Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


08.04.2022  11:44 

Nələr ORUCu batil edir?





A+  A-

Oruc insanın Allah-taalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanına qədər səkkiz əməldən çəkinməsidir. Ayətullah Seyid Əli əl-Hüseyni əl-Sistaninin “İzahlı şəriət hökümləri” adlı kitabında səkkiz şeyin orucu batil etdiyini bildirir.

Onlar hansılardır?

1. Yemək və içmək

Əgər oruc tutan şəxs oruc tutduğunu bilə-bilə qəsdən bir şey yesə və ya içsə orucu batil olur, istər çörək və su kimi yeyilməsi adət olan şeylərdən olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adət olmayan şeylərdən olsun; istər az olsun, istərsə də çox, hətta diş fırçasını ağızdan çıxarıb yenə ağızına daxil etsə və onun rütubətini udsa, oruc batil olur. Amma fırçanın rütubəti «xarici rütubətdir» deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.

Yeməyə məşğul olarkən sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarə də vacib olur.

Əgər oruc tutan kəs bir şeyi səhvən yesə, ya içsə, orucu batil olmaz.

İynə və sistem, hərçənd bədəni gücləndirmək üçün, yaxud sistem şəkərli və ya duzlu olsa belə orucu batil etmir. Həmçinin təngənəfəslik üçün istifadə olunan sprey də eynilə, əgər dərmanı təkcə ağ ciyərə daxil etsə, orucu batil etməz. Eləcə də gözə və ya qulağa dərman tökülməsi də orucu batil etməz, hətta onun dadı boğaza çatsa belə. Əgər dərmanı buruna töksələr və o, boğaza çatmasa orucu batil etmir.

Əgər oruc tutan dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar.

Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım deyil. Əgər dişlərinin arasında qalan yemək qırıntısının, gündüz boğazına gedəcəyini bilirsə, gərək təmizləsin.

Ağız suyunu udmaq (hətta əgər turş və digər şeyləri xəyala gətirməklə ağıza yığılsa da), orucu batil etmir.

Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar.

Əgər oruc tutan şəxs susayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, ehtiyat-lazıma əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin.

Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq (təsadüfən boğaza yetişsə belə) orucu batil etməz. Əgər insan əvvəlcədən yeməyin boğaza çatacağını bilirsə, orucu batil olur və qəzasını tutması, həmçinin kəffarə də verməsi ona vacibdir.

Məsələ 1563: İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Lakin onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur.

2. Cima

Cima orucu batil edir. Hətta əgər təkcə sünnət yeri miqdarında daxil olsa və məni gəlməsə belə.

Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa da, orucu batil olur.
Əgər batil edən bir iş etməyibsə, ona kəffarə vacib deyil.

Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olduğu təqdirdə orucu batil olmaz. Amma cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa orucu batildir.

3. İstimna

Əgər oruc tutan istimna etsə orucu batil olar.
Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.

Oruc tutan şəxs gündüz yatacağı təqdirdə mühtəlim olacağını (yəni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə də, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz.

Əgər oruc tutan məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.

Oruc tutub möhtəlim olan şəxs bövl etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə belə, bövl edə bilər.

Oruc tutan şəxs möhtəlim olsa və məninin kanalda qaldığını bilib qüsldən qabaq bövl etmədiyi təqdirdə qüsldən sonra məni gələcəksə, ehtiyat-müstəhəbə əsasən gərək qüsldən əvvəl bövl etsin.

Məni xaricə çıxarmaq məqsədi ilə zarafat edən, yaxud özü ilə oynayan şəxsdən məni gəlməsə, yenidən oruc niyyəti etməsə orucu batildir. Əgər oruc niyyəti etsə, ehtiyat-lazıma əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır.

Əgər oruc tutan şəxs məni çıxarmaq məqsədi olmadan, məsələn, öz qadını ilə mazaqlaşarsa, ya zarafatlaşsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Lakin məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.

4. Allah və Peyğəmbərə (s) yalan isnad vermək

Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal “yalan dedim” deyərək tövbə etsə belə, ehtiyat-lazıma əsasən orucu batil olur. Həmçinin həzrət Zəhraya (s.ə), digər peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək ehtiyat-müstəhəbə əsasən eyni hökmü daşıyır.

Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, ehtiyat-vacibə əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (s) və imamlara (ə) nisbət verməsin.

Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək Allahın və ya Peyğəmbərin (s) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu batil olmaz.

Əgər bir şeyin yalan olduğunu bilərək onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə ehtiyat-lazıma əsasən gərək orucu tamamlasın və qəzasını da yerinə yetirsin.

Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, ehtiyat-lazıma əsasən orucu batil olur. Amma o yalanı uyduran şəxsin dilindən nəql edərsə eybi yoxdur.

Əgər oruc tutandan “Peyğəmbər (s) belə bir söz buyurmuşdurmu” deyə soruşsalar, “yox” əvəzinə qəsdən “bəli” desə, yaxud “bəli” əvəzinə qəsdən “yox” desə, ehtiyat-lazıma əsasən orucu batil olur.

Əgər Allahın və Peyğəmbərin (s) adından düz sözü desə də, sonra “yalan demişəm” desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, “dünən gecə dediyim söz düzdür” ehtiyata əsasən orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.

5. Tozu boğaza çatdırmaq

Ehtiyat-vacibə əsasən qatı tozu boğaza çatdırmaq orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.

Qatı olmayan tozu boğaza çatdırmaq orucu batil etmir. Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, ehtiyat-vacibə əsasən orucu batil olar.

Ehtiyat-vacib budur ki, oruc tutan siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.

Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma boğazına yetişməyəcəyini güman edilsə, o günün orucunu qəza etməsi daha yaxşıdır.

Əgər oruc olduğunu unudub diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına çatarsa, orucu batil olmaz.

Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var.

6. Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq

Əgər cünub olan şəxs Ramazan ayında qəsdən sübh azanına qədər qüsl etməsə və ya vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Həmin günün də qəza, yaxud üqubət (cəza) orucu olması məlum olmadığından həm o günün orucunu Ramazan ayından, həm də o günün yerinə tutacaq orucu mafi-zimmə qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir.
Ramazan ayının orucunun qəzasını tutmaq istəyən kəs sübh azanına qədər qəsdən cünub halda qalsa o günü oruc tuta bilməz. Əgər qəsdən olmasa, o gün oruc tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir.

Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib və müstəhəb orucda cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər.

Ramazan ayı gecəsində cünub olan şəxs qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, gərək təyəmmüm edib oruc tutsun və orucu səhihdir.

Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etməlidir. Məsələn, üç, ya dörd gün cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin.

Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs özünü cünub edərsə, orucu batildir, qəza və kəffarə də ona vacibdir.

Əgər qüsl üçün vaxt olmadığını bildiyi halda özünü cünub etsə, yaxud vaxt ola-ola qəsdən vaxt daralıncaya qədər qüslü təxirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu səhihdir.

Ramazan ayı gecəsində cünub olan şəxs yatdığı təqdirdə sübhə qədər oyana bilməyəcəyini bilərsə, ehtiyat-vacibə görə qüsl etmədən yatmamalıdır. Əgər qüsl etməzdən qabaq ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, o günün orucunu tamamlamalıdır, qəza və kəffarə də ona vacib olur.

Cünub olan bir şəxs Ramazan ayı gecəsində yatıb sonra oyanarsa, əgər yenidən yatdığı təqdirdə sübh azanından qabaq oyanacağına ehtimal versə yata bilər.

Ramazan ayı gecəsində cünub olan şəxs yatdığı təqdirdə sübh azanından qabaq oyanacağına yəqini olsa, yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa orucu səhihdir.

Ramazan ayı gecəsində cünub olan və yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olmayan şəxs oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olub yatarsa və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona vacib olur.

Ramazan ayı gecəsində cünub olan yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən şəxs, oyanacağından sonra qüsl etmək istəməzsə, əgər yatıb oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza etməsi və kəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də ehtiyat-lazıma əsasən eyni hökmü daşıyır.

Cünub olan şəxs Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olarsa və ya ehtimal verərsə, habelə, oyandıqdan sonra qüsl etmək qərarında olarsa, belə ki, yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməlidir və ehtiyat-müstəhəb budur ki, kəffarə də versin.

İnsanın möhtəlim olması baş verən yuxu, birinci yuxu hesab olunur. Buna əsasən əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, əvvəlki məsələdə deyildiyi kimi gərək o günün orucunu qəza etsin.

Əgər oruc tutan gündüz möhtəlim olsa, dərhal qüsl etməsi vacib deyil.
Ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim olduğunu görərsə, azandan qabaq möhtəlim olduğunu anlasa da, orucu səhihdir.

Ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs sübh azanından sonra oyanıb möhtəlim olduğunu görərsə və sübh azanından qabaq möhtəlim olduğunu anlayarsa, o günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər.

Əgər qadın sübh azanından əvvəl heyz, yaxud nifasdan pak olsa və qəsdən qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, gərək o günün orucunu tamamlasın, qəzasını da tutsun. Ramazan ayının qəzasında da qəsdən qüsl və ya təyəmmüm etməsə, ehtiyat-vacibə görə o günü oruc tuta bilməz.

Ramazan ayı gecəsində heyz və ya nifasdan pak olsa, vaxt daralıncaya qədər qəsdən qüsl etməsə, gərək təyəmmüm etsin, (bu halda) o günün orucu səhihdir.

Əgər qadın sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü eynidir.

Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa, qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir.

Əgər qadın sübh azanından sonra heyz və nifas qanından pak olsa, yaxud gün arasında heyz və ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir.

Əgər qadın heyz, yaxud nifas qüslünü unutsa, bir, ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir.

Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib sübh azanına qədər qüsl etməzsə və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, o günün orucunu tamamlamalı, qəzasını da etməlidir. Amma səhlənkarlıq etməzsə, məsələn, qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir.

Kəsirə istihazəli olan qadın hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinə, 393-cü məsələdə deyildiyi şəkildə əməl etməsə də, orucu səhihdir. Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir.

Məssi-meyit edən şəxs, yəni bədəninin bir yerini meyitin bədəninə toxunduran məssi-meyyit qüslü etmədən oruc tuta bilər. Əgər oruc halında meyitə məss etsə də orucu batil olmaz.

7. İmalə etmək (klizma)

Axıcı şeylə imalə etmək çarəsizlik və müalicə üzündən də olsa, orucu batil edir.

8. Qusmaq

Əgər oruc tutan şəxs qəsdən qussa, hətta xəstəlik və s. səbəb üzündən qusmağa naçar olsa, orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa, eybi yoxdur.
Əgər gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi gecə yeyərsə, orucu səhihdir.
Əgər oruc tutan qusmasının qarşısını alacağı təqdirdə vəziyyəti dəyişib öz normal halından çıxarsa, qarşısını alması lazım deyil.

Oruc tutan şəxsin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Əgər bu qədər aşağı getməmişsə, qusmaq da lazımsa, onu xaricə çıxarmalıdır. Əgər qusmanın ona zərəri və ya artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur.

Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mədəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.

Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur.

Əgər oruc tutan şəxs gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.

Orucu batil edən əməllərin hökmləri

Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs 1602-ci məsələdə deyildiyi kimi yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma insan orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə və bu barədə bir şübhəsi də olmasa, ya da şəri bir dəlilə istinadı olub o işi edərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.

Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini etsə və belə xəyal etsə ki, orucu batil olub və qəsdən ikinci dəfə o işlərdən etsə, keçən məsələdəki hökm ona da aid olur.

Əgər oruc tutan şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma onu orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn, əgər ona “yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik” desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şeydən başqalarında da ehtiyat-vacibə görə batil olur.

Oruc tutan kiminsə bir şeyi onun boğazına tökəcəyini və ya özünün orucunu batil edəcəyinə məcbur olunacağını bildiyi yerə gərək getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən etsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, ehtiyat-lazıma əsasən, eyni hökmü daşıyır.

Xəbər 3708 dəfə oxunub.




25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +