Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar keçirilir.
Xəzərnews.az xəbər verir ki, tədbirdə dövlət orqanlarının rəhbər şəxsləri, media mənsubları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər. Azərbaycanda dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, media qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılmasına nail olmaq məqsədi daşıyan seminar çərçivəsində peşəkar media mütəxəssislərinin mühazirələri dinlənilir, interaktiv müzakirələr aparılır, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil edilir.
İkigünlük regional seminarın ilk günündə açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxış ediblər.
Seminarın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” adlı ilk sessiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Günün sonunda iştirakçılar üçün Şuşadakı tarixi, dini abidələri əhatə edən mediatur təşkil edilib.
Tədbir sentyabrın 24-də “Dini radikalizmlə mübarizə və media” mövzusunda ikinci sessiya ilə davam etdiriləcək. Moderator qismində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun çıxış etdiyi sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan üçüncü sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunacaq. Seminarın Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”-in redaktoru Seyfəddin Hüseynlinin çıxış edecekleri sonuncu sessiyası müzakirələrlə yekunlaşacaq.
“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatacaq.
Xəbər 4038 dəfə oxunub.