20.09.2018 14:29
Hökumət niyə ünvanlı sosial yardımdan imtina edir? – Təhlil
Azərbaycanda iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi üçün ölkədə dövlət tərəfindən verilən ünvanlı sosial yardımların ləğv edilməsi təklif edilib. Bu barədə təklifi Hesablama Palatasının sektor müdiri Siyavuş Mustafev irəli sürüb.
Hesablama Palatasının rəsmisi təklif edib ki, nəticəliliyi və davamlılığı təmin etmək üçün dövlət büdcəsinin vəsaiti hesabına verilən ünvanlı dövlət sosial yardımı tədricən azaldılmalı və ləğv edilməlidir. Onun əvəzinə özünüdəstək mexanizmləri genişləndirilməlidir.
Beləliklə, ünvanlı sosial yardımdan rəsmən imtina edilir. Onsuz son 2 ildə ünvanlı sosial yardımların verilməsi faktiki olaraq dayandırılmışdı. İndi məsələnin rəsmən həllinə hazırlıq başlayıb. Təklifin Millli Məclisin törəmə strukturu olan Hesablama Palatasından gəlməsi də başqa bir absurddur. Palatanın mandatına yalnız büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin monitorinqini aparmaq daxildir. Konkret desək, palatanın belə təkliflə çıxış etmək səlahiyyəti yoxdur. Palata yalnız onu deyə bilər ki, ünvanlı sosial yardımlar mənimsənilib, yoxsa yoxsul insanlara paylanılıb – vəssalam!
Ünvanlı sosial yardımların verilməsi meyarlarını yada salın. Sərəncamında hətta paltaryuyan maşın olan ailələrə belə yardım ayrılmır. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edir ki, ailənin paltar yuyan maşını varsa, o yoxsul sayıla bilməz.
Yəni paltaryuyan maşını da satıb daha rəzil günə qalmalıdır ki, dövlət mərhəmət əlini ona uzatsın. Ünvanlı sosial yardımların verilməsindəki korrupsiya hallarından danışmaq isə artıqdır – bu hər birinizə bəllidir. İndi isə rəsmən ünvanlı sosial yardımlardan imtina edilir. Dövlət büdcəsinin xərclərinə yoxsulların pulunu kəsməklə qənaət edilir.
Konstitusiya ya 2009-cu ildə edilmiş dəyişikliyə görə, Azərbaycan sosial dövlətdir. Bu gün isə sosial dövlətin son əlamətləri də ləğv edilir.
Ünvanlı sosial yardımlar, çoxuşaqlı ailələrə verilən müavinətlər faktiki dayandırılıb, fiziki qüsurlu əlillərin pensiyası faktiki ləğv edilir, dövlət səhiyyə müəssisləri rəsmən pullu xidmətə keçir, ali təhsilin 80 faizi pulludur. Bir sözlə, sosial dövlət modelindən rəsmən imtina edilir.
Hökumət bu yaxınlarda daha bir sosial ideyanı ana bətnindəcə dəfn etdi. Söhbət sosial evlərin əhaliyə satılmasından gedir. Sosial evlərin satışa çıxarılması “sosial ev” fəlsəfəsinə ziddir. Bu evlər kasıb ailələrə simvoliklə məbləğə - ayda 20-30 manata kirayə veriməli idi. Ancaq evlər sırf kommersiya şərtlərinə uyğun olaraq satıldı. Kobud desək, hökumət “pulun varsa giriş, yoxsa sürüş” prinsipi ilə işləyir.
Kasıb təbəqə üçün bütün nəfəsliklər qapadılır. Bu artıq sosial siyasət yox, sosial fəlakət siyasətidir.
Avropa Birliyi ölkələrində yoxsulluq həddi 17 faizdir. Yəni əhalinin 17 faizini dövlət birbaşa öz himayəsinə alaraq bütün xərclərini qarşılayır. Bizdə isə statistikanı saxtalaşdıraraq yoxsulluq həddini 5 faizə “endiriblər”. Ancaq heç 5 faizə də sahib çıxmaq istəmirlər.
Avropada yoxsulluq meyarı paltaryuyan və yaxud unitazla yox, vətəndaşın bahalı sosial xidmətlərə çıxışının olub-olmaması ilə ölçülür. Konkret desək, evin, işin, hətta avtomobilin ola bilər, ancaq xəstələnəndə yüksək səviyyəli tibbi xidmətdən faydalana bilmirsə, avtomatik dövlətin himayəsi altına keçir. Azərbaycanda isə olan-qalan sosial işartılar da ləğv edilir, kasıb təbəqə rəzil duruma salınır, əvəzində isə statistikanı saxtalaşdırıb “uğurlu sosial siyasət” haqda nağıllar uydururlar.
Qadir İbrahimli
Xəbər 14714 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|