28.06.2023 16:14
PEYĞƏMBƏR YANLIŞI, TANRI MƏRHƏMƏTİ
İbrahim peyğəmbər oğlunun başını üzmək qərarı verəndə bunu yanlış olaraq Tanrı əmrilə etdiyini düşünür.
Ümummüsəlman düşüncəsində də bu yanlış fikir var. Ən qəribəsi və təzadlısı budur ki, İbrahimin yanlış düşüncəsi indiki ənənəvi müsəlmanların mütləq əksəriyyətinə sirayət etmişdir. Səbəb müsəlmanların OXU məntiqindən uzaq olmalarıdır.
Tanrı heç kimə, öz elçisinə belə rəva görməz ki, sevimli bəndəsi bunca əzazil imtahana çəkilsin. Bu, Tanrının sonsuz mərhəmətinə, OXU məntiqinə zidd səslənir.
İbrahim peyğəmbər yuxuda gördüyünü əmr kimi qəbul edir, oğlu da deyir “sənə nə əmr edilirsə, yerinə yetir”.
Hərçənd İbrahimin yuxusunu nəql etdiyi ayələrdə əmrə yozulası heç bir ifadə səslənmir.
İbrahimin nümunəsində öncədən nəzərdə tutulan dəhşətli bir şeydir: insan, özü də peyğəmbər olan birisi öz övladını guya Tanrı rizasınca öldürüb qurban verməlidir. Günahsız insanı, həm də peyğəmbər birisini. “Onlar elçiləri öldürürdülər” deyə Quranda səslənən ilahi qınaq kontekstində bunu Tanrı əmri, yaxud istəyi kimi qəbul etmək mümkün deyil.
Digər yandan, öldürüləcəyi planlaşdırılan adi insan olsa belə, yenə məqbul sayıla bilməz. Quran günahsız insanın öldürülməsini rədd edir və Tanrı bu rədd etdiyini prinsip etibarilə öz peyğəmbərinə təlqin etməz. Bunu Tanrıya aid etmək Tanrı mərhəmətinin fəlsəfəsi baxımından yanlışdır. Bu, həm də yaradılış, fitrət qanununa ziddir.
Əlbəttə, Oxu-da peyğəmbər yuxusunun haqq olması da var (Fəth surəsi, 27-ci ayə). Ancaq o halda var ki, bunun haqq olduğu, eləcə Tanrı təsdiqindən keçdiyi açıqca vurğulanır. İbrahimlə bağlı epizodda isə deyilir ki, sən öz yuxunu təsdiq etdin. Yəni özün təsdiq etdin, Mən, yəni Tanrı yox. Bunları nəzərə almaq lazımdır.
Məlum olur ki, İbrahimin yuxuda gördüyü nəinki vəhy qəbilindən əmr, heç adi vəhy məlumatı da deyil. Yaşadığı dövrün bütpərəstliyinə əyilmə zəifliyidir ki, yuxularında gördüklərini ilahi güclərdən gələn məlumat, yaxud həyata keçirilməsi vacib olanlar kimi yozurmuşlar.
Bir daha vurğulayım, İbrahimin yuxuda gördüyü Tanrı əmri deyil!!!
Oğluna yuxusunu nəql edir, övladı da deyir “sənə nə əmr edilirsə, et”. Hər ikisi yuxunu Tanrı əmri kimi yanlışlığa yozur. İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan.
Müvafiq ayələrin hərfi tərcüməsi: “...Oğlum, yuxuda görürəm boğazını üzürəm. Bax, görəsən, bu nə ola?” Dedi: “Atacan, sənə nə əmr edilirsə, yetir yerinə. Tanrı istərsə görəcəksən, götürümlü kimsələrdənəm”. Hər ikisi təslim etdi özünü. Oğlunun alnını yerə dirəyən anda səslədik onu: “Ey İbrahim, yuxunu təsdiqlədin. Beləcə əvəz veririk gözəl davrananlara. Bu, heç şəksiz, aşkar sınaqdır ki var!” Suç bahası qıldıq ona böyük bir qurbanlığı”.
Ayələrin bir az da təfərrüatlı açıqlaması:
1. Tanrı iradəsi ilə peyğəmbərlərə aid baş verən bütün mühüm epizodlarda onlara vəhy verilməsi vurğulanır. Bu epizodda vəhy söhbəti yoxdur, adicə yuxudur. Quranda elə bir ayə tapmazsınız Tanrı peyğəmbərinə nəyisə əmr edəndə bu, aşkar ifadə edilməsin və vəhy olmasın. Məlum epizodda vəhydən əsər-əlamət belə yoxdur.
2. İbrahimlə oğlu yuxuda görüləni vəhy olmadan Tanrı əmri kimi qəbul edirlər. Və bu səbəbdən təslimiyyət halına daxil olurlar.
3. İbrahim Tanrı “əmrinə” itaətini sübut üçün yuxuda gördüyünü həyata keçirmək istəyir və bununla da yuxusunu əməldə təsdiqləyir. Məlum epizodda İbrahimə aid vəhy məhz bu məqamda, təslimiyyət məqamında səslənir və, bir daha vurğulayım, İbrahimin yuxusunda “övladının başını kəs” deyə Tanrı vəhyi səslənmir.
4. İbrahim oğlunun ölümdən xilasına səbəb hər ikisinin təslimiyyət halını yaşamasıdır, Tanrıya təslimiyyət halını.
5. İbrahim Tanrıya təslimiyyət halında olduğuna görədir ki, gözəl davranışdır, mükafatlandırılır. Nə ilə? İbrahim övladının xilası ilə.
6. Baş verən sınaqdır. Tanrı istəyilə baş tutan sınaq yox, Tanrı nəzarətində olan sınaq, çünki hər ikisi təslimiyyət halında olanda Tanrı ilə gerçəkdən təmasa daxil olurlar. OXU ayələrində keçən “imtahan” sözünün işləndiyi epizodları birər-birər nəzərdən keçirmişəm. Bunların hər birində imtahanın – istər inananlar üçün olsun, istər dananlar – Tanrı istəyilə baş verdiyi birmənalı və açıqca vurğulanır. Təkcə bir ayədə, İbrahimlə bağlı yuxarıdakı epizoda aid ayədə bunun Tanrı istəyincə olması açıqca bildirilmir və o üzdən də imtahanın əvvəldən nəzərdə tutulması qəbul edilən deyil.
7. Sonuncu cümləni ənənəvi olaraq “biz ona böyük bir qurbanlığı əvəz verdik” kimi tərcümə edirlər. Zənnimcə, təqdim etdiyim ifadə daha dəqiqdir, çünki OXU-da bir şeyə əvəz vermək mənasında işlənən “fidyə vermək” ifadəsi daha çox günahların yuyulması müqabilində işlənir. Həmin ifadədə də sözügedən feil keçir, bunu “suç bahası” kimi vermək OXU məntiqinə daha uyarlıdır: a) Peyğəmbər suç işlədir – yuxuda gördüyünü vəhy kimi qəbul edir, bütpərəstlərə xas düşüncə ilə bunun Tanrıdan olduğunu güman edir; b) Az qala daha böyük suç işlədəcəkdi, təslimiyyət halında olduqlarına görə qarşısı alınır; c) Tarixdə o zamana qədər insanların ilahlar adına, Tanrı adına insanı qurban verməsi böyük suçdur.
8. Və nəhayət, suç bahası olaraq böyük bir qurbanlıq verilir. “Böyük bir qurbanlıq” ifadəsini necə anlamalıyıq? Qurbanlıq heyvanın həcminə görəmi “böyük” sözü keçir? Əlbəttə, yox. Diqqətimiz yönəldilir hadisənin insanlıq üçün önəminə. İnsanın Tanrı adına qurban verilməsinə son qoyulur bəşər tarixində. Verilən qurbanlığın məcazi mənada “böyüklüyü” bundadır.
Nəriman Qasımoğlu
Xəbər 4405 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|