10.08.2023 09:46
Tolerantlığı formalaşdıran amillər… - İmtiyazlı din varmı?
Bu gün Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, ölkənin inkişafı üçün fəal çalışırlar. Onlar Azərbaycanın layiqli və dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər.
Azərbaycan dövləti heç bir dinə, o cümlədən, İslam dininə də xüsusi imtiyaz və üstünlük vermir. Yəni, bütün dinlərə ölkəmizdə eyni münasibət mövcuddur. Bütün dinlərə münasibət eynidir.
Dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərin də danılmaz xidmətləri olub. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində "bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir" prinsipi xalqlar arasında səmimiyyət yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi.
Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə etməyə uğursuz cəhdlər edirlər. Amma unudurlar ki, səmimi dostluq və qardaşlıq münasibətində olan müxtəlif dini baxışlara mənsub insanlar buna əsla imkan verməzlər.
“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar” layihəsi çərçivəsində tarixin bəzi dövürlərinə ekskurs edib.
Hələ 27 may, 2001-ci il tarixdə Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın Patriarxı mərhum II Aleksiy ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir.
1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı Baş Kilsəsi bərpa olundu. Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir. Burada ibadətlər bazar və dini bayram günləri yerinə yetirilir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunub.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunub.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər Qırmızı qəsəbədə (Quba) 11 sinaqoq var idi. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərirdi. 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq qaytarıldı. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökumət nümayəndələri və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirildi.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici dövlətlərdə həmişə yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi - Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 may 2002-ci il tarixdə respublikaya etdiyi tarixi səfərini göstərmək olar. Bakıda olarkən katolik dini rəhbər Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar da, məhz, burada sığınacaq tapmışdılar.
Roma patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə oldu. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərində əsas məqsəd müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə, dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət idi. Azərbaycana gəlişindən əvvəl patriarx üç müsəlman ölkəsinə səfər etmişdir. Onun etirafına görə, respublikamızdakı dövlət-din münasibətləri, habelə, ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir.
Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan, 26 noyabr 2003-cü il tarixdə Moskva şəhərində keçirilən Cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü müsbət qiymətləndirmək olar. Adı çəkilən tarixi görüş müvafiq sənədin qəbulu ilə yekunlaşmışdır. Ondan sonra belə görüşlər artıq ənənə halını aldı.
Məlum görüşlər bu gün də davam etdirilir və ölkələrdə yaşayan müxtəlif dinin daşıyıcılarına tolerant münasibət sərgilənməsinin vacibliyi vurğulanır.
N.Niftiyev
Xəbər 5321 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|