12.01.2018 10:31
“Yanan bina” işində sirr pərdəsi götürülür - Daha bir ad ortaya çıxdı
Bina tez yanan üzlüklə sabiq nazirin müşavirinin sifarişi ilə üzlənibmiş...
Azərbaycan tarixinin ən məşum olaylarından biri - 2015-ci ildə Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı son dərəcə ilginc məlumatlar almışıq. Həmin ilin mayında bir göz qırpımında hündürmərtəbəli bina kibrit çöpü kimi alışaraq külə dönmüşdü. Dəhşətli yanğın 15 nəfərin həyatına son qoymuş, 56 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Olaydan dərhal sonra hüquq-mühafizə orqanları binanın bu şəkildə yanıb külə dönməsini tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə izah etdilər. Həmin dövrdə məşum olayın yaşanmasına yol açan materialın binaya kimin istəyi və sifarişi ilə vurulduğu sualı aktullaşdı. Azərbaycanda belə işlərin sifarişçisi rolunda adətən yerli icra hakimiyyətləri çıxış etdiklərindən bütün diqqət Binəqədi Rayon İcra Hakimiyyətinə, konkret olaraq icra başçısı Xaləddin İsgəndərova yönəldi. Amma həbsə alınan başqaları oldu.
XəzərNews.az-ın xəbərinə görə, “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Vergilər Nazirliyi rəhbərliyində baş verən dəyişikliklər yanan binanın üzlənməsi ilə bağlı gizlədilməyə çalışılan faktların üzərindən sirr pərdəsini götürə bilər.
Fazil Məmmədovun işdən qəfil qovulması və Mikayıl Cabbarovun vergilər naziri postuna gətirilməsindən 1 aydan bir qədər artıq vaxt ötür. Gözlənildiyi kimi, yeni nazir köhnənin komandasını postlarından uzaqlaşdırmağa başlayıb. M.Cabbarovun qərarı ilə Fazil Məmmədovun işə götürdüyü 64 vergi məmuru işdən uzaqlaşdırılıb. Onların arasında Qüdrət Seyfullayev də var. Bu şəxs Fazil Məmmədovun müşaviri olub. Bu vəzifəyə təyinata qədər isə Qüdrət Seyfullayev Fazil Məmmədovun biznes lahiyələrinin gerçəkləşdirilməsində, təmir-tikinti işlərinin aparılmasında fəal iştirak edib.
Redaksiyamıza daxil olan məlumata görə, Fazil Məmmədovun tapşırığına əsasən, Qüdrət Seyfullayevin gerçəkləşdirdiyi təmir-tikinti proyektlərindən biri də Binəqədi rayonunda binaların üzlənməsi olub. 2013-cü ildə Fazil Məmmədov “desant”ı Qüdrət Seyfullayevi Binəqədi rayonuna yollayıb. Xaləddin İsgəndərov Qüdrət Seyfullayevi Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə işə götürüb. Binaların tezalışan poliuretanla üzlənməsini sifariş edən də Qüdrət Seyfullayev olub. Onun bu işlərində köməkçisi isə həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətində atasının “yerdə qalan məsələlər” üzrə “müavini” Elnur İsgəndərov olub. Qaynağımız bildirib ki, 2015-ci il mayın 19-da Binəqədidə yanan binanın üzlənməsi də Qüdrət Seyfullayevin sifarişi ilə gerçəkləşib. Həmin üzləmə işlərini Fazil Məmmədova məxsus “Synergy Group” MMC-nin nəzdində yaradılmış firmalardan biri maliyyələşdirib. Həmin vaxt istintaq Qüdrət Seyfullayevin izinə düşüb. Məlum olub ki, Binəqədidə yanan binanın üzlənməsinin təşkili, maliyyələşdirilməsi Qüdrət Seyfullayevin üzərindən gerçəkləşdirilib. Yanan binanı da məhz o təhvil alıb. Sənədlərdə məsul şəxs kimi onun adı keçib. O dövrdə Qüdrət Seyfullayev Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsində çalışıb. İşlədiyi müddətdə binanın həmin materialla üzlənməsini sifariş verib, işlərə nəzarət edib və bina üzlənəndən sonra təhvil götürüb.
Yanan bina işi üzrə həbs olunan Xaləddin İsgəndərovun sabiq 1-ci müavini Qəzənfər Novruzovun, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovun, təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun təhvil-təslim aktlarında adları olmayıb. Sadəcə Qüdrət Seyfullayev Fazil Məmmədovun yaxın adamı olduğuna görə istintaqdan kənar qala bilib. Əslində isə həbs olunmalı şəxslərin siyahısında ilk yerdə Qüdrət Seyfullayev olmalı idi. Məlumata görə, “yanan bina” işi üzrə istintaq aparılanda Qüdrət Seyfullayev və Xaləddin İsgəndərov barəsində ayrıca icraat aparılıb və baxılmamış saxlanılıb. Digərlərinə qarşı hissə iş materialları isə istintaqa göndərilib. Onu da qeyd edək ki, artıq iş üzrə həbs edilmiş Nizami Orucov Fazil Məmmədov işdən qovulmazdan bir neçə gün əvvəl Nizami Rayon Məhkəməsinin qərarına əsasən həbsdən azad olunub. Digər günahsız həbs olunan iki şəxsin də yaxın zamanlarda azad ediləcəyi gözlənilir. Mümkündür ki, “yanan bina” işi üzrə yeni bir araşdırma başlansın və Qüdrət Seyfullayevlə Xaləddin İsgəndərovun əməllərinə hüquq müstəvisində qiymət verilsin.
Qəzetimizin oxucuları bilirlər ki, “Yeni Müsavat” yanğından 3 gün sonra Maliyyə Nazirliyinə informasiya sorğusu ilə müraciət edib.
Həmin sorğunun məzmununu təqdim edirik:
- Bildiyiniz kimi, mayın 19-da Binəqədi rayonunda poliuretan üzlüklü bina yandı, nəticədə 15 nəfər dünyasını dəyişdi, 56 nəfər isə xəsarət aldı. Prezident yanında Dövlət Komissiyasının iclasında binanın üzlənməsi ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Binanın daha keyfiyyətsiz materialla üzlənməsi haqda da danışıldı.
Sizdən xahiş edirik ki, aşağıdakı suallarımıza aydınlıq gətirəsiz:
Binəqədi rayonunda binaların üzlənməsinə dövlət büdcəsindən 2015-ci ilə qədər hər il nə qədər vəsait ayrılıb?
Vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi hansı nəticələr verib?
Ayrılmış vəsaitdən bilavasitə yanmış binanın üzlənməsinə nə qədər vəsait xərclənib?
Həmin binaya ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi həyata keçirilibmi?
Keçirilibsə, nəticəsi necə olub?
Yada salaq ki, binada yanğının qəsdən törədilməsi haqda da fikirlər səslənmidi. Baş Prokurorluğun mətbuat xidmətinə də sorğu ilə müraciət etmişdik. Xidmət rəhbəri Eldar Sultanov bildirmişdi ki, iş üzrə istintaq-əməliyyat qrupu hadisənin qəsdən törədilməsi fərziyyəsi ətrafında da zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirlərini həyata keçirib.
Xəbər 2604 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|