29.07.2023 10:12
Tolerantlıq: Radikallığa səbəb yoxdur
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Heç şübhəsiz ki, bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Ölkə əhalisinin 96%-ni müsəlmanlar, 4%-ni isə digər dinlərin nümayəndələri, o cümlədən, protestantlar, pravoslavlar, alban-udin kilsəsi nümayəndələri, yəhudilər, bəhailər, molokanlar, krişnaidlər və s. təşkil edirlər.
Azərbaycan ərazisində istər dövlət qeydiyyatından keçmiş, istərsə də qeydiyyatsız fəaliyyət göstərən bütün dini icmalar arasında qeyri-islam təmayüllü dini icmalar cəmi 2% (protestantlar - 0,85%, pravoslavlar - 0,25%, yəhudilər - 0,46%, bəhailər - 0,19%, molokanlar - 0,19%, krişnaidlər - 0,06%) çəkiyə malikdirlər.
“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar” layihəsi çərçivəsində aparılan araşdırmalar zamanı aydın olmuşdur ki, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır.
Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünyagörüşlərindəki fərqlərə baxmayaraq, biri-digərinə yaxınlaşmağa vadar etmiş, bir-biri ilə yaxın ünsiyyətdə olmuşlar.
Ölkəmiz demək olar ki, hər il dinlərarası dialoqun vacibliyi haqqında keçirilən beynəlxalq konfranslara, elmi simpoziumlara və s. tədbirlərə ev sahibliyi edir. Bu baxımdan, Azərbaycan dini sərbəstlik və tolerantlığa görə qabaqcıl dünya ölkələrinə nümunə hesab oluna bilər.
Dini sahədə dialoq həm bir dini sistem daxilində, həm də müxtəlif (burada, yalnız, monoteist dünyagörüşlü) dinlərarası baş verən bir prosesdir. Deməli, ünsiyyətqurma metodu kimi, dini dünyagörüş daşıyıcılarının həm daxili, həm də xarici münasibətlər sistemində dialoq və əməkdaşlığa ehtiyacları qaçılmaz bir zərurətdir. Lakin bu və ya digər dini sistemdə dialoq və əməkdaşlıq üçün hansı zəminin mövcud olmasının din mənsublarının fəaliyyətlərində əsas təşkil edərək araşdırılması böyük əhəmiyyətə malik bir məsələdir.
Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsil dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni erməni təcavüzü yaradırdı. Onların bu işi minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, ermənilərin dini liderləri praktiki olaraq separatçı hərəkatı qızışdırırlar.
Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya, Azərbaycandan "İslam təhlükəsi" gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta, ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.
Bu gün də Azərbaycanda tolerantlıq, dinlərarası dözümlülük, hər bir şəxsin azad şəkildə dini etiqad hüququ geniş şəkildə qorunur. Minilliklər ərzində Azərbaycanda müxtəlif dinlərə mənsub vətəndaşlar dinc, bərabər şəkildə yaşayıblar və yaşamaqdadırlar. Bu sahədə heç bir qarşıdurma olmayıb.
Bu, bir tərəfdən Azərbaycan xalqının tarixi tolerantlıq ənənələrinin aydın göstəricisi, digər tərəfdən də Azərbaycan dövlətçiliyinin tolerantlığa yönəldilmiş siyasətinin nəticəsidir. Azərbaycan müstəqilliyini yaşadığı ilk anlardan ölkədə həmişə dini etiqad azadlığı olub.
"Dini etiqad azadlığı" haqqında Qanun qəbul olunub, bu qanunun təkmilləşdirilməsi üçün bir sıra əlavə və dəyişikliklər edilib. Artıq, Azərbaycanda tolerantlığın, milli-dini azlıqlara qarşı münasibətin qorunub saxlanması, dinlərarası münasibətlərin yaxınlaşması istiqamətində dövlət müntəzəm və perspektivli siyasət həyata keçirir.
Azərbaycanda gürcü provaslav kilsəsi, rus provaslav kilsəsinin yepiskopu müstəqil fəaliyyət göstərir.
Udinlərin kilsəsi təmir olunaraq istifadəyə verilib.
Cənubi Qafqazda ən böyük yəhudi sinaqoqu, məhz, Bakıda inşa edilmişdir.
Çox az sayda üzvlərinin olmasına baxmayaraq, hətta, katolik icması üçün Bakının mərkəzində kilsə tikilib.
Bütün bunlar Azərbaycanda milli azlıqların dini hüquqlarının qorunmasının bariz nümunəsidir. Ölkəmiz, tarixən, sivilizasiyaların qovuşağında yaşadığı üçün burada dünyanın böyük dinləri yayılmış, etnik-dini dözümlülük düşüncəsi formalaşmışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, ayrı-ayrı din mənsubları dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və islamın böyük xidmətləri vardır.
N.Niftiyev
Xəbər 5730 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|