27.06.2023 14:33
Qorxu içindəki zəif Putin və “yeriyən ölü”yə çevirilən Priqojin
Rusiyanın Ukrayna müharibəsini uduzması qaçılmaz görünür
“Eurasia Group”un prezidenti Ian Arthur Bremmer (1969) ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan 1998-ci ildə yaranmış “Eurasia Group”un rəhbəridir. Ana tərəfdən erməni olan bu şəxs italyan və alman əcdadlara da sahibdir. O, daha çox siyasi risklərlə bağlı proqnozlar verir və bir çox şirkətlər onun məsləhəti ilə bu və ya digər ölkəyə yatırım qoyur.
Mərkəzi Nyu-Yorkda yerləşən “Eurasia Group” “www.eurasiagroup.net” saytına da sahibdir. Rusiyada baş verən hərbi qiyam tipli qeyri-standart hadisələrin dəyərləndirilməsi üzrə mütəxəssis olan Ian Bremmer kabel və peyk vasitəsilə yayımlanan ABŞ-ın biznes xəbərləri telekanalı “CNBC”yə (Consumer News and Business Channel) Rusiya olayları ilə bağlı açıqlama verib. “Russian mercenary chief Prigozhin is a ‘dead man walking” (Rusiyanın muzdlu ordu komandiri Priqojin “yeriyən ölü”dür) adlı məqalədə Ian Bremmer deyir ki, Rusiyanın muzdlu hərbi birləşməsinin komandiri Yevgeni Priqojin Vladimir Putinə qarşı uğursuz üsyana rəhbərlik etdikdən sonra “yeriyən ölü”yə çevrilib: “Bir neçə aydan sonra o, hələ də sağ qalmış olarsa, mən buna çox təəccüblənərdim”.
Siyasi ekspert bildirir ki, Vladimir Putinin iqtidarda olduğu 23 ildə Yevgeni Priqojinin təşkil etdiyi hərbi qiyam onun üçün ən ciddi və real təhlükə idi. Belə ki, Putin dəfələrlə mülki şəxslərin etirazı ilə qarşılaşmım və etirazları asanlıqla yatırmışdı. Bu dəfə isə tam fərqli-silahlı etiraz forması ortada idi.
“Putin Priqojinin ona etdiklərindən qat-qat az pislik edən müxalifləri həbs edib və öldürüb”, - Bremmer əlavə edib. “Putinin ona lazım olandan daha çox yaşamağa Yevgeni Priqojinə icazə verməsi mənim üçün ağlasığmazdır”.
Məqalədə vurğulanır ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə edilən razılaşmanın bir hissəsi olaraq Priqojin qiyamın dayandırılması müqabilində Belarusa sürgünə gedəcək. Dövlətin nəzarətində olan “TASS” agentliyinin məlumatına görə, Kreml Priqojinə qarşı cinayət işinə xitam verəcək.
"Aydındır ki, bu, prezident Putin üçün görünməmiş zəiflik səviyyəsini göstərir", Bremmer deyir.
“Ancaq eyni zamanda, Putin misli görünməmiş sınaqdan keçdiyi məqamda, Rusiya ordusundan, Rusiya hökumətindən və rus oliqarxlarından bir nəfər də olsa aradan çıxmadı”. Ian Bremmer fikrincə bu, bir daha göstərir ki, Putinin iqtidardan tezliklə gedəcəyini düşünmək sadəlövhlük olardı.
““Vaqner” döyüşçüləri Putinin Ukraynaya qarşı müharibəsində mühüm qüvvə olub və şərqdəki Baxmut şəhərinin ələ keçirilməsində əsas rol oynayıb”. Bu məsələyə də məqalədə xüsusi diqqət yetirilib.
“BBC” isə yazır ki, “Vaqner”in Telegram kanalı bildirib ki, hərbi birləşmə hər döyüşçüyə ayda minimum 240 000 rubl (2.843 dollar) təklif edir. Bu təklif Rusiyanın kasıb bölgələri üçün xüsusi ilə cəlbedicidir...
“Vagner”in Novosibirsk şəhərindəki ofisi şənbə günü bağlanmışdı, lakin bazar ertəsi ofis yenidən fəaliyyətə başlayıb. Qərb mənbələri belə deyir. O da vurğulanır ki, rəsmi Kremlin bəyanatına baxmayaraq Priqojinlə bağlı qaldırılmış cinayət işinin istintaqı davam edir.
Avropa İttifaqına bağlı “euobserver.com” saytı isə yazır ki, Priqojinlə əlaqəli heç bir illüziya olmamalıdır: o, nə Rusiyanın Ukraynaya təcavüzünün əleyhdarıdır, nə də demokratik dünyanın dostudur: “Onun Rusiya həbsxanalarından cəlb etdiyi peşəkar qatil və cinayətkarlardan ibarət “Vaqner” qrupu Ukraynadakı ən qeyri-insani və iyrənc müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Onun Rusiya hərbi rəhbərliyinə qarşı hücumları rus döyüş maşınının daha səmərəli olmasına yönəlib”.
“Euobserver.com” saytı yazır ki, Rusiya əhalisinə rəsmi Kremlə etimad göstərməmək düşüncəsini aşılayan antikorrupsiya fəalı Aleksey Navalnı və onun komandasından fərqli olaraq, Priqojin Putin rejiminin içindən çıxan üsyançı kimi görünürdü və ona görə də ona Kremlin özü tərəfindən legitimlik verilmişdi.
O da qeyd olunur ki, Rusiyada sosial ədalətsizliyə qarşı artan qəzəb aydın görünür, belə bir fonda baş verən hərbi qiyam həm də Putinin qorxaqlığını və onun rejiminin tam zəifliyini ortaya qoydu. Eyni zamanda, Rusiya əhalisi səssizliyini sona qədər qoruyub saxladı, heç kim Kremlə sadiqliyini nümayiş etdirmək üçün küçələrə çıxmadı.
Hərbi qiyamın Rusiya-Ukrayna savaşına təsirinə gəldikdə isə “daha vacib olan odur ki, Priqojinin üsyanı rus əsgər və zabitləri arasında onsuz da aşağı olan əhval-ruhiyyəni kəskin şəkildə sarsıtdı. Bu isə Rusiyanın Ukraynada hərbi məğlubiyyətini şərtləndirən əsas amillərdən birinə çevrilə bilər”.
Elbəyi Həsənli,
Sürix
Xəbər 1573 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|