08.08.2017 14:37
Akif İslamzadə: “Səsimin açılmasının heç arzusunda da deyiləm”
8 avqust tarixi təkrarsız ifası ilə yaddaşlarda silinməz iz qoymuş tanınmış müğənni Akif İslamzadənin doğum günüdür. O, 1948-ci il avqustun 8-də Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.
Akif İslamzadə artıq 30 ildir oxumur. Əksəriyyət belə düşünür ki, böyük sənətkar Akif İslamzadənin səsinin tutulması bütövlükdə Azərbaycan mədəniyyəti üçün ciddi itkidir. Akif İslamzadə oxumasa da, onun səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.
XəzərNews.az bildirir ki, Modern.az saytı səbəbkarın doğum günündə onunla əlaqə saxlayıb. Qısa da olsa müsahibə ala bilib.
- Akif müəllim, öncə doğum gününüzü təbrik edirik. Hər bir dinləyici üçün maraqlıdır. Akif İslamzadə doğum günlərini keçirməyi sevirmi?
- Deməzdim ki, tam olaraq sevirəm. Sadəcə, adi günlərdən bir az fərqli olur. Doğum günümdə zəng vurub təbrik edənlər çox olur. Hər kəs ürək sözlərini dilə gətirir.
- Siz həm də adi insanlardan fərqlisiz. Tanrı zamanında sizə istedad bəxş edib.
- Heç tərif olunmağı sevmirəm. Tərif Allaha yaraşdığı kimi, ona da məxsusdur. Heç zaman tərif olunmaq arzusuna düşməmişəm.
- Bir zamanlar siyasi arenada da Akif İslamzadə ismi tez-tez çəkilirdi. İndi də siyasətdə olduğunuzu demək olarmı?
- Mən siyasətdə o dövrdə olmuşam ki, insanların hamısı meydanlarda toplaşmışdı. İnsanların, millətin müqəddəratı həll olunan vaxt evdə oturub rahat çay içə bilməzdim. Hesab etmirəm ki, böyük iş görmüşəm.
- O dövrün siyasi burulğanına atılan biri kimi hazırkı durumu necə qiymətləndirirsiz? Qarabağ məsələsi hələ də həllini tapmayıb.
- Çox məsələlər həllini tapmayıb. Ümid edək ki, hər şey yaxşı olacaq. Millət olaraq elə millətik ki, vaxt-vədə yetişəndə iki ayağımızı zərblə yerə vura bilirik. Biz bu millətin gücünü-cəsarətini çox görmüşük. Dostların çox yaxşı bir fikri var: torpaqlarımızın 80%-ni azad etmişik, qalıb 20%-i. Baxın, belə də yanaşma var.
- Sənətkar Akif İslamzadənin bu günə qədər Tanrıdan narazılığı olubmu?
- Narazılıq nədir? Siz razılıqdan soruşun. Allahımdan o qədər razıyam ki... Hər bir məsələdə taleyimdən razıyam.
- Bu sualı ona görə ünvanladıq ki, illərdir səsiniz batıb.
- Heç vaxt səsimin batmasına görə Allahımdan inciməmişəm. Şükür edirəm. Səsimin batmasını dərd kimi qəbul etməmişəm. Düşünürəm ki, yaxşısı budur. Zaman keçdi və bir daha sübut olundu ki, ən yaxşısı bu imiş...
-Belə anladıq ki, oxumağı artıq istəmirsiz?
- Özümün istəməməyimlə bağlamazdım. Nə yazılıbsa, o da olmalıdır. Tutaq ki, bir möcüzə olsa, səsim qayıtsa, nə dəyişəcək?! Bunu misal üçün deyirəm. Səsimin açılmasının heç arzusunda da deyiləm. Ən yaxşısı, yaddaşda necə qalmışamsa, bu, mənə bəs edir. Heç Azərbaycan televiziyalarına da baxmıram. Kimə qulaq asım?! Oxuya bilmirlər. Vaxtilə oxuduqlarımıza çata bilmirlər.
- O zaman sizin kimi istedadlar niyə yetişmir? Günah kimdədir?
- Səs də var, istedad da. Sadəcə, elm, təhsil yoxdu. Elmli deyillər. Təkcə səs və istedad sənətkar yetişdirmir. Çox məsələlər var. Dərinə getmək istəmirəm.
- Keçmiş sənət və siyasət dostlarınızdan ünsiyyətdə olduqlarınız varmı?
- Əlbəttə var. Tez-tez maraqlanıb hal-əhval tuturlar. Yaxşı dostlar nə unudur, nə də unudulur.
Xəbər 1232 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|