Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


19.07.2023  15:33 

Kərbəla hadisəsinin sosial-fəlsəfi mahiyyəti





A+  A-

Məhərrəm ayı yaxınlaşanda müsəlman aləmi, xüsusən də şiələr Kərbala vaqiəsini çox yüksək səviyyədə qeyd edirlər. Hər yerdə olduğu kimi Azərbaycanda da insanların qan yaddaşına hopan bu hadisənin qeyd olunması sanki vacib bir əməl kimi formalaşıb.

Məhərrəm ayı daxil olanda İmam Hüseyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: “Hüseyn və zillət?! Hüsyen heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik”. Bu sözlər şəhidlər ağasının - İmam Hüseynin (ə) qanla yazdığı sözlərdir və Qiyamətə qədər yaşayacaq. Necə ki, yaşayır…

Sovet dönəmində İmam Hüseynə (ə) yas saxlamaq, çəkdiyi müsibətləri xatırlamaq, ağlayıb göz yaşı tökmək yasaq olduğu halda ata-babalarımız bu ənənəni qorumuş, bü mərasimi gizli də olsa yaşatmışlar. Şükürlər olsun ki, artıq müstəqillik şəraiti belə yasaqları aradan götürmüş, ölkəmizin bütün məscidlərində və ayrı-ayrı təkyələrdə müsəlman bacı və qardaşlarımız bu mərasimi azad şəkildə keçirirlər. İmam Hüseynsevərlər (ə) harda olursa-olsun ona yas tutur, onun və Əhli-Beytinin çəkdiyi zülm və sitəmlərinə kədərlənir, bununla da o böyük müsibətə şərik olurlar.

Başqa illərdən fərqli olaraq dövlət rəhbərimiz yeni ilə təsadüf edən bu ilki məhərrəmlik mərasiminin keçirilməsinə böyük hörmət əlaməti olaraq bayram şənliklərinin təxirə salınması barədə göstəriş vermişdi. Bu müsəlmanların dini inancına böyük mənəvi dəstək oldu. Bu da ilk növbədə ümummilli lider Heydər Əliyevin dini-mənəvi dəyərlərə verdiyi töhfənin davamıdır. Bütün bunlara görə, mərasimlərdə xalq dövlət başçısına dualar etdi.

Müaviyə oğlu Yezidin zülmü o yerə çatdı ki, artıq İmam Hüseyn (ə) öz doğma vətəni Mədinə şəhərində yaşaya bilməyib Məkkəyi-mükərrəməyə köçmək məcburiyyətində qaldı. O, bütün əhl-əyalını da özü ilə aparırdı. Mədinə şəhərindən çıxmamışdan qabaq qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məktubunda özünün məqsədini – zülm və küfrə qarşı çıxdığını belə bəyan edir: “Dünya əhli bilsin ki, səltənətə yetişməyə çalışan yalançı, üsyançı, dava-dalaşçı, məqampərəst, zalım deyiləm və belə məqsədlərim də yoxdur. Mən yalnız islah tələb edir, bu yolda qiyam qaldırıram. Mən öz babamın ümmətini – müsəlmanları nəhy əz-münkər (pisliklərdən çəkindirmək, yaxşılığa tərəf aparmaq) istəyirəm”.

Yezid İmam Hüseyn (ə) qarşısında iki tələb qoymuşdu: ya biət, ya hərb. Amma İmam Hüseyn (ə) cəddinin şəriətinə daha yaxşı xidmət edə bilərdi. Bu zaman Məkkə Həcc mərasimi ərəfəsində idi. Fürsətdən istifadə edən İmam Həcc mərasiminə cəmləşən dünya müsəlmanları ilə görüşüb, yaranmış vəziyyəti onlara da çatdırmaq istəyirdi. Lakin Yezidin adamları orada – Allah Evində də onu sakit buraxmadılar. Silahları ehram paltarının altında gizlədərək İmamı şəhid etmək üçün məqam gözləyirdilər. Yezidin fitnələrindən duyuq düşən İmam Allah evində qan tökülməsini istəməyərək Qurban bayramından iki gün qabaq (Tərviyə günü) qurbanları kəsib “Allah, Sən şahidsən ki, burada da mənə Kəbə əməliyyatını tamamlamağa imkan vermədilər», - deyərək öz adamları ilə birgə Məkkəni tərk etdi. Şəhər və kəndləri arxada qoyan İmam qan tökülmədən vəziyyəti sabitləşdirmək istəyirdi. Lakin Yezidin hökmü qəti idi. O, harda olursa-olsun İmam Hüseyni (ə) ya biətə, ya da hərbə cəlb etmək istəyirdi. Ən nəhayət, İraq məmləkətində İmam Hüseynin (ə) qoşunu müasirəyə alındı. Döyüşün qaçılmaz olduğunu görən İmam Kərbala adlı səhrada düşərgə qurmaq məcburiyyətində qaldı.

Həmin gün Məhərrəm ayının 2-si idi. Səkkiz gün gecə-gündüz Yezidin sərkərdələri ilə danışıq aparılsa da, müsbət nəticə əldə olunmadı. Artıq Məhərrəm ayının 10-u – Aşura gecəsi idi. Düşmən tərəfi İmam Hüseynin (ə) çadırlarına ox ataraq ucadan “beyət edirsən, yoxsa vuruşacaqsan”,-deyə soruşurdular. İmam Hüseyn (ə) vuruşacağını bildirərək səhərə qədər onlardan möhlət istədi. İmam ömrünün sonuncu gecəsini əhli-əyalı ilə vidalaşmaq və Allah-Təala ilə doyunca razi-niyaz etmək istədi.

Həmin gecə öz səhabələrini bir araya toplayan İmam Hüseyn (ə) onlara getmək və döyüşməmək icazəsi verir: “Onların işi mənimlədir. Mənim isə vəzifəm beyət etməmək, əgər lazım gəlsə bu yolda ölüm olsa belə getməkdir. Siz nə üçün burada qalmalısınız? Gedə bilərsiniz. Onların sizinlə heç bir işi olmayacaq”.

Qismətlərində şəhidlik əzəməti olmayanlar gecənin zülmətində gözdən itdilər. Fəqət İmamın yanında onu və əqidəsini istəyən əbədi şəhidlik şərbətini dadanlar qaldılar…

Bəziləri İmam Hüseynin (ə) Mədinədən çıxmasını və vətənini tərk etməsini onun qorxaqlığı kimi təqdim edirdi. Əslində isə belə deyildi. Çünki müdafiə olunan, qorxan şəxs heç vaxt döyüşdən əvvəl öz tərəfdaşlarına “siz gedin, onların işi mənimlədir”,-deyə müraciət etməzdi. İmam Hüseyn (ə) isə bu hərəkəti ilə heç də düşmənin yaratdığı nahaq döyüşdən qorxmadığını, əqidə və məslək yolunda lazım gəlsə şəhid olmağa belə hazır olduğunu bildirdi. Təki İslam-cəddinin şəriəti salamat qalsın.

Tarixdə Kərbala hadisəsinə İmam Hüseyn (ə) və Yezid arasında döyüş kimi yox, iki iddianın toqquşması kimi baxmaq lazımdır. İmam Hüseyn (ə) haqq və ədalətin iddiasında, Yezid zülm və qəsbkarlıq tələbində. İmam Hüseyn (ə) haqqın, ədalətin, azadlığın carçısı, Yezid isə batilin, zülmün tərəfdarı. Hamıya məlum olduğu kimi, tarix boyu bu iki ideya daim qarşı-qarşıya olub, ədalət zülmə qarşı mübarizə aparıb, zalım da öz zülmündə mübarizəyə müqavimət göstərib. İmam Hüseyn (ə) zülmə qarşı mübarizə aparır və deyirdi: “Mən cəddimin ümməti arasında islahat aparmaq üçün ayağa qalxmışam və bu mübarizəni qanımın bahası hesabına belə olsa da haqq olduğu üçün davam etdirəcəyəm”. Heç şübhəsiz əgər o həzrət bu mübarizədə geri çəkilsəydi, zülm və zalımlara göz yummuşlardan olar, qəlblərdə müqəddəsliyni heç vəchlə ucalda bilməzdi.

Çoxları Kərbəla vaqeəsini ideya və əqidə carçısı yox, rəyasət və mülkiyyətin savaşı kimi qələmə verirlər. Əgər belə olsaydı, İmam Hüseyn (ə) Yezidin ona təklif etdiyi Yəsrib vilayətini, cəddinin şəhərini – Mədinəni tərk etməz, susuz Kərbəla çölünə getməzdi. Əgər mülkiyyət və rəyasət üstündə mübarizə getsəydi, onlar asanlıqla bölgülərə razılıq verib, aralarında yaranmış problemi həll edərdiləl. Lakin bu heç də belə deyildi. Bu mübarizə din və əqidə üzərində qurulmuşdur. İmam Hüseyn (ə) İslamın meyarı olan imanın rəhbəri, Yezid isə küfrün nümayəndəsi idi. İmam Hüseyn (ə) cəddinin gətirdiyi İslam şəriətini olduğu kimi yaşatmaq istəyirdi. Yezid isə bütpərəstliyi, qumarı, zinanı, şərabxorluq və bu kimi İslamın yasaq etdiklərini bərpa etmək istəyində idi. İmam Hüseyn (ə) cəddinin gətirdiyi şəriətin həyatda qalması üçün bütün varından, qardaşlarından, övladlarından keçdi. O deyirdi: “Əgər cəddimin şəriəti mənim ölməyimlə diri qalarsa, ey qılınclar, gəlin məni doğrayın”. Bu və bunun timsalında deyilən yüzlərlə gövhərbar kəlamlar ancaq əqidə və iman savaşından qaynaqlanırdı. Yezid və adamları isə mülkiyyət bölgüsündə, Rey, Şam və digər ətraf mülkləri uğrunda vuruşurdular…

Kərbəla səfəri zamanı yolüstü çıxışların birində Həzrət İmam Hüseyn (ə) buyurmuşdur:

“Əgər bir nəfər zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan İlahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbərin (s) əmrlərinə itaət etmədiyini xalqla rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə, onu əyri yoldan döndərməyə çalışmasa, Allaha haqqıdır ki, onu da həmin zalımla birlikdə Cəhənnəmə daxil etsin.

Beləliklə də, həmin şəxs zalımlar cərgəsində qərar tutsun”. Göründüyü kimi, İmamın sözündən belə məlum olur ki, zalımın zülmünü görə-görə dözüb, onunla mübarizə aparmayan müsəlman deyil.

İmam Hüseynə (ə) yas saxlamaq bizlərə Həzrət Mühəmməd Peyğəmbərdən (s) miras qalmışdır. O Həzrət də həyatı boyu baş verəcək bu hadisəni yad edib ağlayırmış. Hətta bir gün qızı Fatimeyi-Zəhraya belə buyurdu: “Hər kim balam Hüseynə ağlasa, biz Qiyamət günü onun Cənnətə daxil olmasına zaminik”. Göründüyü kimi Həzrət Peyğəmbər (s) hələ sağlığında baş verəcək Kərbəla şəhadətinə qiymət vermiş və İmam Hüseynə (s) ağlayan qəlblərin Qiyamət günü Cənnətlə mükafatlanacağını bildirmişdir.

Lakin çox təəssüf ki, bəzi hallarda şiələr istisna olmaqla Peyğəmbər (s) dininin davamçıları onun buyuruğunu əhəmiyyətsiz bir məsələ kimi qəbul edirlər.

Bəlli olduğu kimi, ağlamaq və gülmək insana xas olan ruhi xüsusiyyətlərdəndir. Müasir tibb elmi təsdiq edir ki, bunların hər hansı birindən məhrum olan kəs ruhi cəhətdən xəstədir. Ağlamağın özünün də növləri var. Bunlardan biri hissi ağlamaqdır ki, onunla başqasının keçirdiyi daxili həyəcanlara, müsibətlərə şərik olursan. Çünki insan adlı məfhumda hiss və həyəcan mənbəyi olan ürək var. Amma çox təəssüf ki, bəzi müsəlman qardaşlarımızın ürəklərində olan hiss və həyəcan normal insanlardakından çox-çox fərqlidir. Onlardan fərqli olaraq qeyri-müsəlmanların Kərbəla müsibətinə münasibəti bizlər üçün daha əhəmiyyətlidir.

İngilis şərqşünası, professor Edvard Braun Kərbəla hadisəsi ilə bağlı belə yazır:

“Görəsən, elə bir şəxs tapılar ki, Kərbəla hadisəsini eşidə, onun ürəyi qəmlə, kədərlə dolmaya?”

Alman professoru Marrbinin fikrincə, müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinin nəticəsidir: “Ona görə ki, İmam Hüseyn (ə) eşqilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”. Alman professorunun sözlərinə diqqət etsək, o, burada bütün müsəlmanları nəzərdə tutur. Amma, görəsən, bütün müsəlmanlar İmam Hüseynə (ə) niyə yas saxlamır?

Hindistanın görkəmli dövlət xadimi Mahatma Qandi isə belə demişdir: “Hinndistanı xilas etmək istəyirsinizsə, İmam Hüseyn (ə) yolunu tutun”. M.Qandinin necə güclü bir dövlət xadimi olması heç kəsə sirr deyil. O, ölkəsinin xilasını İmam Hüseynin (ə) yolunda axtarırsa, deməli, biz göz yaşlarımızı əbəs yerə axıtmırıq.

Kərbəla hadisəsinə ağlamağın böyük məntiqi və fəlsəfəsi var. İslam alimi Əbdürrəhman Yusifpur bu fəlsəfəni təkcə ağılla yox, həm də qəlbən, böyük bir eşqlə dərk etməyin lazım olduğunu bildirir: “İnsanın bir ideyaya bağlılığı həm əqli, həm də hissi cəhətdən olmalıdır. Necə ki, söz və kəlam ağlın təzahürüdür, göz yaşları da eşqin və məhəbbətin nişanəsidir“.

Əlbəttə, çoxları ağlamağı acizliyin əlaməti kimi qələmə verirlər. Çox yerdə bu sözü daha da qüvvətləndirmək üçün “kişi ağlamaz” deyirlər. Amma bircə şeyi dərk etmək lazımdır ki, bəli, aciz və naəlac qalan kişi ağlamağla heç bir şey əldə etməz. Lakin bir insan kimi atası, anası, əziz bir adamını itirəndə, əlbəttə, o, ağlamalıdır. Lakin bu ağlamaq onun kişiliyinə heç bir naqislik gətirmir, əksinə, ona şərəf və ləyaqət verir. Deməli, valideynə ağlamaq, göz yaşı tökmək övlad üçün şərəfdir. Mənəvi valideynlər üçün ağlamaq isə insana daha çox şərafət gətirər. İmam Hüseyn (ə) də Peyğəmbərimizin (s) balasıdır, bizim mənəvi atamızdır. Lakin valideynə və mənəvi atalarımıza hönkürtü vurub ağlamaq, şivən qoparmaq yox, düşünüb dərk edərək zülmün, əsarətin və zillətin müqabilində barışmayaraq etiraz etmək, ağıllı,düşüncəli şəkildə qəlbən göz yaşı tökmək, mənəviyyatmızın saflığı, iman və əqidənin təzahürüdür.

Bu gün 15 əsr bundan əvvəl Kərbəla səhrasında baş verən qanlı bir faciəni ravilər vasitəsilə eşidəndə narahat oluruqsa, deməli, haqqın, ədalətin zülmə qarşı olduğunu dərk edir və etirazımızı bildiririk. Bütün bunları zaman-zaman ata-babalarımız övladlarına təlqin etmiş, hər il o mövsüm çatanda ona ləyaqətlə məclis qurmuş, o yolda süfrələr açıb ehsanlar vermiş, bununla o tarixi xalqın qan yaddaşında qoruyub saxlamışlar.

Qeyd: Məqalə İlahiyyat üzrə fəlsəfə doktoru, mərhum Qazi Hacı Mirəziz Seyidzadənin kitabından götürülüb

Xəbər 4845 dəfə oxunub.




23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +