AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


08.12.2022  20:06 

Dünya əzabından feyz alan – Şeyx Məhəmməd





A+  A-

O vaxt Lənkəranda 70 illik yubileyi böyük hörmət, ehtiram və təntənə ilə qeyd olunan Şeyx Məhəmməd özü haqqında təkcə bunu dedi:

-Mən bir olan Allahın qulu, Məhəmmədin ümməti, sizlərdən biriyəm.

Camaat isə Şeyx haqqında belə deyirdi:

- Şeyx Məhəmməd – cəfakeş insan və həqiqət carşısıdır...

- Necə olursa-olsun, o kişi haqqı nahaqqın ayağına verməz...

- Şeyx həzrətləri elmi-ürfan, mərifət sahibidir...

- Onun söhbətlərini, moizələrini dinlədikdən sonra həyatda yaşamağın məsuliyyətini hiss edirsən...

- Şeyx Məhəmməd böyük ustad, təvazökar insan, müdrik ağsaqqaldır...

- Nəfsini ağlına qul edən insan görmüsənmi? Əgər görməmisənsə, onda Şeyx Məhəmmədlə görüş.

Çətinliklə də olsa Şeyx həzrətləri ilə görüşdüm. Yaşından xeyli qoca görünən, xəstəhal, bu fani dünyanın əzablarından feyz almağı bacaran müdrik insana 70 illik təvəllüdü münasibətilə redaksiyanın salamını və təbrikini yetirdim...

-Hamınız sağ olun, - dedi.

Yenə də deyirəm. Elə bir yüksək məqam sahibi deyiləm ki, bu qədər ehtiram və məhəbbətin ünvanını daşıyam. Allah camaatdan razı qalsın. Onların mənə göstərdikləri bu ehtiramın müqabilində üzərimə daha böyük məsuliyyət və cavabdehlik düşür.

- Şeyx Həzrətləri, bizi, eləcə də oxucuları maraqlandıran bir neçə sualla hüzurunuza gəlmişəm.

- Mənim qəzetlərə, ümumiyyətlə mətbuata hörmətim olsa da, müsahibə verməyi xoşlamıram. Bir azdan məclis yığılacaq. Yəqin ki, mənə də söz verəcəklər. Zəhmət olmasa, sualları yazıb Hacı Müşfiqə verin. Cavabını camaatın hüzurunda alarsınız.

Beləliklə, Şeyxin söhbətindən bəzi məqamları oxuculara çatdırmaq imkanı qazandım.

Şeyx Məhəmməd deyirdi:

-...Hələ çox erkən həyatım sürgündə, Qazaxıstan çöllərində keçib. O vaxtın komsomolçuları bizə “İSLAMÇI”, “KULAK” damğası vurub “NKVD”-yə (Dövlət Təhlükəsizlik Komitəsi) təhvil verdilər. Məni rusların qabağında işləməyə məhkum etdilər...

Kimlər idi bizi təslim edənlər? Özümüzkülər. Öz doğmalarımız, od-ocaq qonşularımız. Biz soyuq Qazaxıstan çöllərində min bir məşəqqət və əzab gördük...

Yaxşı, deyək ki, imperiyanın borcu idi mənə bu əzabları versin. Köməksiz insanları, zavallı uşaqları zalımların əlinə vermək, qohum-qardaşın borcu deyildi axı...?!

Yaşadığı rejimdən, düşdüyü vəziyyətdən asılı olmayaraq insan öz ləyaqətini qoruyub saxlamağı bacarmalıdır. Hər şeydən əvvəl, insanın ruhunda insaf, ədalət deyilən ilahi-təcəlla var. O, dinindən, məzhəbindən asılı olmayaraq bütün insanlarda Böyük Yaradanın nişanəsidir.

Bu nişanələr insandan başqa heç bir canlıda yoxdur. Ədaləti və insafı itirən insan heyvani qismə aid edilir... Deyək ki, Şümrün borcu idi Səkinənin qollarını bağlasın, çünki məzhəbi ondan deyildi və məzhəb uğrunda vuruş gedirdi. Amma bir əhli-ürfan Səkinəyə o zülmün ondan birini etmiş olsaydı, onda, bu əzab birə min artardı.

Xəyanətin əzabını çəkmək çox çətin olur. Odur ki, həyat yolum çətinliklərdən keçdiyi üçün, mən əzablardan feyz almaq vərdişinə yiyələnmişəm...

Təhsilimi qənaətbəxş hesab etmirəm. Bəlkə, camaat məni bilikli adam sayır. Amma, mən özümü bilikli hesab etmirəm. Bilikli və kamil insan Xacə Nəsrəddin Tusi, Məhəmməd Füzuli, ya da Seyid Nəsimi kimi olar. Zəmanəmizdə də bilikli adamlar vardır.

Ərəb, fars, ingilis və ya rus dillərində danışmağı, yazıb-oxumağı bacarmaq hələ mərifət sahibi olmaq demək deyil. Hər bilikli adama kamil insan demək olmaz. Bilikli adam gözəl tərbiyə, ali mərifət sahibidirsə - kamildir. Eynşteyn böyük bilik sahibi idi. Amma, lazımi tərbiyə almamışdı. Bilikli olduğu üçün kütləvi qırğın silahı icad etdi. Tərbiyə almadığı üçün bəşəriyyətə fəlakət gətirdi.

Yalnız kamillik məqamında o öz səhvini başa düşdü, fəqət, gec idi.

Həyatda, emdə elə mətləblər var ki, insan onun cövhərindən xəbərdar deyil... RUH bu qismə daxildir.

Atom, Ruh, kişi nütfəsi və s. bu kimi mətləblər insanın tədqiqat nəzərindən uzaq olmalıdır.

... Növbəti sual yenə də tərbiyə ilə bağlı olduğu üçün, qısa da olsa, əlavə edim ki, hər bir valideyn nəticədə öz verdiyi tərbiyənin bəhərini yeyir. Valideyn zəhmət çəkib övladına yaxşı tərbiyə verə bilibsə, qocalıq onun üçün nəşədir, fərəhdir. Yox, zəhmət çəkməyibsə və yaxud bacarmayıbsa, onda ancaq o, özündən şikayətlənməlidir. Burada bəxtin, taleyin günahı yoxdur. Valideynin borcudur ki, övladına tərbiyəni vaxtında versin. Bu barədə zəhmət çəkməyənlər, tənbəllik edənlər bu dünyada da, axirətdə də əzab çəkəcəklər. Haqq-hesab zamanı aşağıdakı ayəyə cavab verməlidirlər: “Saxlayın, (qoruyun) özünüzü və öz əhli-əyalınızı oddan”...

Qardaş, bilirsən, torpağa toxumu səpməzdən əvvəl onu xəlbirdən keçirirsən, təmizləyirsən, düzdürmü? Nə üçün? Ona görə ki, əkəcəyin toxuma alaq qarışmasın. Ana bətni də torpaq mislindədir. Ora düşən nütfə də təmiz olmalıdır.

Eyni zamanda toxum təmiz ola bilər. Səpildiyi sahə isə yararsızdırsa, ondan da məhsul gözləmə. Bunların ikisi də əsasdır. Odur ki, deyirlər: “Ana bətnidir səadət məkanı, ana bətnidir şəqavət (əzab) məkanı.”

İnsanı xoşbəxt edən də ana bətnidir, bədbəxt edən də.

Şair yazır:

Aləmə Adəm ata, Həvva ana,
Xilqəti nəslində bunlardır bina.
...Vasitədir kuzə mislində ana
Nütfə üçün pak gərək saxlana...

Gərək kuzə təmiz ola ki, orada içməli su saxlayasan...

...Hərə öz işini görməlidir. O başqa məsələ ki, dinimə, məzhəbimə, vətənimə, xalqıma təcavüz olunarsa, ya da onun zərərinə hər hansı bir iş aparılarsa, mənim borcumdur öz etirazımı, haqq səsimi qaldıram. Əlbəttə, zimamdar, rəhbər, fərmandar, həmişə öz rəiyyətinin rifahı üçün çalışmalıdır. Əli əleyhisalam zimamdar idi. O, ancaq Qurban bayramında ət yeyərdi. Deyərdi: “...mənə çox xoşdur çilənin suyunu içmək, bir də Qurban bayramında ət yemək.” Yəni həmin gün hamı – kasıb da, varlı da ət yeyib çilə suyu içir. Bir də deyərdi ki, öz qarnınızı heyvanlara qəbr qərar verməyin, çox ət yeməyin.
Yəni, vilayətində rəiyyəti ac yatan zimamdarın gecələr gözünə yuxu gedə bilməz. Ona görə də gərəkdir ki, zimamdar rəiyyətin qayğısına qala, rəyyətin də borcudur ki, öz zimamdarını qoruya və onun hökmlərini yerinə yetirə.

Adicə bir ailədə qayda-qanun yoxsa, valideynlə övladın yeri bilinmirsə, oğul öz işini, qız öz işini görmürsə, böyük-kiçiklik, ədəb gözlənilmirsə, o ailədə həmişə söz-söhbət, dava-dalaş olar. Nə qonum-qonşu, nə qonaq-qara o evin qapısını açar, nə də süfrəsinin bərəkəti, ruzisi olar...

Söhbətin bu yerində məsciddən ucalan azan sədası insanları ibadətə, xeyir əməllərə səslədi.

Zakir ABBAS,
Əməkdar jurnalist.




Xəbər 4787 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +