Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?


20.07.2021  10:37 

Şuşada dalğalanır şanlı, gözəl bayrağımız...





A+  A-

(Səfər təəssüratları)
“Gözəl Şuşamızı görməyi Allah bütün arzusunda olanlara, xüsusilə şuşalılara tezliklə qismət etsin. Şuşanın hər dağı-daşı, hər ağacı, çəmənliyi, bir sözlə nəyi varsa insana “xoş gəlmisən” deyirdi.
Şuşada vəhdət və birlik əks olunur. Hər küçəsindəki divarlarda Azərbaycanımızın rayon və kəndlərinin, şəhər və qəsəbələrinin adı yazılıb. O yazıları görərkən, insan düşünür ki, Azərbaycanın birliyi və vəhdəti Şuşanı düşmən əsarətindən xilas edib. Qələbənin əsas amillərindən biri də budur. Çünki müqəddəs kitabımız olan Qurani-Kərimdə deyilir: “İxtilaf etməyin ki, işiniz nəticəsiz qalar və gücünüz aradan gedər” (Ənfal-46). İşimizin nəticəyə varmasından ötrü, gücümüzü qorumaq üçün bu vəhdət və birliyi qorumalıyıq”.
Bu sözləri müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazisi Ağa Rəşid Talıbov dedi.


Məlumat üçün bildiririk ki, Ağa Rəşid Qiyas oğlu Talıbov 22 dekabr 1975-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini, Bakı İslam Universtitetini bitirib.
2020-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazisidir. Bu təyinata kimi isə Boradigah qəsəbəsindəki “Həzrəti Əli” məscidinin imamı olub.

Bölgədə tanınmış ilahiyyatçı kimi sevilir. Bir çox elmi məqalə və araşdırmanın, eləcə də dini şeirlərin müəllifidir.



QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, o cümlədən QMİ-nin Qazilər Şurasının üzvləri, bir qrup ziyalı və millət vəkilləri ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada ikigünlük səfərdə olan Ağa Rəşid Talıbovun Şuşa təəssüratlarını öyrənməyə çalışdıq. O, söylədi:

— Aprel döyüşləri ərəfəsində belə bir beyt qələmə almışdım:

Ana yurdum, Qarabağdan duyulur nalə səsi,
Dur, Azərbaycanımın əsgəri, sındır qəfəsi,
İgid əsgərlərinin cuşa gəlibdir həvəsi,
Eşidərsən ki, könül, azad olub torpağımız,
Şuşada dalğalanır şanlı, gözəl bayrağımız.


Çox keçmədi ki, Qarabağdan qələbə səsini eşitdik. Payız fəsli ikən çəmənində, düzündə xarıbülbül axtaran gözlərimiz Şuşadan pərişan geri dönmədi. Şükürlər olsun Allaha – nəsibimiz Zəfər oldu...

Biz də Şuşaya Zəfər yolu ilə – igid əsgərlərimizin acdığı yolla getdik. Yolboyu qəhrəman oğullarımızın o alınmaz qalanı sıx meşələrlə, dağ-dərələrlə, sıldırım qayalarla irəliləyərək necə fəth etmələri sanki gözlərimiz önündə canlanırdı. Şəhərə çatar-çatmazda çox qəribə hisslər keçirirdim. Sanki sevinclə kədər arasında qalmışdım: Min bir can bahasına alınmış o torpaqların hər qarışına, hər daşına qanı tökülmüş oğullarımız yada düşdükcə kədərlənirsən. Sevinirsən ki, 30 il həsrətində olduğuna qovuşursan. Bu hisslər fikrimə, ruhuma hakim kəsildikcə, sanki yuxudaymış kimi özümdən uzaqlaşırdım. Həmkarlarımın təəccüb dolu baxışlarından hiss edirdim ki, mənə ünvanlanmış sualları cavabsız qalıb. Həsrətin bitdiyi, arzuların gerçəkləşdiyi iftixar, qürur dolu anlar. Bunu sözlə ifadə etmək çətindir...

Əvvəlcə təməli bu il mayın 12-də Respublika Prezidenti İlham Əliyev tərəfindən qoyulan, dini ocaq və modern memarlıq nümunəsi olacaq Şuşa məcsidi ərazisində olduq, Qazançı kilsəsində aparılan inşaat işləri ilə maraqlandıq. İşğal illərində dağıntılara məruz qalan Saatlı və Aşağı Gövhərağa məscidlərini ziyarət etdik. Şuşaya səfərimizin ilk günü Cıdır düzündə yekunlaşdı. Buradan Qarabağın tacı olan Şuşanın möhtəşəm təbiət mənzərələrini, Xankəndini, Əsgəranı seyr etdik.
Yuxarı Gövhərağa məscidində namaz qılıb, dualar oxuduq, Quran tilavət elədik. Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Zəki Yavuz Yılmaz “Yasin tapşırma” duası oxudu, şəhidlərimizi yad etdik.



Erməni işğalçılarının Qarabağdakı məbədlərimizə, memarlıq və arxeoloji irsimizə qarşı barbarlığı ilə rastlaşanda hansı hissləri keçirdiniz?

—Dövlətimizin başçısı Şuşada olarkən dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar vermişdi: “Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb”.
Tanınmış şəxsiyyətlərimiz Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, Xan qızının vaxtilə yaşadığı, indi isə yalnız uçuq divarları qalmış sarayına ürək ağrısı ilə baxdıq. Məhz iki qardaş dövlət rəhbərləri tərəfindən Şuşa bəyannaməsinin imzalanma mərasiminin arxa fonunda erməni vəhşiliyinin nümunəsi olan dağıdılmış bu tikilinin nümayiş etdirilməsi heç də təsadüfi seçilməmişdi – dünyaya müvafiq mesajlar verildi. Qeyd edək ki, Azərbaycanda ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi də bu evdə fəaliyyətə başlayıb.
Uşaqlıqdan Qarabağdan söz düşəndə ilk ağlımıza gələn Xan əmi, Üzeyir bəy və digər karifeylər olub, Şuşa yaddaşımıza Qafqazın konservatoriyası kim hopub. Şair demişkən:

Döysən Qarabağda körpə uşağı,
Muğamın üstündə ağlar, deyiblər.


Bəli, erməni vandalizminin şahidi olan bu güllələnmiş büstlər qorunurdu ki, nə vaxtsa öz doğma ünvanına qaytarılacaq. Və bizdə də əminlik var idi ki, gec-tez o torpaqlara qayıdacağıq. Eyni zamanda, bu amal uğrunda təbliğatımızı, mübarizəmizi bir gün belə dayandırmamışıq. Çünki ana dediyimiz Vətən düşmən tapdağında qala bilməzdi.

— Bu səfərin multukultural dəyərlər baxımından önəmi barədə fikirlərinizi bilmək istərdik.

— Bütün dövrlərdə multukultural və tolerant dəyərlərə sadiqliyimizi nümayiş etdirmişik. Səfər zamanı bizimlə olan Azərbaycandakı Dağ yəhudiləri və Bakıdakı Avropa yəhudiləri, Alban-udi dini icmalarının rəhbərləri, Roma-Katolik və Rus Pravoslav kilsələrinin nümayəndələri də ölkəmizdə ayrı-ayrı xalq nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, bütün inanc və mədəniyyətlərə qarşı hökm sürən tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayırdılar.

Bu murdar qonşular təkcə bizim xalqla deyil, mədəniyyətimizlə, tariximizlə düşmənçilik edir. Onlar hətta öz dinləri ilə də düşməndir. Azğın separatçılar nəinki beynəlxalq qanunları, eyni zamanda bütün səmavi-dini qanunları, bəşəri dəyərləri tapdalayırlar. Hörmətli şeyximiz Hacı Allahşükür Paşazadənin qeyd etdiyi kimi: “Bütün dinlər insanları sülhə, qardaşlığa çağırır, dindən, kilsədən öz siyasətin üçün istifadə etmək olmaz. Lakin şahidi olduq ki, erməni kilsəsinin rəhbəri xalqı qırğına çağırırdı, keşişlərinin əlində İncil yox, “Kalaşnikov” avtomatı var idi, bu, qəbul olunmazdır. Azərbaycan dövlətinin Prezidenti həmişə sülhə çağırır.”

— O torpaqlara böyük qayıdışı, Şuşaya yeni həyatın bəxş edilməsini, dilbər güşələrdəki dirçəlişi necə xarakterizə edirsiniz?

— İşğaldan azad edilən torpaqlarımız, o cümlədən Şuşa qayıdış üçün öz əzəli-əbədi sakinlərini gözləyir.



Bu il aprelin 7-də Ağdam şəhərində səfərdə olanda qəribə təbiət hadisəsi ilə rastlaşdım. Baharın gözəl çağında ağacların əksəriyyəti qurumuşdu. Sanki bu yanmış ağaclar da ermənilərlə üsyana qalxmış kimi öz sahiblərini gözləyirdilər.
İnsana xoş təsir bağışlayan ətraf mühitə insan da xoş təsir bəxş edir. Yəni, bizi sağlamlaşdıran təbiəti, bizim pak nəfəsimiz və əməllərimiz də gözəlləşdirir. Məhz ona görə, insan nəfəsi dəyməyən evlər daha tez dağılmağa məhkumdur. Ağdamda da düşmənin kirli və üfunətli nəfəsi ağacların qurumasına belə təsir edib. Yoxsa, odlu müharibə olmayan bir yerdə hər üç-beş ağacdan birinin quruması nə ilə əlaqədardır?
Müqəddəs Şuşamızda təbiətin canlanması, ora insan nəfəsinin toxunuşu ilə bağlıdır. Çünki torpaqlarımız 30 ilə yaxın idi ki, nəinki fiziki işğala məruz qalmışdı, eləcə də o doğma yerlər əsl insan nəfəsinə həsrət idi. İndi o nəfəs qayıdıb. Yay fəsli, təbiət öz axarına qayıdıb, hər yan yamyaşıl. Bu torpağın hər daşı, şəməni, hər ağacı, hər gülü-çiçəyi əsil sahibini tanıyırmış kimi səni salamlayır...
Kəbə, Kərbəla və digər ziyarətlərdə olanlar kimliyindən asılı olmayaraq, biri digərinə xidmət etməyə çalışır. Bu mənəvi halı təkrar Şuşada yaşadıq. Orda da dövlət məmuru, alim, din xadimi, jurnalist, fəhlə və digərləri arasında heç bir fərq bilinmirdi. Hamı bir-birini bağrına basaraq qucaqlayır, əzizləyir...

Şuşaya təzə köçmüş ailələrlə, orada təmir-tikinti işləri aparanlarla görüşüb söhbətləşdik. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla, əslən şuşalı olan şəhər Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Səməd Məhərrəmovla, polkovnik Elşad Əbilovla və bir neçə səmimi, diqqətcil insanla tanışlıqdan məmnun olduq.

Artıq Şuşaya həyatın qayıdışını, doğmalığı hiss etməyə başlayırsan. Gəzib-dolaşdıqca bir daha əmin olursan ki, bu qədim şəhər əvvəlkindən də gözəl olacaq.
Ali Baş Komandanımızın, qüdrətli Ordumuzun, sarsılmaz milli birliyimizin sayəsində ən ağrılı dərdimizə məlhəm tapıb, torpaqlarımızı işğaldan azad etdik. Bizə məxsus olanı özümüzə qaytardıq. Demək, bu gözəl günləri görmək üçün yaşamağa dəyərmiş.
Şuşa əbədilik bizim yurd yerimiz, məskənimiz olacaq.


Akif AĞAYEV / Masallı

Xəbər 7506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi


BÜTÜN XƏBƏRLƏR +