13.05.2023 09:00
Hacı Mirəziz Seyidzadənin vəfatından 9 il keçir
Tanınmış ilahiyyatçı, alim, ictimai xadim Hacı Mirəziz Seyidzadənin vəfatından 9 il keçir. Hacı Mirəziz Seyidzadə 2014-cü ildə, mayın 12-də doğulduğu Masallı rayonunun Türkoba kəndində torpağa tapşırılıb.
Jurnalist Niyaz Niftiyevin mərhum dostu Hacı Mirəziz Seyidzadənin vəfatından sonra yazdığı “Daha bu dünyaya gəlmir yazığım...” sərlövhəli yazısını təkrar təqdim edirik:
65-ci dayanacaq... Əlbəttə, bu dayanacağa qədər o çox yollar qət etdi, bu dayanacaqlarda nələri görmədi, kimlərlə qarşılaşmadı... Amma 65-ci dayanacaqda bizə qəfil ƏLVİDA dedi...
65 yaşında dünyasını dəyişsə də, sanki neçə əsrlərdir bu dünyada yaşayırdı. O, ləyaqətli, irəli görüşlü, vətənpərvər, sadə, səmimi, yanar ürəkli bir DOST idi... Dostun qayğısını öz qayğısı hesab edirdi. Mənim DOSTum təmənnasız, ETİBARLI, gözü tox, MƏRD KİŞİ idi. Böyük və saf qəlbi vardı, hər kəsi öz dilində, özünün səviyyəsində danışdırardı.
"Dostluq ürəkdir, bəzən ürək uğuruna ölməkdir, kim bilir, bəlkə də bənövşəyi dağlarda bir çiçəkdir, dostluq məndən artıq hər şeydən öncə sən deməkdir...". Bu, bir aforizmdir. Əlbəttə, dost görməkdən böyük sevinc, dostdan ayrılıqdan acı dərd yoxdur...
Hacı Mirəzizlə aramızda nə az, nə də çox, düz 26 il yaş fərqi var idi. Bu fərq bizim aramızda - münasibətlərimizdə sərhəd deyildi. Hacı Mirəziz bu sərhədin "tikanlı məftilləri"ni söküb atmışdı, enmişdi mənim yaşıma... Nədən ki, mənim onun yaşına, səviyyəsinə qalxmağa gücüm, şansım yox idi.
2000-ci illərdə tanış olmuşduq. Zaman keçdikcə tez-tez görüşüb söhbətləşirdik. İlk əvvəl yazılarını, sonra isə kitablarını redaktə etməyə başladım. Daha sonra 2002-ci ildə "Kəlam" elmi, ədəbi, publisistik jurnalını təsis etdik.
Olmaz bu dünyada vəfalı insan...
Hacı Mirəzizlə bağlı, xüsusən də onun zamanla təqib olunması və yaradıcılığına keçməzdən əvvəl, fevralın 14-də 65 yaşını qeyd edən seyid DOSTuma qarşı olan biganəlikdən narahatlığımı ifadə etməyə bilmərəm. Nədən ki, onun fəaliyyətinə, yaradıcılığına, istedadına qarşı bir qısqanclıq var idi. Başqaları vəzifələri, kapitalları ilə tanındıqları halda, Ağa Mirəziz intellekti, yaradıcılığı, ədəbiyyatı ilə şöhrətin zirvəsində idi. Başqaları fərqli və bəlli yollarla məqam sahibi olduqları halda, Hacı Mirəziz bu zirvəni öz gücü və istedadı ilə fəth etmişdi.
Mətbuatdan da məlum olduğu kimi, Hacı Mirəzizin 65 illik yubileyini Azərbaycan Yazıçılar Birliyi təntənəli şəkildə qeyd etdiyi halda, onun illərlə çalışdığı Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə heç bir təşəbbüs göstərmədi. Əcəba, niyə?
Yazıçılar Birliyi minlərlə yazıçının içərisindən Hacı Mirəzizi görə bildiyi halda, Qafqaz Müsəlmanları İdarəsi barmaqla sayılası ruhanilərin arasından GENERALını "görmədi".
Hacı Mirəzizin bu məsələdə həmkarlarından, dostlarından gözləntiləri var idi. Dostları onun gözləntilərini doğrultmaq istəmədilər. Bu dövlətin təbliğinə çalışma, insanları maarifləndirmə, oxumaları üçün kitab, məqalə yazma, jurnal çıxartma, vəhhabi, nurçu, falçı olmaması üçün səy göstərmə, çəkil bir köşəyə ölümünü gözlə – dedilər... Amma mənim DOSTum mübariz idi, köşəsinə çəkilmədi, yazdı-yaratdı...
Diqqət yaxşı şeydir, cənablar. Bir tədbir, dövlət səviyyəsində kiçik bir təltif belə onu ruhlandırar, yaşayıb-yaratmaq eşqini şölələndirərdi. Sizlər bunu etmədiniz, daha doğrusu, etmək istəmədiniz. İxilovlara, Alekseylərə təqdimat yazaraq onların dövlət səviyyəsində "Şöhrət"lənmələrində, "Şərəf"lənmələrində heç də az rol oynamayan dostları, ömrünün yarıdan çoxunu İslamın təbliğinə həsr edən, onlarla kitabı, yüzlərlə məqaləsi çap olunan, hər nömrəsi bir monoqrafiyanı xatırladan jurnal nəşr etdirən Mirəziz Seyidzadəyə bu yaxşılığı etmədilər. Hacı Mirəziz ölümündən qabaq bütün bunları görür və yazırdı:
Məhşərdə nə cavab verəcəksiz Peyğəmbərə?
Düşdüz nə illətə, belə bihudə qəmlərə?
Alicənab şəxs idiz, əfsuz, sizlərə,
Şeytan başızı tovladı, saldırdı düzlərə,
Vəhşət sizindi, huriyi-qılman bizimkidir.
Həyatda təzadlar çoxdur, iki amil isə həlledicidir. Bunlardan biri dindarlıq, ikincisi isə dünyapərəstlikdir. Dindar, İlahi hökmlərinə əməl edən, özü əməl etdiyi kimi digərinə də həmin əməlləri sevdirən və təlim edəndir. Dindar getdikcə tövhid - yeganəlik və füruatlara, yəni dinin kök və budaqlarına əməl edə-edə əxlaq məktəbini həm öyrənir, həm də həyata keçirir. Ruhaniyyətlə yaşayanlar həmişə İslam dəyərlərinə, milli mənəviyyatın qorunmasına xidmət edir, elin adət-ənənəsinə hörmətlə yanaşır.
Hacı Mirəziz Seyidzadə VƏTƏNini, DÖVLƏTini sevirdi və beləcə də ömrünün axırına qədər eyni xətlə hərəkət etdi. O, xalq arasında qazandığı nüfuz və ehtiramı həmişə qorudu, ömrünün son dayanacağına qədər də onu yaşatmağa çalışdı. Hacı Mirəziz Ağanın dövlətə, millətə sədaqəti ədəbi yaradıcılığına da sirayət etmişdi. Mənim DOSTum şeirlərinin birində deyirdi:
Mən Əziz Pünhanam, sadiqəm sənə,
Bu qiymətli ömrü sən verdin mənə.
Hüsnünə yüz əsər yazaram yenə,
Hər şerim eləyir eşqimi elan.
Ömrüm, həyatımsan, can Azərbaycan.
Hacı Mirəziz Seyidzadənin ictimai - dini - ədəbi-publisistik fəaliyyətini araşdıran zaman, onun daha çox azərbaycançılığı təbliğ etdiyini görürük.
Hacı Mirəziz yazılarında ümummilli lider Heydər Əliyevin fəaliyyətini geniş təbliğ edən insan idi. Ümummilli liderin vəfatından sonra o yazırdı: "Heydər Əliyevin dini-mənəvi dəyərlərə qayğısı bu gün də - yəni onun yoxluğunda da hiss olunmaqdadır. Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür".
Mərhum Ağanın DOSTu olaraq Hacı Mirəzizin DOST bildiyi insanlara sual edirəm: Cənablar, aranızda Hacı Mirəziz qədər dövlətin, millətin, dinin təbliğinə sözdə deyil, əməldə - məhz əməldə canından, malından, istirahətindən və ən nəhayət sağlamlığından keçən kimsə varmı? Onlarla dini və ədəbi nəşrlərini qoyuram bir kənara, təkcə Mirəziz Seyidzadənin "Kəlam" jurnalına ayırdığı vaxtı, maliyyəni qarşılaya bilsəniz, mən sizlərdən 50 min dəfə üzr istəməyə hazıram. Buyurun, 2002-ci ildən bu günə qədər Hacı Mirəzizin şəxsi vəsaiti və imkanlı dostlarının ianəsi hesabına nəşr olunan "Kəlam" jurnalının 66 nömrəsinin hər birinin monitorinqini aparın. Jurnalın hər nömrəsinin baş yazısı Cənab Prezidentin fəaliyyətinin ictimailəşdirilməsi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin keçirdiyi görüşlərin xronikası, dəyərli alimlərimizin yazıları və dövlətçiliyi tərənnüm edən digər məqalələri görəcəksiniz. Amma bundan sonra nə fayda? Hacı Mirəziz yazırdı:
Sanma ki, hər yerdə baş olmalısan,
Göz tapsan üstündə qaş olmalısan,
Nə qədər ürəyi daş olmalısan,
Dünyaya yad gəlib, yad yaşamaqçün.
Hacı Mirəziz Seyidzadənin vəfatından sonra "Kaspi" qəzetində tanınmış jurnalist Təranə Məhərrəmovanın təqdimatında "Sanki o, göylərdən yerə göndərilmişdi" başlıqlı, bir səhifəlik Portret yazısı çıxdı. Təranə xanımın müsahiblərindən biri də mən idim. Müəllif başqa dostlarla da əlaqə saxlayıb və Hacı Mirəzizlə bağlı xatirələrini bölüşmələrini istəyib. Adını çəkmək istəmədiyim həmkarlarından biri "onunla çox da ünsiyyətdə olmamışam. Qoy onu daha yaxından tanıyanlar danışsın" deyib. Hansı ki, həmin insan dəfn mərasimində özünü telekanalların kamerası önünə verib mərhum Ağanı "Azərbaycanın milli sərvəti" adlandırmışdı.
Təranə Məhərrəmovanın təbirincə desək, kim bilir, bəlkə elə köçünü çəkib haqq dünyasına qovuşan Hacı Mirəzizi "Daha bu dünyaya gəlmir yazığım" deməyə vadar edən də bu düşüncələr idi. Hacı Mirəziz dünyanın hər üzünü görmüşdü. Dünyanın faniliyindən, insanların vəfasızlığından gileyləndiyi anlar da olmuşdu. Bəlkə elə uzaqgörənliklə "Olmaz bu dünyada vəfalı insan", - deyə misraları ağ vərəqə köçürəndə ölümündən sonra uzun illər ünsiyyətdə olduğu, sağlığında ona ustad deyən insanlardan bəzilərinin nə deyəcəklərini duymuşdu.
Bu yerdə mərhum Ağanın bir qitəsini verməyə bilmərəm:
Öç-beş söz ilə ey özün alim bilən insan,
Yığ gölməçəni, gəl mənim ümmanıma bax bir.
Bir kəlmə sözü yüz dəfə təkrar eləyirsən,
Yüz kəlməni bir yol demək imkanıma bax bir...
Bu jurnalda Hacı Mirəzizin ruhu var deyə, mən onun dost bildiyi insanları ittiham etməkdən uzağam. Sadəcə, vaxtı ilə görmək istədiklərimi görə bilmədiyim üçün təəssüflənirəm və bunları da yazmaya bilmərəm. Hacı Mirəziz bunları yazmadı, amma mən yazmaya bilmərəm, bu ağır yükün altında əzilə bilmərəm.
Əslində, biz - həqiqi dostları onu itirmədik, yenidən qazandıq. O, getsə də əslində gəldi... İndi daha rahatdır, axı kimsəni incitməyən, xoş xasiyyətli, yardımsevər birinin yeri Cənnətdən başqa nə ola bilər ki? Biz xoşbəxtik ki, onu yenidən kəşf edə bildik.
Hacı Mirəzizə qarşı "Şeytan və şərikləri"nin ittifaqı...
Bu barədə bir dəfə yazmışam. Bu yazımda da bəzi məqamlara məcburən təkrar qayıtmaq zorundayam. Hacı Mirəziz niyə təqib olunurdu? Bu sual hər zaman bəndənizi də düşündürüb və bu barədə bəlkə də Ağa Mirəziz məndən başqa heç kimə əhatəli danışmayıb.
Mənim DOSTum - Hacı Mirəziz haqsızlıqla barışa bilmədiyindən uzun illər mübarizə aparıb. Haqqı isbat edə bilməyəndə isə razılaşmayaraq müəyyən zamana ehtiyac duyub, yəni sükut edib. "Haqq incələr, üzülməz" kəlamını əldə rəhbər tutaraq özünə təsəlli vermək məcburiyyətində qalıb. Əks təqdirdə tək, kimsəsiz bir gənc ruhaninin fəryadını kim eşidərdi ki?
Bütün bunların müqabilində Hacı Mirəzizin daxilindəki o mübarizlik heç vaxt sönməyib, əksinə, əməli nəticəyə çatmaq üçün daha da şölələnib. Elə bunun nəticəsidir ki, hər bir problemin həllində ədalətin bərpasına çalışıb, gec də olsa buna nail olub. Bu, hər şeydən əvvəl Hacı Mirəzizin səbir və qətiyyətinin sayəsində qazanılan nailiyyət, ən əsası isə Allah-Təalanın göstərdiyi haqq və ədalət yolu idi.
Hacı Mirəzizlə, təxminən, 13-14 il hər gün görüşməsəm də ən azı hər gün zəngləşmişəm. Hacı Mirəziz heç vaxt başqalaşa bilməyib. Cəhalətə, fanatizmə qarşı çıxıb, adamlara kor-koranə ibadət etməyin mənasızlığını izah edib, onları Allaha əsl bəndə olmağa çağırıb. Bu, 12 yaşından Yaradana sığınıb, Onun buyurduqlarına tərəddüdsüz əməl edən bir ruhaninin peşə və həm də əqidə borcu idi. Hacı Mirəziz ali və həm də ən müasir din olan İslamın bitginliyinin insanlar tərəfindən daha tez qavranılması üçün çalışıb və təbliğat aparırdı. O, bu hərəkəti ilə dövrün İslama qarşı münasibətinin tam əksinə fəaliyyət göstərdiyini bilirdi. Dövrün "hakimi - mütləqləri" isə haqqında ittihamlar toplayır, onu elə "dindaşları"nın əli ilə amansız təqib edirdilər. Xəfiyyəçi "mollalar" xüsusi göstərişlə hər addımını izləyir, kölgəsini belə qılınclayırdılar. Məclislərdə belə ona çaşdırıcı suallar ünvanlayar, insanlar arasında hörmətdən salmağa çalışırdılar. O isə dərya idi, verilən sualları yerindəcə cavablandırır, düşmənlərinin arzusunu ürəklərində qoyurdu.
Dövrün "Qlavlit"li mətbuatında isə Hacı Mirəziz haqqında felyetonlar yazdırır, sanki onun varlığını özlərinə ən böyük təhlükə hesab edirdilər. O isə baş verənlərə əhəmiyyət vermir, bir sözlə, öz işi ilə məşğul olurdu.
Bədxahlar nəyin bahasına olursa-olsun, onu ləkələmək və ruhani kimi fəaliyyət göstərməsinin qarşısını almaq istəyirdilər. Bircə narahatlığı nahaqdan böhtana düşməyi idi. Nə qədər ehtiyatlı hərəkət etsə də, kabus tək onu izləyən əqidə düşmənlərinin caynağından xilas ola bilmirdi. Xilas olmaq üçün isə iki yol var idi: ya geri çəkilərək onlardan biri olmalı, ya da mübarizəni davam etdirməli. Birinci yol Hacı Mirəzizin xarakterinə və nəsil-şəcərəsinə zidd olduğu üçün bu haqda əsla belə düşünmürdü. İkinci yol isə onu uçuruma sürükləyir, həyatda qalmaq ehtimalını belə sıfıra endirirdi. Lakin "Şeytan və onun şərikləri" öz işini görür, Hacı Mirəzizin birdəfəlik çöküşü üçün hər nə lazımdırsa edirdilər. O isə çıxış yolu axtarır, qarşılaşdığı haqsızlıqdan bir an olsun qurtulmaq istəyirdi. Qurtuluşu isə təbii ki, Allah - Təalanın əlində idi. Qurtuldu da. Təqiblərə sinə gərərək mətanət nümayiş etdirdi. Səbri, imanı, istedadı və alicənablığı onu əbədi qalib elan etdi.
Hacı Mirəziz bu təqiblərdən yaxa qurtarmaq üçün Kremlə gedərək ümummilli lider Heydər Əliyevə, onun ədalətinə sığınmışdı. Ömummilli lider də Bakıya zəng vuraraq Hacı Mirəzizə toxunmamalarını tapşırmışdı. Hacı Mirəziz vaxtı ilə bu barədə yazdığı üçün təfsilata varmaq istəmirəm.
Hacı Mirəziz Ağa zaman-zaman təzyiqlərə məruz qalsa da ali məqsədindən dönmədi, cəmiyyətin dini maariflənməsində yetərli rol oynamağa çalışdı. O, elmdə, poeziyada, həyatda olduğu kimi, dini fəaliyyətində də hər şeyə əxlaq çərçivəsindən yanaşırdı. Onun problemə münasibəti həm əhatəli, həm də professional idi. Bir ruhani kimi münasibət bildirdiyi hər hansı bir dini məsələdə əxlaq prinsipini unutmurdu.
Hacı Mirəziz bütün insani keyfiyyətlərə malik şəxsiyyətlərdən biri idi. O, bütün zamanlarda ən yüksək insani keyfiyyətlərə malik olmağa çalışırdı. Sovet dövrü çətinliklərinə sinə gərən, təqiblərə məruz qalan, amma buna baxmayaraq mübarizə aparıb həyatda ləyaqətlə yaşamağı bacaran AĞA idi.
Hacı Mirəzizdə bir vətəndaş təəssübkeşliyi var idi. Mən bunu dəfələrlə müşahidə etmişəm. Ən yüksək elitar təbəqəyə malik ziyalılarımız belə onun haqqında hər zaman müsbət fikirdə olublar.
O həm öyrənir, həm də öyrədirdi.
Hacı Mirəziz mənim də daxil olduğum kiçik bir kollektivin - jurnalımızın qurucusu, Baş redaktoru idi. Amma açıq etiraf edim ki, o bizimlə heç vaxt müdir kimi davranmayıb. Bir çoxlarından daha yaxşı tanıdığım üçün cəsarətlə deyə bilərəm ki, o, ünsiyyətdə səmimiyyəti xoşlayırdı. Hacı Mirəziz yüksək dərəcədə səbir və əxlaq sahibi idi, onun xarakterində qışqırmaq, təhqir etmək, hədələmək kimi cəza üsulları yox idi.
Sanki tələsirdi, ömrün bitməsini görürdü...
Mirəziz Seyidzadə ALİM idi. İslam dininin vacib əməllərindən olan Həccin sosial-fəlsəfi mahiyyəti mövzusunda dissertasiya müdafiə edib - İlahiyyat üzrə fəlsəfə doktoru - alimlik dərəcəsi almışdı. "Azərbaycan mərsiyə ədəbiyyatı" mövzusunda doktorluq işi üzərində çalışırdı. Demək olar ki, doktorluq işinin bir hissəsini tamamlamışdı, qismət olsaydı ən geci 2015-ci ilin əvvəllərinə qədər bitirmək və müdafiəyə təqdim etmək niyyətində idi.
Mirəziz Seyidzadə yaradıcılığı cəmiyyətin ən çətin zamanlarında belə insanlarına imdadına yetişib. Məsələn, 90-cı illərdə əqidə düşkünlüyünün artıq dərəcədə mühitimizi çirkləndirdiyi bir vaxtda Allahtanımanı, "Tovhidi" elmi əsaslarla, Qurani-Kərim prizmasından sadə dildə şərh etməyə ehtiyac duyulurdu. Bu ehtiyacı ödəmək üçün din alimlərimizin sözdən əmələ keçməsi labüd idi. Mirəziz Seyidzadə bu sırada da öndə oldu. O, İslam alimlərinin və eləcə də materialist düşüncə sahiblərinin əsərlərindən istifadə edərək bu mövzuda kitab yazmaq qərarına gəldi. Allahtanımanı Qurani-Kərim baxımından şərh etməyi qarşısına məqsəd qoydu. Beləliklə, uzun illərin bəhrəsi olan "Allahımı belə tanıdım" adlı kitab yazdı. İstər Azərbaycan, istərsə də bu sahədə daha təcrübəli olan İran alimlərinin fikir və məsləhətlərindən yararlandı.
Ələbəttə, Hacı Mirəziz bununla kifayətlənmirdi. Belə ki, 1996-cı ildə "İslami söhbətlər" adlı növbəti kitabını yazmağa başladı. İki cilddən ibarət olan kitab bir neçə ilə başa gəlsə də, yüksək elmi çəkiyə malik əsər kimi qiymətləndirildi. Bakı İslam Universiteti tələbələri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan "İslami söhbətlər"ə təlabat, təbii ki, onun təkrar nəşrinə stimul verdi. 2002-2003-cü illərdə Mirəziz Seyidzadə "İslami söhbətlər"i təkcə forma etibarı ilə yeniləmədi, eyni zamanda məzmunca kitaba yeni faktlar əlavə etdi. Müəllif bununla da kifayətlənmədi və 2009-cu ildə "İslami söhbətlər"i rus dilinə tərcümə etdirərək nəşrinə nail oldu.
Mirəziz Seyidzadə həm də bir Əhli-Beyt aşiqi idi. İmam Əlinin (ə) həyat fəlsəfəsi, yaşamı, baxışları Mirəziz Ağa üçün bir mayak idi. Elə bu sevgi işığında irəliləyərək qısa bir vaxtda və gərgin zəhmətin nəticəsində 2008-ci ildə "Elmin qapısı" adlı kitabı oxucuların istifadəsinə verdi. Kitabda İmam Əlinin (ə) həyatı, imamət dövrü, qəzavətləri, fəzilətləri, hikmətli kəlamları, ayrı-ayrı hökumət başçılarına, valilərə göndərdiyi məktub və fərmanları öz əksini tapdı. Altı fəsildən ibarət olan bu kitab İmam Əlinin (ə) uşaqlıq, gənclik, cavanlıq, Peyğəmbərin (s) nübuvvət dövrü və Peyğəmbərdən (s) sonrakı dövrləri, həm də özünün xəlifəlik dövrünü özündə ehtiva edir. Tanınmış mötəbər din alimlərinin əsərlərində toplanmış sənədlər əsasında tərtib olunmuş bu kitab geniş oxucu kütləsi, tədqiqatçı alimlər, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdu.
Mirəziz Seyidzadə sanki tələsirdi, ömrün bitməsini görürdü. Ona görə də daim çalışır, daha çox işləyir, daha az istirahət edirdi. 2009-cu ildə "Elmin qapısı" (İngilis dilində, "Door of knowledge", 619 səh.), 2010-cu ildə "İmam Əlinin (ə) qısa kəlamları", (Tərcümə və şərhi ilə, 223 səh.), 2011-ci ildə "İslam olduğu kimi", (447 səh.), 2013-cü ildə "Yaradan axtarışında", (230 səh.) kitabları işıq üzü gördü. Hacı Mirəzizin yarımçıq qoyduğu işlərindən bir də ədəbi fəaliyyət ilə bağlı olan növbəti şeirlər kitabıdır. Hansı ki, xəstəxanaya düşdüyü gün mətbəədə olmuş və həmin kitabın son vəziyyəti ilə tanış olmuşdur. İnşəallah, "Kəlam" jurnalı, ailəsi və dostları olaraq Mirəziz Ağanın yarımçıq işlərinin həyata keçməsinə çalışacağıq. ×ünki onun yazdıqları özü üçün deyil, cəmiyyət üçün lazımdır.
1968-ci ildən dini fəaliyyətlə yanaşı, bədii yaradıcılığını da paralel inkişaf etdirirdi. Ýənclik çağından qəzəl janrına müraciət etməyinin səbəbini isə Məhəmməd Ôüzuliyə olan şövqündən, ehtiramımdan irəli gəldiyini bildirirdi. Adını gizli saxlamaq üçün təxəllüsünü "Pünhan" (gizli) yazdı. Sonralar gördü ki, artıq üzə çıxmaq vaxtıdır, odur ki, adının bir hissəsini də Pünhan isminə əlavə etdi və "Əziz Pünhan" təxəllüsü ilə yazmağa başladı. Şeirləri, satirik əsərləri, novellaları və əsasən də tərcümələri dövrü mətbuatda dərc olunurdu. Zərbi-məsəl və atalar sözlərini, habelə hikmətli kəlamları, hətta "Kommunist" qəzetində - Çıraq səhifəsində vaxtaşırı dərc edilirdi. Əlbəttə, o dövr üçün belə tərcümələr maraqlı idi. Əsasən tərcümələri ərəb və fars dilindən olub.
Hacı Mirəziz həm də Ôüzuli aşiqi idi, Seyid Nəsimini, Sərrafı, Sədini daim mütaliə edir, klassiklərin şeir və qəzəllərindən ilham alırdı. Ağanın qəzəllərində Allah-Təaladan tutmuş insana qədər bütün aləm tərənnüm olunurdu. Müxtəlif illərdə yazdığı şeirlərində Vətənə, Anaya məhəbbət ən yüksək poetik dillə nəzmə çəkilirdi. Mirəziz Ağa bununla kifayətlənmirdi, ömrü boyu canla-başla xidmət göstərdiyi İslam dini, onun Peyğəmbəri, imamları mədh edən qəzəllər yazırdı.
Mirəziz Seyidzadə 2006-cı ildə "Bulud ağlamasa" şeirlər kitabı ilə ədəbi cameənin diqqətini cəlb etdi. Ədəbi yaradıcılığına olan diqqətdən ilhamlanan Hacı Mirəzizin 2008-ci ildə "Divan"ı işıq üzü gördü.
Onunla sonuncu görüşüm sanki ayrılığa işarə idi...
Böyük ingilis ilahiyyatçısı Con Trapp belə deyirdi: "Hər bir insan üçün ölüm heç bir vaxt münasib anda gəlmir. Əgər o, həyatı haqda hər şeyi bilmiş olsaydı, başqa zamanı deyil, məhz bu anı seçmiş olardı".
Tarix 08 may, saat 19.05. Gün ərzində 2-3 dəfə zəngləşmişdik, sonuncu danışığımızda evinə gəlməyimi istəmişdi. Blokun girişində bir də zəng vurdum ki, mənzilin kodunu desin. Yuxarı qalxdım, gələcəyimi də əvvəlcədən bildiyi üçün qapını açıq qoymuşdu. Mənzilə daxil oldum, dostumuz Tofiq həkim başının üstündə idi. Dedim, Ağa can, yenə nə oldu?
Bildirdi ki, "narahat olma, azca soyuqlamışam".
Jurnalımızın 66-cı sayı çapdan yeni çıxdığı üçün yazılarını və şeirlərini sosial şəbəkədəki səhifəsində paylaşmağımı istədi. Salona keçib kompüterini işə saldım, şeirlərini facebook səhifəsindən paylaşdım. Sonra yaxınlaşıb ayaq tərəfində əyləşdim, bir az söhbət etdik.
Bu arada Tofiq həkim getmək üçün ayağa qalxdı. Hacı Mirəziz mənə də işarə etdi ki, sən də get. Dedim Ağa can, qoy mən qalım, dedi olmaz, işdən çıxmısan, yorğunsan evə get, mənim də yuxum gəlir, bir az yatmaq istəyirəm...
Ayrılanda yatağından qalxıb qapıya kimi gəldi, dedim niyə qalxırsan özümüz gedərik. Etiraz etdi ki, "qoy sizi qapıya kimi yola salım" - deyə bizi qapıdan yola saldı. Bizdən 2 saat sonra xəstəxanaya qaldırıblar. Bunu da səhər eşitdim və dərhal xəstəxanaya yollandım.
Xəstəxanada Ağanı yataqda görməyi özümə sığışdırmırdım. Nədən ki, ilk dəfə (mart, 2014) elə bu mərəzdən xəstəxanaya düşəndə yanına ilk girənlərdən biri də mən olmuşdum və məni görən kimi gözləri dolmuşdu.
Onu həyəcanlandırmamaq üçün təkrarən yanına qalxmaq istəmirdim. Hər gün yaxınları ilə birgə xəstəxananın həyətinə toplaşar, vəziyyətinin düzələcəyinə ümid edərdik. Hamı gedib baş çəkir, hərə bir söz deyirdi. Mən isə onu görməyə tərəddüd edirdim. Lakin daxilimdə bir tədirginlik hiss edirdim, nəhayət yanına qalxdım, onu heç belə görməmişdim. O anları təsvir edib xatırlamaq istəmirəm, unutmaq istəyirəm. Nədən ki, elə həmin axşam gözlərini əbədiyyən yumacaqdır. Beləcə ayrıldıq və həm də həmişəlik...
Əlbəttə, "Bir gün doğulan, bir gün öləcək" tezisi və bu dünyanın əbədi olmadığını anlayan hər bir insan üçün ölüm xəbəri elə əslində adi qəbul olunmalıdır. Ölümün nə demək olduğunu Qurani-Kərim açıq söyləyir. Bu ruh ilə canın bədəndən ayrılmasıdır...
Sonda Ağa Mirəzizin ibrətamiz bir qitəsini diqqətə çatdırıram ki, fani dünyanın yolçuları Axirətə - yəni sonuncu dayanacağa hazırlaşsınlar:
Düşəcək torpağa axırda ağac yarpağı tək,
Bu ömür ki, yaşayırsan dönəcəkdir xəzələ,
Bu həyat yoldu gedirsən, sonu vardır amma,
Sona yetdikdə yolun sən dönəcəksən, əzələ.
Yaşama ömrünü bifaidə əyləncə ilə,
Fayda ver dəhrə, adın eşqi ilə düşsün qəzələ.
Öz həyatı, bu Əziz Pünhan üçün məktəbdir,
Ey ürək, gəl yenə sərmayeyi - ömrü təzələ.
Xəbər 4980 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|