07.06.2018 14:46
Azərbaycanlı müğənninin narkotik biznesi üzə çıxdı - İş başında yaxalandı
Narkotik vasitələrin alverində ittiham olunan Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Əbülfəz Cəbiyev, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
XəzərNews.az publika.az-a istinadən xəbər verir ki, Əbülfəz Cəbiyev tanışı Elnur Məmmədov və istintaqa məlum olmayan şəxslə külli miqdarda narkotik vasitələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.
Elnur Məmmədovun sifarişi ilə 27 dekabr 2016-cı il tarixdə saat 23 radələrində Astara rayonu Kijəbə kəndi ərazisində naməlum mənbədən külli miqdarda narkotik vasitə olan 2 ədəd şəffaf torbada 875,0 qram və 1030,0 qram, cəmi təmiz çəkisi 1905,0 qram olan tiryək və 1 ədəd ağ rəngli sellofan torbanın içərisində 146 ədəd plastmas flakonlarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddə hesab edilən cəmi çəkisi 14,6 qram olan külli miqdarda "Mydrax-Tropikamid" maddəsi əldə edib.
Yalçın Məmmədov həmin narkotik vasitəni idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşınla Elnur Məmmədova vermək üçün daşıyarkən Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 28-də həbs edilib.
Elnur Məmmədov 1 ədəd bükümdə xalis çəkisi 16,75 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranını qanunsuz olaraq əldə edib və üzərində saxlayıb. O, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi, 269 saylı ünvanda yerləşən "Elite" ticarət mərkəzinin yaxınlığına həmin narkotik vasitəni gətirib. 19 iyun 2016-cı il tarixdə həmin ünvanda 80 manat pulun müqabilində Ramil Şükürova satıb.
Bundan başqa Elnur Məmmədov təkrarən tanışı Əbülfəz Cəbiyev və istintaqa məlum olmayan şəxslə birlikdə narkotik vasitələrin satışını təşkil etməyə razılaşıblar. Onun sifarişi ilə Əbülfəz Cəbiyev 27 dekabr 2016-cı il tarixdə saat 23 radələrində Astara rayonu Kijəbə kəndi ərazisində naməlum mənbədən külli miqdarda narkotik vasitə olan 2 ədəd şəffaf torbada 875,0 qram və 1030,0 qram, cəmi təmiz çəkisi 1905,0 qram olan tiryək və 1 ədəd ağ rəngli sellofan torbanın içərisində 146 ədəd plastmas flakonlarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddə hesab edilən cəmi çəkisi 14,6 qram olan külli miqdarda "Mydrax-Tropikamid" maddəsi əldə edib. O, Yalçın Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşınla daşıyarkən polis əməkdaşları tərəfindən həmin narkotik vasitələr aşkarlanıb.
Bundan başqa Əbülfəz Cəbiyev 2,914 qram çəkidə narkotik vasitə olan tiryək əldə edərək üzərində saxlayıb, 6 fevral 2017-ci il tarixdə, saat 22.30-da polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Zövlə kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Cinayət işində adı keçən Ramil Şükürov və Yalçın Məmmədovun barələrində olan cinayət işi ayrıca icraatlarda araşdırılıb.
"Nə qədər pul verəcəyini soruşmadım"
İstintaq orqanı tərəfindən Əbülfəz Cəbiyev və Elnur Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
Hər iki təqsirləndirilən şəxsin cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfəz Cəbiyev bildirib ki, 28 dekabr 2016-cı il tarixdə yaşadığı evdə axşam yatdığı vaxtı, həyat yoldaşı onu oyadıb və deyib ki, tanışı Elnur onların həyətinə gəlib, onu istəyir: "Telefonuma baxdıqda gördüm ki, Elnur mənə zəng vurub. Çarpayıdan qalxıb həyətə duşdüm. Həyətdən çıxaraq küçədə qapı qarşısında Elnurla görüşdüm. Elnur mənimlə salamlaşdı və dedi ki, sənin maşının haradadır? Elnura "mənim maşınım nasaz olduğu üçün avtoservisdədir, təmirə qoymuşam", - dedim. Elnur isə mənə "taksi tapıb Astara rayonuna gedə bilərsən?", - dedi. Ona gedə biləcəyimi söylədim. Bu zaman Elnur adını demədiyi şəxsin mobil nömrəsini verərək, dedi ki, bir taksi tutub Astara rayonuna tərəf get, Astarada olanda həmin mobil nömrəyə zəng elə, həmin şəxslə görüş, həmin şəxs sənə narkotik maddələr verəcək, narkotik maddələri götürüb Lənkəran şəhərinə gətirib mənə verərsən, sənə pul verərəm. Elnurla razılaşdım, lakin nə qədər pul verəсəyini soruşmadım".
"Dedim ki, sənin nömrəni mənə Elnur verib"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elnur sonra tanımadığı bir taksi maşınına əyləşərək gedib: "15-20 dəqiqədən sonra uzun illərdir tanıdığım taksi kimi işləyən, tanışım Digah kəndində yaşayan Yalçın adlı şəxsin mobil telefonuna zəng vurdum. Telefonda Yalçına dedim ki, gəl, bizə tərəf, mən həyətdən yola çıxıram. Bundan 5-10 dəqiqə keçdikdən sonra Yalçın idarə etdiyi "Mercedes" markalı avtomaşınla dediyim yerə gəldi, idarə etdiyi maşına əyləşdim. Dedim ki, maşında yanacaq var? Yalçın isə yanacaq az olduğunu dedi. Bu zaman Yalçına 10 manat verdim, dedim ki, yolda maşına yanacaq vur, biz Astara rayonuna gedək. Yalçının idarə etdiyi avtomaşınla Astara rayonu istiqamətinə yola düşdük. Yolda Yalçın Şürük kəndində yanacaqdoldurma məntəqəsində maşına benzin vurdurdu. Astara rayonu ərazisinə daxil olduqda Elnurun mənə verdiyi mobil nömrəyə zəng etdim, adını bilmədiyim şəxsə telefonda dedim ki, sənin nömrəni mənə Elnur verib, mən Astara rayonuna keçmişəm. Həmin şəxs telefonda mənə "gəl Astara rayonu Kijəbə kəndinə, sonra mənə zəng elə" dedi. Kijəbə kəndinə çatdıqdan sonra həmin şəxsə yenidən zəng vurdum. Ona "mən Kijəbə kəndinə taksi ilə gəlmişəm" dedim. Mənə gözləməyimi, bir neçə dəqiqəyə çatacağını söylədi".
"Üzünü mənə göstərmədi"
Əbülfəz Cəbiyev qeyd edib ki, maşında təxminən 30 dəqiqə gözləyib, xəbər çıxmadığına görə həmin nömrəyə yenidən zəng vurub: "Həmin şəxs telefonda dedi ki, sağ tərəfə bax, sənə təpə tərəfdən fanar vasitəsilə işıq saçıram, işıq saçan tərəfə bax. Həmin şəxsin işıq saçdığını gördükdə maşından düşdüm. Yalçına dedim ki, maşını döndər gəldiyimiz tərəfə hazır vəziyyətdə saxla, mən indi gəlirəm. Sonra özüm tək həmin şəxsin işıq saçdığı tərəfə getdim. Həmin şəxsə yaxınlaşdıqda təxminən 8-10 metr aralıda olduqda mənə dayanmağı söylədi. Onun üzünü görə bilmədim, qaranlıq olub, həm də həmin şəxs öz üzünü mənə göstərmədi".
"Torbada nə olduğunu bilmədi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra ona "sağ tərəfə bax, kolun yanına bax, narkotik maddələr və dərmanlar oradadır" deyib: "Sağ tərəfində olan kolluğa tərəf gedərək ora baxdım. Həmin şəxs fanarla işıq vurdu, kolluğun yanında yerdə bir ədəd ağ rəngli sellofan torbanı götürdüm. Həmin şəxs dedi ki, torbanı götür, get. Bir ədəd torbanı götürərək təpədən aşağıya düşdüm, maşının yanına gəldim. Maşına əyləşərkən əlimdə olan torbanı Yalçının idarə etdiyi maşının arxa oturacağına qoydum. Yalçın torbada nə olduğunu bilmədi. Özüm isə qabaq oturacaqda əyləşdim. Yalçına maşını Lənkərana sürməsini bildirdim".
"Narkotik vasitələr qablaşdırıldı"
Əbülfəz Cəbiyev qeyd edib ki, Ələt-Astara avtomobil yolu ilə Lənkəran rayonu, Səpnəkəran kəndi ərazisindən Lənkəran şəhəri istiqamətinə gedərkən yolun kənarında yol polisinin maşınını görüb, Yalçının içkili olduğuna bildim və ehtiyatlı olmasını, maşını ehtiyatla sürməsini istədim: "Yalçın isə mənə narahat olmamağı söylədi. Yol polisi avtomaşını saxladı. Yalçına maşında narkotik maddələr və dərmanlar olduğunu dedim. Sonra polis əməkdaşları düşərək bizə yaxınlaşdı və özlərini təqdim etdilər. Yalçının idarə etdiyi avtomaşınla bizi Lənkəran şəhərində yerləşən polis şöbəsinin həyətinə gətirdilər. Polis şöbəsində şübhəli şəxs kimi tutulduq, hüquq və vəzifələrimiz elan olundu. Müdafiəçi ilə təmin edildik və iki nəfər hal şahidlərinin iştirakları ilə mənim olduğum, Yalçının idarə etdiyi "Mercedes" markalı maşınına baxış keçirildi. Baxış zamanı avtomaşının içərisində, salonda arxa sağ oturacağın üstündə bir ədəd iri torbanın içərisində iki ədəd torba aşkar edildi. Onlardan bir ədəd şəffaf sellofan torbanın içində iki ədəd şəffaf sellofana bağlanmış narkotik maddələr olan tiryək aşkar olundu, digər bir ədəd ağ rəngli sellofan bağlamanın içərisində 146 ədəd flakonda güclü təsiredici maddə olan Mydrax politelin (lak) məhlulları aşkar olundu. Həmin vaxtı fotoşəkillər çəkildi. Baxış keçirilən vaxtı maşında bunlardan başqa heç bir cinayət xarakterli əşya aşkar edilmədi. Sonra şöbənin xidməti otaqlarının birində maşından aşkar edilmiş iki bağlamada tiryəklər elektron tərəzidə çəkildikdə 1 kiloqram 935 qram çəkidə oldu. Həmin narkotik maddə tiryəklər qablaşdırılmış, üstü möhürlənmiş, imzalanmışdı. Aşkar olunmuş 146 ədəd flokonlarda olan Mydrax məhlulları isə başqa bir torbada qablaşdırıldı, üzərinə möhür vuruldu və imzalandı".
"Kifayət qədər pul verəcəyini bildirdi"
Əbülfəz Cəbiyev bildirib ki, polis əməkdaşlarına şifahi sorğu zamanı hər şeyi etiraf edib və səmimi olaraq bildirib ki, Yalçının maşınında arxa oturacaqdan aşkar edilmiş iki ədəd sellofandakı maddələr tiryəkdir, 146 ədəd flakonda olan məhlular isə güclü təsir edici maddə Mydrax məhluludur: "Həmin tiryək və dərmanlar Elnur Məmmədovundur, Astara rayonu Kijəbə kəndində üzünü görmədiyim şəxsdən Elnur üçün gətirərkən polis əməkdaşları Səpnəkəran kəndində bizi saxlayıb polis şöbəsinə gətirdilər. Sonra xidməti otaqda üzərimə axtarış keçirildi, axtarış zamanı üstümdə heç bir qanunsuz əşya aşkar olunmadı. Mənə məxsus "Nokia" markalı sadə mobil telefonu aşkar edilərək götürüldü. Bunlarla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edildi. Protokolun məzmunu ucadan oxunduqda, doğru bilib imzaladım. Mənə qarşı heç bir təzyiq və ya təsir edilməyib. Həmin tanışım Elnur adlı şəxs müğənnidir, toylarda mahnı oxuyur, Masallı rayonu Türkoba kəndində yaşayır. Elnur üçün ilk dəfə idi ki, bu cür iş görürdü, sonuncu üçün narkotik maddə tiryək və güclü təsiredici dərmanlar gətirdim. Həmin maddələri və dərmanları Elnura verib çatdırdıqdan sonra bunun müqabilində Elnur mənə kifayət qədər pul verəcəyini bildirdi".
"Tiryəki cibimə qoyublar"
Digər təqsirləndirilən Elnur Məmmədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 6 fevral 2017-ci il tarixdə, axşam saat 22-23 radələrində Lənkəran rayonu, Zövlə kəndində yerləşən kafedə olan zaman birdən bir neçə polis əməkdaşı gələrək onu saxlayıb və avtomaşınla polis şöbəsinə gətiriblər: "Polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi. Baxış zamanı əynimdəki şalvarın cibindən 2700 dollar və 61 manat pul aşkar edildi. Bundan başqa cibimdə narkotik vasitə olan tiryək aşkar edildi. Lakin həmin tiryək mənə məxsus olmayıb. Həmin tiryəki polis əməkdaşları cibimə qoyublar".
"Borclu olduğu pulu..."
Elnur Məmmədovun sözlərinə görə, 28 dekabr 2016-cı il tarixdə gecə tanışı Lənkəran şəhər sakini, Əbülfəz Cəbiyevdən aşkar edilərək götürülmüş narkotik vasitələr onun deyil, bunlardan xəbəri yoxdur: "Əbülfəzi Astara şəhərinə narkotik maddə üçün göndərməmişəm, onun Astara şəhərinə kim göndərdiyini bilmirəm. Dekabrın 28-də gecə Əbülfəzin istifadəsində olan telefona çoxlu sayda zənglər etmişəm. Səbəb isə ondan borclu olduğu pulu tələb etmək olub".
Elnur Məmmədov bildirib ki, 19 iyun 2016-cı il tarixdə "Elite" ticarət mərkəzinin yaxınlığında Ramil Şükürova narkotik vasitə həşiş satmayıb: "Binəqədi qəsəbəsi ərazisində Ramilin xalası oğlu Səbuhi ilə aramızda torpaq mübahisəsi ilə əlaqədar narazılıq yaranıb. Ola bilsin ki, Ramil həmin hadisəyə görə mənimlə qərəzlidir, məni şərləyir".
Cəzalar
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbülfəz Cəbiyev 8 il 6 ay, Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Əbülfəz Cəbiyev barəsində yüngül cəzanın təyin edilməsini istəyib.
Elnur Məmmədov isə ittihamları qəbul etməyib və şərlənərək həbs edildiyini şikayətində qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.
Hakim kollegiyası sonda təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğu nəticəsinə gəlib. Məhkəmə onların şikayətlərini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xəbər 2352 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|