Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


12.07.2022  09:24 

Tokayevlə Putin arasında konfrontasiya dərinləşir





A+  A-

İyunda Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda Qazaxıstan prezidenti Donbasdakı separatçı qurumları Rusiya liderinin gözünün içinə baxa-baxa “kvazidövlətlər” adlandırdıqdan sonra kinli və xudpəsənd Putinin Tokayevdən qisas alacağına kimsə şübhə etmirdi.

Üstəlik, rəsmi Nursultanın Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmaq niyyətində olmaması və rus neftinə embarqo fonunda Avropa bazarına əlavə neft çıxarmağa razılıq verməsi də Moskvanı özündən çıxarırdı.

Kreml Tokayevi cəzalandırmaq üçün köhnə siyasi-iqtisadi alətinə əl atdı: Rusiya məhkəməsi guya “ekoloji qaydaların pozulması” səbəbi ilə qazax neftini ixrac edən Xəzər Boru Kəməri Konsorsiumunun (Tengiz-Novorossiysk boru kəməri) fəaliyyətini dayandırdı. Bu, birmənalı siyasi qərardır və Qazaxıstan-Rusiya münasibətlərinə neqativ təsir edəcəyi şəksizdir.

Qazaxıstanın ixracının 80%-i neftin payına düşür. Bu neftin 80%-i isə Rusiyanın Novorossiysk terminalı vasitəsi ilə dünya bazarına çıxarılır.

Rusiyanın qərarı “müttəfiq” ölkənin iqtisadiyatını açıq-aşkar çökdürməkdən başqa bir şey deyil. Şübhəsiz ki, bu, Qazaxıstanda anti-Rusiya ovqatını, onun etibarsız ölkə imicini də xeyli gücləndirəcək. Həmçinin Qazaxıstanın xarici riskləri diversifikasiyası, daha baha başa gəlsə də, alternativ neft ixracı marşrutları (Çin, Azərbaycan) axtarması iki ölkənin münasibətlərindəki gərginliyi bir qədər də artıracaq.

Moskvanın ümidi buna idi ki, qazaxlar Tengiz yatağının böyük neftini yaxın perspektivdə Rusiyadan yan ötməklə dünya bazarına çıxarmaqda çətinlik çəkəcəklər və ya alternativ tranzitin baha olması onları bu işdən çəkindirəcək, sonda Rusiya ilə kompromisə getməyə məcbur olacaqlar. Lakin Qazaxıstan hakimiyyəti ixracını şaxələndirməyə və Rusiyaya münasibətdə sərt mövqe ortaya qoymaqda hazır görünür.

Uzun illər Çində və Avropada işləmiş Tokayev böyük diplomatik təcrübəyə malikdir, haradan və necə həmlə edəcəyini gözəl bilir. Məsələn, Qazaxıstan artıq MDB-nin valyuta tənzimlənməsi və valyuta nəzarəti haqqında sazişindən çıxıb. Qazaxıstan prezidentinin ötən həftə imzaladığı fərmanını Moskvaya qarşı demarş saymaq olar: “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 2013-cü il oktyabrın 25-də Minskdə imzalanmış 1995-ci il 26 may tarixli sazişə XİTAM verilməsi haqqında protokol DƏRHAL təsdiq edilsin”.

Qazaxıstan lideri həmçinin hökumətə Transxəzər marşrutunun optimal variantını işləməyi tapşırıb.

Tokayev Rusiyaya eyhamla bildirib ki, geosiyasi situasiya və sanksiya qarşıdurmaları ənənəvi nəqliyyat-logistika zəncirlərinin qırılmasına səbəb olub. Neft tədürüklərinin diversifikasiyasını başlıca vəzifə elan edən dövlət başçısı bildirib: “Transxəzər marşrutu bizim üçün prioritet istiqamətdir”.

Tokayev Qazaxıstanın limanlarını Xəzər dənizinin aparıcı hablarına çevirmək niyyətindədir: “Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz daşımalarının tam həcmdə imkanlarını işə salmayıb.

İndi başqa vaxtdır. Hökumət qarşısında strateji vəzifə qoyuram – bizim limanlar transformasiya edilməli və Xəzər dənizinin aparıcı hablarına çevrilməlidir”.

Qazaxıstanın Xəzərdə fəallığını artırmaq niyyəti, ümumiyyətlə, bu ölkənin həm də Rusiyadan yan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu - Xəzər üzərindən keçən “Şərq-Qərb” Orta dəhlizini prioritet saymasından xəbər verir. Gözləmək olar ki, iki ölkə arasındakı gərginlik yalnız “neft ixtilafı” ilə məhdudlaşmayacaq.

Yeri gəlmişkən, Tokayev Putinin də iştirak etdiyi Xəzəryanı ölkələrin 6-cı Aşqabad sammitində Transxəzər nəqliyyat dəhlizinin əhəmiyyətini xüsusilə vurğulamışdı.

Rusiya Qazaxıstana “çantadakı kəklik” kimi baxır və Putinin “rus torpaqlarını toplamaq” ssenarisində Ukraynadan sonra növbədə Qazaxıstanın olacağı şübhə doğurmurdu. Hər halda, Rusiya dairələrinin Şimali Qazaxıstan (Qazaxıstanın şimalındakı üç vilayətdə qondarma “Ural Xalq Respublikası” yaratmaq niyyəti), rus dili ilə bağlı iddiaları və s. xoşagəlməz insidentlər Moskvanın bəd niyyətlərini vaxtaşırı üzə çıxarır.

Moskvanın Ukrayna planlarının pozulması fonunda isə məlum oldu ki, Qazaxıstan da Rusiyaya müqavimət göstərməyə qadirdir və Tokayev asanlıqla sındırılası “qoz” deyil.

“Tokayev versus Putin” ( “Tokayev Putinə qarşı” və ya “Tokayev - Putin qarşıdurması”) mövzusu hazırda Çində, Qərbdə və eləcə də MDB məkanında bəlkə də Ukrayna müharibəsindən sonra daha diqqətlə izlənilən, öyrənilən geosiyasi məsələdir.

Rusiya ilə Qazaxıstan arasında sıx siyasi, iqtisadi, mədəni, həmçinin təhlükəsizlik bağları var və “neft ixtilafı” hələlik iki ölkə arasında ticarət müharibəsindən danışmağa imkan vermir. Bununla belə, bu tendensiyanı görməmək olmaz ki, Rusiya-Qazaxıstan münasibətləri “müttəfiqlik çərçivəsi”ni sındırır, tərəflər aralarında illərlə yığılmış konflikt potensialını artıq üzə çıxarmaqdan çəkinmirlər və bir-birilərinə təzyiq rıçaqlarını işə salmaq mərhələsinə keçməkdədirlər.

Bəzi iddialara görə, Moskva kuluarlarında Nazarbayev klanı ilə məsləhətləşmələr aparılır. Görünür, Kreml yanvarda Tokayevə verdiyi dəstəkdən peşman olub.

Qazaxıstanın Rusiyanın düşmənləri olan ABŞ, Böyük Britaniya və Avtopa Birliyi ilə strateji dialoqu Moskvanı xüsusilə qəzəbləndirir.

Qazaxıstanın Belçikadakı səfirliyinin qazax biznesinin liderləri və Avropa Birliyinin rəsmi şəxslərinin iştirakı ilə iyunun 15-də Brüsseldə “Qazaxıstan və AB arasında nəqliyyat əməkdaşlığı” adlı konfrans keçirməsi və orada Çinlə Avropa arasında Rusiyadan yan keçən tranzut imkanlarının güçləndirilməsindən danışılması Moskvada “arxadan xəncər” kimi kimi qiymətləndirilib.

Tokayevin beynəlxalq arenada müstəqil siyasət yürütməyə çalışması belə ehtimalı artırır ki, Rusiya Qazaxıstanda daxili siyasi situasiyanı gərginləşdirmək üçün əlindən gələni əsirgəməyəcək.

Amma rusların kefini bu fakt pozur ki, Tokayevin “dikbaşlığı”nın – Qazaxıstanın Rusiyadan açıq iqtisadi və siyasi separasiyasının arxasında Pekin durur. Nursultan rəsmiləri və diplomatları gizlətmirlər ki, beynəlxalq siyasi-iqtisadi əməkdaşlıqda Qazaxıstan üçün əsas prioritet “strateji tərəfdaş Çin Xalq Respublikasıdır” və başlıca qlobal layihə isə ÇXR-in “Bir kəmər-bir yol” təşəbbüsüdür. Elə həmin Sankt-Peterburq forumunda Tokayev bəyan etmişdi ki, Çin Qazaxıstanın əsas iqtisadi və xarici ticarət tərəfdaşıdır: “ Bu ölkə bizim iqtisadiyyata son 15 ildə 22 milyard dollar investisiya yatırıb. Çinlə hərtərfli əməkdaşlığın dərinləşməsi bizim ölkə üçün ən vacib məsələdir”.

Moskvada narahatdırlar ki, Ukraynaya müdaxilədəki köhnə bəhanələr və narrativlər Qazaxıstanda işə keçməyəcək, ən başlıcası Qərbin Rusiyanı təcrid etdiyi bir zamanda Pekini də narazı sala bilərlər.

Beynəlxalq güclər arasında balanslı siyasət yürütməyə çalışan və Qazaxıstanın 7000 km quru sərhədinə malik olduğu Rusiya ilə praqmatik münasibətləri qorumağa cəhd edən Tokayev isə hazırkı gərgin geosiyasi situasiyadan faydalanaraq Putinlə öz oyununu qura bilir.

Qəzənfər Həmidoğlu

Xəbər 1896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +