Türkiyədə yeni hökumət kabineti haqda yazımın İbrahim Kalınla bağlı hissəsinin maraq doğurmasını nəzərə alıb mövzuya aydınlıq gətirmək üçün bir-iki qeydimi də əlavə edirəm.
Kalın da, onun indiki postunu tutmuş sələfi də şəxsi həyatlarını mediaya mümkün qədər qapalı saxlayıblar, o postlar üçün bu, normal haldır. Amma onun musiqiyə, Azərbaycan musiqisinə marağı bilinən haldır, gizli deyil. Ələvi əsilli ziyalılarla təmasları, onlarla AKP iqtidarı arasında vasitəçi olmaq, AKP haqda təsəvvürləri müsbətə dəyişmək üçün çalışması, ələvi subkulturasına marağı da sirr pərdəsi örtülmüş bir şey deyildi.
Ərzurumun, o cümlədən Kalının ailəsinin yurdu olan İspir mahalının ailə- məişət dilinin Azərbaycan və Türkiyə türkcələri arasında keçid dialekti olduğu, yaşlıların danışığının daha çox Azərbaycan dilinə, gənclərin danışığının daha çox Türkiyə türkcəsinə yaxın olması da yeni bilinən fakt deyil.
Belə keçid dialektlər qohum dillərin kəsişdiyi ərazilərdə geniş yayılmış haldır. Məsələn, belarusların ruslarla qarışdığı ərazilərdə tarasyanka, ukraynalıların ruslarla qarışdığı ərazilərdə surjik deyilən keçid dialektlər var. Çex və polyak dillərinin (Sileziya dialekti), Cənubi Fransada katalon və fransız dillərinin, hətta 19-cu əsrə qədər eyni dil sayılan Qalisiya və portuqal dillərinin kəsişmə ərazilərində belə dialektlər yayılıb.
Əlavə olaraq, yeni müdafiə naziri
Yaşar Gülərin atası bayburtludur. Bayburt ləhcəsi dedikləri diallekt də Azərbaycan türkcəsidir. Keçmiş mədəniyyət naziri Kamal Zeybək Bayburt haqda bir yazısında "Azərbaycan mədəniyyəti ilə süslənmiş vilayət" deyə bəhs edirdi (özü də bayburltudur). Bir müddət Bayburtda sırf Azərbaycan mədəniyyətini təbliğ edən radio da açılmışdı. Y.Gülərin özünün doğulub böyüdüyü Ərdahan isə Qarsla bərabər 20-ci əsrin 20-ci illərinə qədər Azərbaycan dilinin hakim olduğu ərazilər idi.
Amma bəhs olunan şəxslər haqda
"gizli azərbaycanlılar" kimi bəhs etmək bir az zarafata bənzəyir. Məndə onların belə altkimlik daşıyıcısı olmaları haqda hər hansı məlumat yoxdur.
Azəri (azərbaycanlı) altkimliyi daha çox cəfəri, kürəsünni dini icmalarının mənsubları, müəyyən qədər 1920-40-cı illərin mühacir ailələrinin nəsilləri, tərəkəmələr, qarapapaxlar və 19-cu əsrdə mühacirət etmiş şirvanlılar arasında yayğındır.
Söz açdığım şəxslərin mənşələrinə gəlincə, bu barədə izlədiyim və etibar etdiyim türk mənbələrinin heç birində fərqli fikir yoxdur. Onlar Türkiyə Konstitusiyasının tərif verdiyi türklük anlayışı çərçivəsində milli şüurun daşıyıcılarıdır, mənsub olduqları siyasi etnosun (Türkiyə türklüyünün) çox dəyərli nümayəndələri, olduqca keyfiyyətli dövlət adamlarıdırlar.
Və unutmayaq ki, siyasi düşərgəsindən asılı olmayaraq türk siyasətində üzdə olan şəxslərin mütləq əksəriyyəti Azərbaycanın dostlarıdır, kiminsə həm də bizim mədəniyyət və tarixlə bu və ya digər əlaqəsinə görə isə sadəcə qürur duymaq olar.
Cəmaləddin Quliyev
Siyasi şərhçi
Xəbər 1364 dəfə oxunub.