09.08.2017 09:25
“İki dənə meymunluq edən var” - Rasim Balayev
Kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlarla yadda qalan xalq artisti Rasim Balayev ad günü ilə bağlı Modern.az saytına açıqlama verib.
XəzərNews.az xəbər verir ki, 69 yaşı tamam olan aktyor özəl gününü ailəsi ilə keçirdiyini qeyd edib: “Yuvarlaq illərdə beş-on dostumu çağırıram, yeyib-içirik, sağlıqlar deyirik. Amma ümumi ad günümü evdə ailəm, övladlarımla birlikdə qeyd edirəm. Bu il də belə olacaq. 69 yaşındakı düşüncə tərzim, ağlımla deyə bilərəm ki, 25-30 yaşlar daha yaxşı idi. Həmin vaxtlarda təbii ki, mənim üçün unudulmaz anlar olub. Üzr istəyirəm, çox da ağıldan kəm adam olmamışam. Amma həyat təcrübəsi, müəyyən illər insana nələrsə verir. Əlbəttə, bu qədər zamanda itirdiklərimiz də olur. Qurban olduğum, bizi yaradan nəsə verməklə yanaşı, həm də alır. Saç tökülür, qocalırıq. Amma ağıl, kamal, dünyagörüşü, aldığımız ibrətlər illərin bizə qazandırdığıdır. İndiki yaş dövrünün düşüncəsi o vaxt olsaydı, daha yaxşı olardı”.
R.Balayev söhbət zamanı səhhətindən də söz açıb: “Şükür ki, ciddi xəstəliyim yoxdur. Amma osteoxondroz deyilən xəstəlik var. Yəni onurğa ilə əlaqədar problemlər olur. Bir də görürsən ki, ayaqlarımda ağrı yaranır, yaxşı yeriyə bilmirəm. Mütəmadi olaraq müalicəyə, fizioterapiyaya gedirəm. Bu da cavanlıqda yaranan fəsadlarla əlaqəlidir. Mən bir neçə filmlərdə ata minib, yıxılmışam. O vaxt cavan idim, bir az ağrayandan sonra keçib gedirdi. Amma bu fəsadlar indi üzə çıxır”.
Xalq artisti bildirib ki, yaradıcılığı durğunluq dövründədir və hazırda evdə istirahət edir: “İndi evdə istirahət edirəm. Havalar isti olduğu üçün bir az çətindir. Yaradıcılıq isə sıfırdır. Çünki mən istədiyim filmlər yoxdur. Ona görə günlər boşuna gedir. Filmlərə, seriallara dəvət olsa da, hamısı səviyyəsizdir.
İndiki filmləri arabir izləyirəm. Filmlərimizdə mən istədiyim səviyyə yoxdur. Tamaşaçının doğurdan sevdiyi filmlər çəkilmir. İki dənə meymunçuluq edən adamlar var. O da səviyyəsiz tamaşaçılara hesablanıb. Guya bunlar adamları güldürürlər. Amma özlərini gülünc vəziyyətə salırlar. Adamın yazığı gəlir ki, insan da insanı güldürmək üçün özünü belə rəzil vəziyyətə salarmı?!... Həmin adamlara aktyor demirəm və onlara yazığım gəlir”.
Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.
Xəbər 2167 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|