03.07.2022 09:07
Növbəti “sionizm” qarabasması və Böyük İran sevdası
Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündən sonra İran mediasında getmiş məlumat və şərhlərdə Azərbaycan və İran tərəflərinin açıqladığı rəsmi mətnlərdə uyğunsuzluq qabardılırdı. Belə ki, İranın açıqladığı məlumatlarda İbrahim Rəisinin bölgədə sionizm təhlükəsi haqda danışması mətnin əsas vurğusu kimi təqdim olunurdu.
Görüş ərəfəsi İran dini liderinin müşaviri, sabiq xarici işlər naziri Əliəkbər Vilayətinin “Etttelaat” qəzetinə müsahibəsində də Azərbaycanda sionizm təhlükəsindən bəhs etmiş, Orta Asiya respublikaları və Azərbaycanın İsrail və ABŞ-la əməkdaşlığının İran üçün yoverilməz olduğunu demişdi. Bu müsahibə və Rəisinin dedyi bir–iki cümlənin kontekstdən ayrılaraq qabardılması eyni KİV-lər, eyni qurumlar tərəfindən kampaniya kimi yürüdüldü, vahid mərkəzli və vahid hədəfli olduğunu da deyə bilərik. Vilayəti buna bənzər iddialarla ilk dəfə deyil ki çıxış edir.
Mövzudan uzaqlaşsaq da, onun müsahibəsində nəzərdən qaçırılmamalı olan başqa bir məqama diqqət yetirməyi zəruri bilirik. O, tarixi “Böyük Mədəni İran” adlandırdıqları coğarfiyada (Pekindən Ankaraydək ərazi) yaranmış bütün tarixi mədəni abidələrin irani kimlik daşıdığını, Pazarık xalçası, Rumi və Fərabinin də irani olduqlarını iddia edir.
Mədəni –tarixi kimlik və coğrafiyalarla bağlı hər dövlətin, sivilizasiyalı xalqın öz baxışları var, buna haqları da çatır. Amma bu klerikal-militarist ekspansionist ideologemlər istehsalı, dünya və region əfkari-ümumiyyəsini manipulyasiyası məqsədilə istifadə ediləndə təhlükə mənbəyinə çevrirlir.
“Russkiy mir”, “triyedinstvo russkoqo naroda” iddialarının -bir sözlə raşizm nəzərəiyyəsinin, “Kiyev Rusiyadır nöqtə”, “Şevçenko faşistdir”, “Qoqol rusdur” və ya bütün Şərqi Anadolu, Şimali İran və Qafqazın xristian irsi ermənidir, “Qarabağ Ermənsitandır nöqtə” iddialarının hansı fəsadları verdiyini şahidiyik axı.
Ötən il Azərbaycanda Nizami Gəncəvi ilinin keçrilməsini həzm edə bilməyən qonşular artıq öz ərazilərində III Nizami beynəlxalq konfransı keçirməyə hazırlaşır. Nizami sevdasından deyil. Vilayətinin iddiasına görə, böyük mədəni İranda doğulub böyümüş hər tarixi şəxs yazı dilindən asılı olmayaraq iranidir. Yəni məsələn, Sibaveyhi mənşəcə fars olduğu üçün ərəbcə yazsa da, iranidir, Nizami mənşəcə qeyri-fars olub dari dilində yazdığı üçün iranidir, Fərabi qeyri-fars olub ərəbcə yazsa da, yeni iranidir. Əhəməni sülaləsinin saray dilləri irani olmasa da, mənşələrinin fars olması ehtimalına görə iranidir. Amma ləhmilər, kindilər, Nadir Əfşar, ya Nəsirəddin Qacar fars olmasalar da, fars dilini yaxşı danışa bilməsələr də, hətta saray dilləri farsca olmasa da, coğrafi mənsubiyyətcə iranidir və s. Belə yanaşma istisna olaraq sırf İran mədəni-siyasi elitasına xas deyil. Amma qəribəliyi odur ki, bunu hansısa ariyançı-irqçi yox, dini rəhbərin müşaviri, həm də özü qeyri-fars olan biri sistemli şəkildə səsləndirir. Yəni hansısa irqçi faşizan qrupun yox, dövlətin qonşulara baxışlar sistemidir. Üstəlik, məsələn, İqnatenko, ya Solovyovu BBC - Ukrayna xidmətinin rəhbəri kimi təsəvvür edə bilərsiz? Yəqin yox. Amma onların ariyançı versiyaları bəzi transmilli media şirkətlərinin Orta Asiya və Azərbaycan xidmətlərinə rəhbərlik edir, öz baxışlarını da təbliğ edirlər.
Bu günlər diqqət edilən digər bir yazı -“Keyhan” dakı məqalə eyni kampaniyanın davamıdır. Məqalədə dünyanın başının Rusiya - Ukrayna savaşına qarışdığı vaxt Azərbaycanda guya” şiələrə qarşı təqib”in artması haqda iddiası maraqlıdır. Sanki kimsə diqqəti Ukrayna-Rusiya savaşından yayındırıb Azərbaycana yönəltmək haqda təlimat verib.
İddia olunur ki, azərbaycanlıların tarixi kimliklərinə qayıdışı “Bakı hökumətinin” legitimliyini sual altına salacaq, ona görə də hökumət dindarlarla mübarizə aparır. Bundan sonra həmişəki kimi Azərbaycandakı konfessional nisbət mübahisələndirilir, az qala bütün Azərbaycan vətəndaşlarının öz dini kimliklərinə qovuşmaq istəyən şiələr olması iddia edilir. Lakin xüsusi vurğulanası nüans budur ki, məqalə “Keyhanın hesabatı” adlandırılsa da, əvvələn hesabat deyil, ikincisi, orijinal mətn deyil. Əsasən digər nəşrlərdə getmiş müvafiq narrativin xülasəsidir. Ola bilsin ki, tələskənlikdən vahid mətn kimi də alınmayıb və diqqət etdikdə bir mətn daxilində üç ayrı mətni fərqləndirmək olur. Yazının əsas müddəları ötən il müxtəlif nəşrlərdə, o cümlədən “Mehr “agentliyində Burhan Hişmətinin Azırbaycanda şiələrin vəziyyəti haqda, Tale Bağırzadə ilə bağlı hissələr isə Hirdad Moxayerinin bu il “qods-onlayn” və digər müxtəlif nəşrlərdə getmiş müsahibələrindəki fikirlərdən ibarətdir. Hər iki şəxs Qafqaz və Azərbaycan məsələləri üzrə ekspert kimi təqdim olunur. İran mediasında dönə- dönə təkrar dərc edildiyindən, ötən ildən bəri səsləndərilən fikirlər mexaniki qaydada bir mətndə sadalandığından hazırlanmış “hesabat” - xülasəyə Azərbaycana ünvanlanacaq əsas mesajların və həm də əleyhimizə istifadə olunacaq əsas “arqumentlərin” məcmusu kimi yanaşmaq lazım gəlir. Həmin mesaj və ittihamların nədən ibarət olması haqda əvvəlki yazılarımızda məlumat verildiyindən burda təkrarlamlrıq. Qısa məzmunu belədir –Azərbaycanlılar gecə-gündüz İrana can atır, oranı öz ana vətənləri bilir; sionistlərin təsirində olan Bakı rejimi ölkənin dini, milli kimliyini dəyişir; bu işdə ona qlobal imperializm kömək edir; şiələr “Mossad” və MİT-in sifraişilə təqib olunur və s.
İstər Vilayətinin müsahibəsi, istərsə də “Keyhan”ın tirajlanan bəlli “hesabatı” bu qaralama kampaniyasının birbaşa dini rəhbərin öz çevrəsindən yönləndirildiyinin sübutudur. Qarşıda karvan yolları (nəqliyyat dəhlizləri) uğrunda yeni əzələ nümayişləri də gözlənəndir...
Cəmaləddin Quliyev
Xəbər 8727 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|