13.09.2024 15:47
Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı mütəşəkkil dəstənin məhkəməsi başlayıb
Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun məhkəmə istintaqı başlayıb.
Xəzərnews.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə baxışında dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Fərhad Qasımovun vəkili müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb: “Fərhad Qasımov sentyabrın 10-da təcridxananın tibb məntəqəsində müayinədən keçib. Onun səhhəti yaxşı deyil, ürəyində stend var. Onun müalicəsi üçün təcridxananın tibb məntəqəsi uyğun deyil. Bu işlə ixtisaslaşmış həkim məşğul olmalıdır”.
Məhkəmə qısa müşavirə edib və vəsatət təmin edilməyib.
Təqsirləndirilən İkram Qasımovun vəkili isə vəsatətində bildirib ki, cinayət işi üzrə olan 853 min 771 manat dəyərində qızıl-zinət əşyaları ölkəyə gətirilən zaman Birləşmiş Ərən Əmirliklərində rəsmi bəyan edilib, lakin Bakıda yoxlama məntəqəsinə gətirilən zaman əşyalar başqa şəxsə verildiyindən bəyan olunmayıb: "BƏƏ-də fəaliyyət göstərən vəkilə notariusla təsdiqlənmiş etibarnamə verib, onun əsasında həmin sənədi ala bilərik. Bunun üçün də müdafiə etdiyim şəxs etibarnamə verməlidir".
O, məhkəmədən buna şərait yaradılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra təqsirləndirilən şəxslərə ittiham aktına münasibət bildirmək təklif olunub. Fərhad Qasımov özünü qismən təsirli bildiyini açıqlayıb. Digər ittiham olunan şəxslər günahsız olduqlarını deyiblər. Həmçinin Bahadır Qasımov ittiham aktını əsassız və şişirdilmiş sayıb.
Proses sentyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
Xəbər 4566 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|