20.11.2023 13:09
Ağdam günü... - Gününü tərif edirəm, günün mübarək
Ağdamdan danışacağam bu gün. Həmin Ağdamdan ki, erməni işğalından əvvəl 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşirdi.
O Ağdamdan ki, Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb, ilk şəhidimiz bu rayondan olub.
O Ağdam ki, Azərbaycanın on milyon əhalisinin döyünən ürəyi Qarabağın mərkəzində yerləşib, düşmənə çəpər olub, o qədər gözdağı, vahimə verib ki, əzəmət dolu şəhəri bir daha dirçəlməməsi üçün yerlə-yeksan ediblər: hər zərrəsindən çəkiniblər, hər qarışından qorxublar. Ağdamın minillik keşməkeşli tarixdən keçən qədim tarixi abidələrini yox etmək bahasına məskən salmağa da qorxublar.
Pisliyin özünə qaldı, mənfur yağı…
Sən Ağdamın bir daşına da layiq ola bilməzsən, Ağ dam, Ağ ev, Kiçik qala şəhərindən nə anlarsan sən?
Yaxşı ki anlamamısan da…
Keçmiş ola, bu gün səndən danışmağa vaxtım yoxdur, Qarabağım üçün çırpınan qəlbimin əmri ilə doğma yurddan yazacağam.
Yaradanın əmri, sərkərdəmizin əzəməti, ordumun gücü ilə bizə qayıdan, bizim olan əzəli və əbədi torpaqlarımızın hər qarışı əzizdir, hər zərrəsi doğmadır, hər bölgəsinin ayrıca bir özəlliyi var qəlbimizdə.
Ağdama tərifə nə hacət, biz ki bələdik bu torpağın qüdrətinə.
Xan Qərvəndi, Evoğlu, Ətyeməzli, Çəmənli, Gülablı, Qızıl Kəngərli, Muradbəyli, Nəsirbəyli, Nəmirli, Şahbulaq, Mərzili, Həsənxanlı, Birinci Yüzbaşılı, Alıbəyli, Bəybalalar, Böyükbəyli və daha saymadıqlarım onlarla mahalın qüdrəti adından bəlli deyilmi?
Xan ocağı, bəy yurdu torpağımız əzəmətini itirmədin, gücünü də bərpa edəcəksən, xan süfrəsində böyüyən, bəy qürurlu camaatın sənin hər daşını yenidən tikəcək, hər gülünü yenidən göyərdəcək, çiçək açacaqsan, inşallah.
Gününü tərif edirəm, günün mübarək,daim olsun, daim olsun.
Qarabağlı Pənahəli xanın qüdrətindən, ağ daşdan tikdirdiyi imarətindən ilham alıb “Ağdam” adını alan, günəş şüaları ilə nurlanmış işıqlı, ağ evimiz.
Səni Tərtərimə qardaş bildim, Şuşama arxa bildim, Xocalıma ümid bildim, babalarımızın yurdu bildim, son nəfəsinəcən döyüşən, son nəfərinədək şəhid olan, Ağdam şəhərim, adam şəhərim.
Ağ üzümüz, alın yazımız, düşmənə dərd obyektimiz, məğrur şəhərimiz, günün mübarək olsun. Səni bizə verən qüdrətə də, geri qazandıran bütün əməllərə də canımız fəda, əzəmətinə min şükür.
Varlığına, hər qarışına, torpağına, daşına, şah oğlu şah ocağına, bizim olduğuna, bizə döndüyünə min şükür.
Aldığın azad nəfəslə yenidən doğulan Qarabağım, qarabağlılarım, bütün soydaşlarım, qələbə dolu hər günümüz mübarək.
Gülər Mübariz
Xəbər 4588 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|