13.08.2020 16:43
Bağçalar bu formada işləyə bilər - Təklif
Təhsil İnstitutu koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimində tədris prosesinin necə təşkil olunması haqda təkliflər irəli sürüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, institutun təkliflərinə görə, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası üzrə iki ssenari barədə müzakirə aparmaq mümkündür.
1-ci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.
2-ci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini tutur. Burada məktəblər xüsusi şərtlər və diferensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.
Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir. Yoluxma halları müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə nəzarətə götürülməklə təhsilalanların kiçik qruplarda tədrisə cəlb edilməsi də tövsiyələr arasındadır. Bu ssenariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir.
Təhsil İnstitutu beynəlxalq təcrübəni qiymətləndirməklə yuxarıda qeyd edilən 2 ssenari üzrə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir.
Məktəbəqədər təhsillə bağlı aşağıdakı təkliflər irəli sürülür:
Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.
Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün, 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sırasında qeyd olunur.
İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər, kənddə 10 000-ə qədər uşaq cəlb edilib. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.
Qeyd edəki ki, zonaların "sarı" və ya "narıncı" olması virusun yayılmasının sayına görə epidemioloji vəziyyətə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təyin edilir.
Xəbər 1998 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|