04.09.2022 12:05
“Niyə 102-yə zəng edirsən?” - Başıma sillə-yumruq...
“Bölmə rəisi məni qarşısında zorla diz çökdürdü, başıma sillə-yumruq ilişdirdi, qışqırdı ki, niyə bir şey olan kimi 102-yə zəng edirsən? Niyə məni də, naziri də bezdirirsən? Sənin qanununa da, sənin hüququna da… Göytəpədə qanun da mənəm, hüquq da mənəm”.
XəzərNews.az Meydan TV-yə istinadla xəbər verir ki, Cəlilabad rayonunun Mugan kənd sakini Tərlan Ağayevin şikayəti Göytəpə polis bölməsinin rəisindəndir. O, bildirib ki, ailəsinə məxsus pay torpağının zəbt olunması və orada zəbtedən tərəfindən tikinti işləri aparılmasıyla bağlı uzun müddətdir ki, məhkəmə, polis orqanlarına şikayət edir. Nəticədəsə özü təzyiqlərə məruz qalır.
Tərlan Ağayev iddia edir ki, iki ildən çoxdur buna görə məhkəməyə də müraciət edib. Ancaq rayonun vəzifəli şəxsləri məhkəməyə təzyiq göstərdiyi üçün hakim işi uzadır.
“Şikayətçi olduğuma görə əvvəlcə danladı, sonra döydü”
Şikayətçinin sözlərinə görə, bu ilin mayında mübahisəli torpaq sahəsində zəbt edən şəxslər tərəfindən tikinti başlayıb. O da bununla bağlı dəfələrlə DİN 102 Xidmətinə məlumat verib. Əvəzindəsə özünü polis şöbəsinə çağırıb təzyiq göstəriblər:
“Mayın 11-də məni Cəlilabad rayon Göytəpə Polis Bölməsinin sahə rəisi Fərasət Azadə çağırdı. Düşündüm ki, yəqin şikayətim araşdırılır. Getdim, dedi, 102-yə şikayət etmisən, izahat yaz. Yazdım. Məni bölmə rəisi Asif İmanovun otağına apardı. Asif İmanov 102-yə şikayət etdiyim üçün məni danladı, sonra da əmr etdi ki, qollarımı qandallasınlar. Qollarım qandallandı, bölmə rəisi məni həm danlayır, həm də söyürdü. Məni zorla diz çökdürdü, başıma sillə-yumruq ilişdirdi, qışqırdı ki, niyə bir şey olmamış 102-yə zəng edirsən? Ded ki, bundan sonra bir yerə zəng eləsən, bir yerə şikayət yazsan, sənin gününü qara edəcəm. Polislərə göstəriş verdi, dedi, ağlı başına gəlməyənə kimi bunu bölmədən çölə buraxmayın. Məni 1 sutka qollarım qandallı vəziyyətdə bölmədə saxladı”.
Hakim protokolu ləğv edib
Deyir, növbəti gün onu məhkəməyə aparıblar. Məhkəmə Cəlilabad Rayon Göytəpə Polis Bölməsi əməkdaşlarının tərtib etdiyi inzibati protokolu ləgv edib, onu azadlığa buraxıb.
“Hakim Cəlilabad RPŞ-nin təhqiqatçısı İlkin İsmayılovun Göytəpə Polis Bölməsinin rəisi Asif İmanova yazdığı raportu gördü. Həmin raportla bölmədə tərtib edilmiş protokolu tutuşdurdu, baxdı ki, raportda mənim tikintinin qarşısını almaq istəyəndə hücuma və təhqirə məruz qaldığım göstərilsə də, protokolda əksi yazılıb. Polis bölməsində tərtib olunmuş protokolu ləğv etdi”.
“Vətəndaşları üz-üzə qoyurlar”
Tərlan Ağayev deyir, əslində tərəfləri qarşı-qarşıya qoyan elə məhkəmə və məmurlardır. İki ildən çoxdur ki, məhkəmə məsələyə hüquqi qiymət vermir və işi uzadır. Məhkəmənin mübahisəli sahədə tikinti aparılmasına qadağa qoyan qərarı olsa da, qərar icra edilmir:
“Əslində tikintinin qarşısını icra məmuru və polis almalıdır. Ancaq vəzifələrinə düşəni etmədikləri üçün məcburam ki, özüm torpağımda gedən tikintinin qarşısını alım. Onda da polis rəisi tutub, aparıb döyür, o tərəfdəsə tikinti davam edir. Bu da o deməkdir ki, qarşı tərəf rayondakı məmurların pulunu verib, özbaşınalığını davam etdirir. Belə olmasaydı, məhkəmə qərarıyla tikinti aparılması qadağan edilən sahədə hamının gözü qarşısında tikinti aparılmazdı. Mən buna başqa ad qoya bilmirəm”.
Sahə rəisi cəzalanıb, bəs rəis?
Tərlan Ağayev Göytəpə Polis Bölməsiin rəisi tərəfindən döyülməyə və təhqirə məruz qalması, barəsində saxta protokol tərtin edilməsiylə bağlı daxili işlər nazirinə müraciət edib. Nazirliyin Baş istintaq və Təhqiqat İdarəsindən ona gələn cavab məktubunda bildirilib ki, onun müraciəti baxılması üçün qurumun Baş İctimai Təhlükəsizlik İdarəsinə göndərilib. Nəticəsi barədə ona həmin idarə tərəfindən məlumat veriləcəyi də bildirilib. Cəlilabad Rayon Polis Şöbəsindən vətəndaşa gələn məktubdasa qeyd olunub ki, onun DİN-ə etdiyi müraciət şöbədə araşdırılıb. Onun barəsində əsassız protokol tərtib etidyinə görə Göytəpə Polis Bölməsinin sahə rəisi Fərasət Azadə intizam məsuliyyətinə cəlb edilib. Ancaq nazirlik də, polis şöbəsi də vətəndaşın Göytəpə Polis Bölməsinin rəisi Asif İmanovla bağlı etdiyi şikayətin üzərindən sükutla keçib.
Tərlan Ağayev polis rəisinin əməllərinin araşdırılmasını və hüquqi qiymət verilməsini tələb edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Tərlan Ağayevin öz qonşusuyla torpaq mübahisəsi var. O, bununla bağlı polis orqanlarına müraciət edib, polis orqanlarına dəvət olunaraq onunla izahedici söhbət aparılıb, bildirilib ki, bu məsələnin həlli polisin səlahiyyətinə aid deyil, tövsiyə olunub ki, məhkəməyə müraciət etsin:
“Ancaq Tərlan Ağayev deyib ki, polis qarşı tərəfin maraqlarını müdafiə edir. Əgər məsələ həll olunmasa, polis orqanlarında təzyiqə məruz qalmağımla bağlı şikayət edəcəm. DİN 102 qaynar xəttinə şikayətlər edib, həmin şikayətlər yoxlanılsa da, təsdiqini tapmayıb, vətəndaşın iddiaları əsassızdır”.
Xəbər 2668 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|