24.01.2022 15:08
“Yeniavaz.com” saytı AÇIQLAMA yaydı
“Yeniavaz.com” saytı Baş Prokurorluq tərəfindən başlanan icraat üzrə həbs edilən Namiq Əliyevin onların əməkdaşı olmadığı barədə açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, yayılan məlumatda qeyd edilib ki, “Yeniavaz.com” (“Yeniavaz.az”) xəbər saytının Namiq Əliyev adında əməkdaşı mövcud deyil.
Bundan əlavə sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib.
Eyni zamanda hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, Baş Prokurorluq bu gün səhər belə bir məlumat yayıb:
Aparılan yoxlamalar ilə ictimai-siyasi sabitliyin pozulması, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi güdən paylaşımların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunmuş, onların barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Bildirilib ki, sosial media istifadəçiləri Mirzəli Yalçın Yaşar oğlu, Hüseynov İlham Telman oğlu, Abbaslı Nizami Əsədulla oğlu, İsayev Əfqan Ənvər oğlu və Azadov Rasim Əlif oğluna gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı “Prokurorluq haqqında” qanunun 21-ci maddəsində nəzərdə tutulan qaydada xəbərdarlıq edilib.
Əliyev Namiq Səməd oğlu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3.9-cu bəndi ilə yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etməyə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı “Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə göndərilmişdir.
Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Öz növbəsində Namiq Əliyevin “Facebook” sosial şəbəkəsində ona məxsus olan “Yeniavaz.az” səhifəsində yuxarıda təsbit olunan informasiyanı götürməməsinə görə hüquqi şəxs “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Baş Prokurorluq internet informasiya ehtiyatlarının istifadəçilərinə müraciət edərək virtual məkanda qanunvericiliyin tələblərinə dönmədən riayət etməyə, həmçinin ictimai müzakirələrin qanun çərçivəsində və etik normalarına uyğun aparılmasını tələb edir. Əks halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.
Xəbər 1842 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|