23.11.2017 17:23
Nazirlik rayonlarda ağac kəsənlərə qarşı “MÜHARİBƏ” başlatdı
Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və Nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb.
XəzərNews.az-a verilən məlumata görə, Komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.
Aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi işinin qeyri-qənaətbəxş təşkil olunduğu və qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Belə ki, son 4 ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 m3 həcmində, 60134 manat dəyərində, 4180 ədəd və İsmayıllı MMBM-in ərazisində 2061,55 m3 həcmində, 14578 manat dəyərində, 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib. Hazırda məsələyə hüquqi qiymət verilməsi və təqsirkar cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına hazırlanır.
Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları tərəfindən 02-20 noyabr 2017-ci il tarixlərində magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində xüsusilə də gecə saatlarında yük yerlərində meşə materialları olan “Ural”, “QAZ-66” “Kamaz”, “QAZ-53”, “ZİL”, “UAZ”, “Qazel”, “QAZ-24” markalı ümumilikdə 15 avtomobil müşahidə edilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən maşınlar izlənilib. Görülən tədbirlər nəticəsində maşınlarda olan meşə materiallarının Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş, ümumilikdə 97,5 m3 həcmində fıstıq, vələs, palıd cinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib.
Bununla bağlı meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub: Belə ki,
- Göyçay rayonu Qarabaqqal kəndində Nadir Yəhyayevə məxsus 400 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,2 m3 həcmində, 238,51 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Göyçay rayonu Çayarxı kəndində Məzahir İsrafilova məxsus 300 m2 ərazidə 4 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində, 993,8 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Göyçay rayonu Cəyirli kəndində Şirvan İsmayılova məxsus 130 m2 ərazidəki yeşik sexində qanunsuz yolla əldə olunmuş fıstıqdan hazırlanmış 6,5 m3 həcmində, 1291,94 manat dəyərində yeşik taxtası;
- Göyçay rayonu Cəyirli kəndində Əvəz Rəsulova məxsus 120 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,77 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Göyçay rayonu Cəyirli kəndində Asim Seyidova məxsus 300 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4,8 m3 həcmində, 954,05 manat dəyərində fıstıq cinsli girdə işlik material;
- Göyçay rayonu Cəyirli kəndində Elçin Məmmədova məxsus 250 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 3,7 m3 həcmində, 735,41 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Ədalət Qasımova məxsus 300 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində 4,1 m3 həcmində, 814,91 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Samir Mustafayevə məxsus 500 m2 ərazidə 5 ədəd mişar quraşdırılmış yeşik sexində 3,5 m3 həcmində, 321,77 manat dəyərində fıstıq və vələs cinsli girdə işlik materialı;
- Göyçay şəhəri Heydər Əliyev prospektində Yaqub Məmmədova məxsus 120 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,06 m3 həcmində, 308,46 manat dəyərində fıstıq və vələs cinsli girdə işlik materialı;
- Göyçay şəhəri Heydər Əliyev prospektində İsmayıl Yaqubova məxsus 200 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,2 m3 həcmində, 834,80 manat dəyərində, fıstıq cinsli girdə işlik materialı;
- Şəmkir rayonu Düyərli kəndində Yaşar Qənbərova məxsus 70 m2 ərazidə yeşik sexində 2 ədəd mişar quraşdırılmış qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Şəmkir rayonu Düyərli kəndində Azər Verdiyev məxsus 50 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Şəmkir rayonu Dələr qəsəbəsində Rasim Sadıqova məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,5 m3 həcmində, 298,16 manat dəyərində fıstıq cinsli girdə işlik material;
- Tovuz rayonu Qovlar qəsəbəsində Coşqun Binnətova məxsus 20 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,76 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;
- Tovuz rayonu Tovuz çayı sahilində Sarxan Mirzəyevə məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 2,3 m3 həcmində, 457,16 manat dəyərində fıstıq cinsli girdə işlik material aşkar edilib.
Aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Eyni zamanda araşdırmalar zamanı Oğuz və İsmayıllı meşə ərazilərindən qanunsuz yolla əldə olunmuş ağaclardan kömürün hazırlandığı da aşkar edilib. Belə ki, Oğuz rayonu meşə ətrafı Muxas, Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalıncaq, Çəmənli, Mollalı və Calut kəndlərinin 52 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı, qanunsuz yolla əldə edilmiş 217,89 m3 həcmində meşə materiallarından istifadə edildiyi və meşə fonduna 4514,6 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktlarla bağlı tərtib olunmuş sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon polis şöbəsinə göndərilib.
Həmçinin Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı (23 quyuda yandırmaq məqsədilə meşə materialı yığıldığı, 61 quyunun isə hazırlanmış kömürün çıxarıldığından boş olduğu) və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Bununla bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna təqdim edilib.
Nazirliyin əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində qanunsuz yaradılmış kömür quyuları ləğv edilib, ərazi əvvəlki vəziyyətinə gətirilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Reydlər zamanı Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Ahmed Kahveçiyə məxsus “Kissan Parke LTD” müəssisəsinin ərazisinə baxış keçirilərkən palıddan hazırlanmış 40621 m2 reyka və 10000 m2 parket, fıstıqdan hazırlanmış 2500 m2 reyka, 1100 m2 parket və 87 m3 palıd taxtası aşkar edilib. Sexin sahibinin təqdim etdiyi sənədlərdə materialların Rusiya Federasiyasının Krasnodar vilayətindən alındığı göstərilir. Lakin faktı araşdırmağa əlavə ehtiyac olduğundan həmin materialların mənşəyinin müəyyən edilməsi üçün hazırda araşdırmalar davam etdirilir. Həmçinin müəssisənin ərazisində 120 m3 qoz taxtası aşkar edilib. Müəssisədən verilən sənəddə-Oğuz rayonu Xalxal Bələdiyyəsinin sədri Nəriman Ramazanovun və Oğuz rayonu Calud İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Teymur Abbasovun arayışlarına əsasən taxtaların hazırlanmasında istifadə edilən qoz ağaclarının Ərmənəd kənd sakinləri Tükəzban Ramazanovanın, Eyvaz Hüseynovun, Eyvaz Dadaşovun, Calud kənd sakinləri İbrahim İbrahimovun, Eldar Müzəffərovun, Kamil Baxşəliyevin və İsabala Xudumovun həyətyanı torpaq sahələrindən kəsildiyi göstərilir. Lakin ağac materiallarının meşə və ya bələdiyyə ərazilərindəki yaşıllıqlardan qanunsuz əldə edilməsinə şübhələr olduğu üçün müvafiq akt tərtib edilib və hazırda kəsilmiş ağacların kötüklərinin həmin həyatyanı torpaq sahələrində olub-olmaması ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə edilməsinin qarşısının alınması istiqamətində ETSN tərəfindən mütəmadi reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına və təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir. Bu məqsədlə sözügedən sexlərdə araşdırmaların aparılması üçün qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda bütün araşdırma materialları ardıcıl olaraq hüquq-mühafizə orqanlarına göndərilir.
Aparılan reydlər zamanı Nazirliyin əməkdaşları qanunsuz yolla əldə edilmiş meşə materiallarını daşıyan işbazların və bəzi kənd sakinlərinin çox ciddi müqavimətləri ilə üzləşir. Belələri bir tərəfdən böhtan dolu şikayət edir, şantaj məqsədilə müxtəlif natəmiz şayiələr yayır, digər tərəfdən ağacların qanunsuz kəsilməsində iştirak edir, qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə etməklə kömür hazırlanması fəaliyyəti ilə məşğul olurlar. Ən çox müqavimət də meşə ətrafı kəndlərdə kömür yandırılması ilə məşğul olan şəxslər tərəfindən göstərilir. Onlar hər vəchlə Nazirliyin qanuni şəkildə gördüyü işlərin qarşısını almağa cəhd edirlər.
Hazırda reydlər davam etdirilir.
Xəbər 1449 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|