilər. Təqib sayıqlaması olan xəstəyə elə gəlir ki, onu təqib edən, ziyan vurmaq hətta öldürmək istəyən bir və ya bir qrup şəxs var. Belə xəstələr bəzən özlərini müdafiə etmək məqsədilə düşmənlərinə qarşı hücuma keçə bilərlər. Sosial təhlükəli hərəkətlər, cinayət də törədə bilərlər. Şizofreniya xəstələri öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan dünyada yaşadıqları üçün, onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür. Belə xəstələr çox vaxt baxımsız, səliqəsiz görünür, onlarda ətrafa qarşı biganəlik, laqeydlik yaranır. Xəstəlik proqressiv davam edirsə, şəxsiyyətin tam parçalanmasına, dərin emosional iradi qüsur vəziyyətinə gətirib çıxardır.
Əgər biryumurtalı əkizlərdən birində bu xəstəlik varsa, təxminən 80% ehtimalla o birində də xəstəlik baş verir. Müxtəlif yumurtalı əkizlərdə, adi bacı-qardaşda olduğu kimi, bu faiz nisbətən aşağıdır. Lakin ümumi populyasiyaya nisbətən xeyli yuxarıdır.
Klinik formalarla gediş variantlarını sintez etsək şizofreniyanın təxmini klassifikasiyasını (növlərini) alarıq. Nəyə görə təxmini? Bu suala ən yaxşı akademik Snejnevskinin sözləri ilə cavab vermək olar. O, deyirdi:
“Nə qədər şizofreniyalı xəstə varsa, o qədər də onun forması var. Məsələn, özünü Napaleon hesab edən biri Marat və Robespyerlə ucadan mübahisə edir, Jozefinaya sevgi məktubları yazırdı”.
Mübariz Həsən valideynlərin xəstə övladlarını ruhi dispanserə yerləşdirməmə səbəblərinə də aydınlıq gətirib:
“Heç bir valideyn öz övladının nə xəstə olmasını istəyir, nədəki bu ağır xəstəlikdən xilas ola bilməyəcək fikrini qəbul edir. Bəzi ailələr imkansızlıqdan, bəziləri situasiyanın daha da ağırlaşmasından, övladına psixotrop tərkibli asılılıq yaradan dərmanların vurulmasından narahat olur . Bəziləri övlada daha bağlı olur, onun bu xəstəliyini qəbul etmir. Bu və bunun kimi çoxlu səbəblərdən ruhi dispanserə yerləşdirməkdən boyun qaçırır. Nəticədə müxtəlif faciələrlə üzləşilir”.
Psixoloq-psixoterapevt Zarina Əliyevanın sözlərinə görə, problemin kökündə xəstənin yaxınlarının bu xəstəliyi qəbul edə bilməməsi durur.
“İnsanlar ətrafdakıların bu xəstəliyi bilməsindən və yaxınlarını xəstəxanaya yerləşdirdikləri təqdirdə qohum, qonşu qınağından çəkinirlər”.
Şizofreniya xəstələyi haqqında bəzi məlumatlar:
Onlar özlərinin xəstə olduqlarını əsla bilmirlər. Əksinə, digər insanlardan daha ağıllı olduqlarına inanırlar.
Erkən diaqnoz həyati əhəmiyyət daşıyır. 85% göstərici ilə insanın bütün həyatında görülən bu xəstəlik erkən diaqnoz qoyulması və dərmanların davamlı qəbulu ilə tamamilə yox edilə bilər.
Şizofreniya xəstələri özləri özlərini qıdıqlaya bilirlər.
Şizofeniya xəstələrinin ən çox ehtiyacı olan şey sevgidir.
Kimsə kimsəni şizofren xəstəsinə çevirə bilməz.
Bu xəstəlik daha çox kişilərdə görülür, qadınlarda əksərən 25 yaşdan sonra meydana çıxmağa başlayır.
1950-ci ilə qədər şizofreniya xəstələrinin müalicəsində dərman müalicəsi yox idi. O zaman ağlasığmaz üsullar tətbiq olunurdu. Məsələn, 300-500 il öncə xəstələri körpüdə gəzdirirdilər. Sonra körpünün ortasında bir dəlik açırdılar ki, xəstə birdən-birə soyuq suya düşürdü. Bu bir “müalicə” üsulu sayılsa da, nəticəsi olmurdu və xəstə əksər vaxtlarda ölürdü.
İlk dəfə 1952-ci ildə Fransanda müalicə üçün dərman kəşf edildi.
Xəbər 1575 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|