11.11.2020 16:32
“Xocavənd, Xankəndi və Xocalı sakinlərinə Azərbaycan pasportu veriləcək”
Millət vəkili Vahid Əhmədov Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün keçirdiyi hərbi əməliyyatların sonunda Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələnən üç tərəfli bəyanatın imzalanması və bu bəyanatda qeyd edilən, cəmiyyətdə bəzi kəsimi narahat edən məqamları şərh edib.
XəzərNews.az-ın məlumatına görə, V. Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu bəyanatla Azərbaycan ərazi bütövlüyünü təmin edib: “Bəzi adamlar deyirlər ki, Rusiya sülhməramlılarının Laçın dəhlizinə yerləşdirilməsi Azərbaycana rus ordusunun daxil olması deməkdir. Mən elə deməzdim. Çünki mənim aldığım məlumata görə, artıq Türkiyənin də sülhməramlıları oradadır, Laçın dəhlizində və digər ərazilərdə birgə işləyirlər. Türkiyə bu məsələdə kənarda saxlanılmamalıdır. Türkiyə təkcə Monitorinq Mərkəzində olmayacaq, həm Mərkəzdə, həm də Laçında, Xankəndidə, digər yerlərdə olacaq və artıq var.
Biz elə fikirləşməməliyik ki, rus ordusu Azərbaycana daxil olur. Buna son nəfəsimizə qədər icazə verən deyilik. Amma sülhməramlı qüvvə kimi işləsin, ciddi silahları da yoxdur. Mən arxayınam ki, Türkiyə sülhməramlıları da orada işləyəcək və birgə bütün məsələlər həllini tapacaq”.
Millət vəkili V.Əhmədov qeyd edib ki, ermənilərin yaşayacağı ərazilər də Azərbaycan rayonları kimi tanınacaq və onlara Azərbaycan pasportu veriləcək:
“Laçın dəhlizi də Azərbaycan dövlətinin ərazisi kimi qalır və o bölgədə bütün məsələlərə, Laçın dəhlizi də daxil olmaqla təhlükəsizliyə Azərbaycan dövləti təmin verir. Əvvəl DQMV var idi, status var idi, müəyyən hökumət var idi, indi heç biri yoxdur. Xocavənd, Xankəndi, Xocalı Azərbaycanın rayonlarıdır. Bu rayonlara dövlət başçısı tərəfindən icra başçıları, prokuror, polis və digər hüquq-mühafizə orqanlarının başçıları təyin ediləcək. Onlara da göstəriş veriləcək ki, Azərbaycan vətəndaşları bu rayonlarda gəlib yaşaya bilər. Kim Azərbaycan vətəndaşıdır gəlib yaşasın, kim bunu qəbul etmirsə, orada daimi yaşaması mümkün deyil. Burada ciddi məsələlər var, elə-belə deyil ki, kim istəyir gəlsin yaşasın. Orada terroristlər var, təxribatçılar gələ bilər. Biz sadəcə çevik işləməliyik ki, o ərazilərdə öz hakimiyyətimizi tez quraq.
Xocavənd, Xankəndi, Xocalı və bütün ərazilər Azərbaycanın tərkibində qalır, çünki Azərbaycanın əraziləridir. Başqa kimin ola bilər ki. Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Bizim üçün ən əhəmiyyətli məsələlərdən biri olan status-kvo artıq yoxdur, vilayət yoxdur. Bunlar hamısı bizim rayonlarımızdır. Başçı təyin edəcəyik, gedib qurub yaradacaqlar.
Həmin ərazilərdə Ermənistan dövlətinə heç bir idarəetmə verilmir. Biz o qədər qanı ondan ötrü tökməmişik ki, Ermənistan dövlətinə idarəetmə verək. Müharibənin ilk günlərində cənab Prezident Ermənistana təklif etdi ki, silahları yerə qoyun, gəlin danışaq. Amma onlar buna getmədilər, dedilər yox, biz vuruşacağıq. Vuruşdular və biz Şuşanı alandan sonra gördülər ki, uduzdular. Onların sabahkı taleyi, Ermənistanın dövlət kimi qalıb-qalmayacağı sual altındadır. Bölgədə vəziyyət tamamilə dəyişib, yeni bir güc peyda olub – Türkiyə dövləti. Çox güclü bir lideri var və dünyada bəzi məsələlərin həllində hamı ona qulaq asır və onun dediyi ilə hesablaşır. Suriyada, Liviyada, Aralıq dənizində bunu gördük. Qarabağ məsələsində də Türkiyə çox aktiv iştirak etdi və bu gün iştirak edir”.
Deputat vurğulayıb ki, bəyanatdakı ən böyük maddələrdən biri Naxçıvanla Mehri və Zəngilan arasında yolun açılmasıdır: “Hətta əlavə yolun çəkilməsi də ora salınıb. Bu həm Türkiyənin, həm də Azərbaycanın marağındadır. İlham Əliyevin ən üstün məqamlarından biri bu oldu ki, bu maddəni razılaşmaya saldırdı. Orada dəmir yolu işləyəcək, avtomobil yolu olacaq, Çin-Azərbaycan-Türkiyə-Avropa arasında İpək yolu var, bu böyük bir əhəmiyyətli layihədir. Bu layihə işlənib hazırlanacaq, məncə, ən gec bir il müddətinə bu yol açılacaq. Azərbaycan-Naxçıvan-Türkiyə birləşəcək və böyük bir problem həll ediləcək”.
Xəbər 2664 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|