“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


10.02.2017  17:09 

Tələbə təqaüdləri - “Kaş vaxtlı-vaxtında verilsin, məbləği də artırılsın”





A+  A-


Aydındır ki, indi həm ödənişli əsaslarla, həm də dövlət sifarişi hesabına təhsil alan hər bir tələbə müəyyən qayda daxilində təqaüd ala bilir: əlaçı, zərbəçi (həvəsləndirici) və adi təqaüd formasında. Müvafiq olaraq hər formada alınan təqaüdsə fərqlidir: 104-105, 86-88 və 53-55 AZN. Ancaq bu gün əksər tələbələri narazı salan səbəblərdən biri də onların vaxtında almalı olduqları həmin təqaüdlərin gecikdirilməsidir.

Mövzu ilə bağlı Modern.az saytı fərqli universitetlərdə sorğu keçirib.

XəzərNews.az həmin sorğunu təqdim edir:

Qoşqar Bəylərov (Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi): 

"Mən əlaçıyam. 104.5 AZN təqaüd alıram. Məncə, normaldır. Zərbəçi olanda 88 manat alırdım. Adi təqaüd isə 55 manat olmalıdır. Təqaüdlər təxminən 10 gün gecikmə ilə verilir. Məsələn, oktyabrın təqaüdü noyabrın 10-11-i filan verilir. Lakin, bildiyim qədəriylə bu gecikmə universitetlə bağlı deyil, bank gecikdirir. Nəzərə alsaq ki, bu təqaüdlərə ehtiyacı olan tələbələr çoxluq təşkil edir, yaxşı olar ki, təqaüdlərimiz hər ayın sonunda verilsin. Hətta, mən deyərdim dəqiq vaxt olsun".

Aysel Qurbanova (Dövlət İdarəçilik Akademiyasının "Siyasi İdarəetmə" fakültəsi):

"Mən zərbəçiyəm. Deməli, 87 manat təqaüd alıram. Yəni konkret hər ay kartıma bu qədər yüklənir. Gecikmələr zaman- zaman olur. Əvvəllər olmurdu. Yəni mən 4-cü kursam, 2-ci kursa kimi dəqiqliklə, gözlədiyimiz vaxtda ayın sonuna yaxın verilirdi. Amma devalvasiyadan sonra gecikmələr olur. Olur ki, hərdən bir ay verilmir və sonra iki ayı birlikdə alıram. Ən uzun gecikmə isə indi olur, fevralda yəni, semestrin bitməsi ilə əlaqədar".

Rizvan Fikrətoğlu (Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi):

"Həvəsləndirici (zərbəçi) təqaüdü alıram. 86-88 arası dəyişir. Gecikmələr olur, bəli. Hələ də yanvarın “stipendiya”sını almamışam. Hər ay belə olur. 3-cü kursam və hələ də öz vaxtında təqaüdümü almamışam. Bəzən də aylarla gecikmələr olur. Bir sıra hallarda universitetdə quraşdırılmış bankamatda pulun olmaması problemin başqa tərəfidir. Təbii ki, bu, böyük pul deyil, xariclə müqayisədə "sürünən" məbləğdir. Ancaq heçə lənət. Bunu almayan o qədər tələbə var ki? Bir də nəzərə alaq ki, mən həvəsləndirici təqaüd alıram. BDU kimi universitetdə həvəsləndirici və əlaçı təqaüdü almaq asan məsələ deyil. Çox bilikli olasan gərək".

Əsmət Əhmədzadə (Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi): 

"55 manat təqaüd alıram. Daha doğrusu, 54 manat ya da 53 manat 90 qəpik. Hər ay gecikir. Bəzən 1-2 həftə də gecikir. Normalda, sadəcə yol pulunu nəzərə alsaq qane edir, amma tələbə sadəcə yol getməyib, dərsliklərə də pul verdiyinə görə çox az məbləğdir".

 Pərvin Abbaslı (Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi):

"Təqaüdlərin verilmə vaxtından razı deyləm. Fevralın 10-dur, amma hələ yanvar ayının “stipendiya”sını almamışıq. Yəni, məni qane etmir. Hər ay bir vaxtda verilir.

Mən özüm adi “stipendiya” alıram, yəni 54 AZN. Azdır, amma yoxdan yaxşıdır. Məncə, adi təqaüd 60 AZN, zərbəçi 90 AZN, əlaçı da 120 AZN-ə qaldırılsa, daha yaxşı olar. Hazırda 86 AZN zərbəçi alır, 105 AZN də əlaçı".

Elza İbadova (Bakı Slavyan Universiteti, Azərbaycan filologiyası və jurnalistika fakültəsi):

"Təhsil Nazirliyinin 2015-ci ildə təqaüdlə bağlı verdiyi qərara əsasən, 2-ci semestr ərzində ödənişli əsaslarla oxumağıma baxmayaraq, zərbəçi təqaüdü alıram. Bu semestr də ortalama balım yüksək olduğu üçün təqaüdü yenidən qazanacağam. Sadəcə, əmr hələ çıxmayıb. Nədənsə, balların hesablanmasını gecikdirirlər və bu əmr mühasibata gec çatır, buna görə də təqaüdümüz artıq gecikəcək. Əslində keçən semestr də belə olmuşdu, fakültə birləşdiyi üçün əmr gec göndərilmişdi və fevralda alacağımız təqaüdü may ayında, yəni 3 ayı birdən aldıq (halbuki, ballar hesablanmışdı. Mühasibatla maraqlananda demişdi ki, dekanlıq gec göndərib əmri, mən çoxdan onlara xəbər vermişəm). 

Məbləğ bir az da çox olsa, daha yaxşı olar. Elə tələbə var ki, kirayədə qalır, təbiidir ki, xərcləri çox olur. İstər-istəməz tələbə kitab almalıdır, hər gün demək olar ki, müəyyən fənlərdən mövzuları “kserokopiya” etməli oluruq. Yəni bunu demək istəyirəm ki, əslinə qalsa, hazırda ödənişli təhsil baha olduğu üçün onun müqabilində təqaüd elə də çox deyil".

 Nicat Məmmədov (Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, məzun):

 "Hər bir ali təhsil müəssisəsinin, təbii ki, yaxşı və pis tərəfləri var. İmtahanların keçirilmə qaydaları, dərs saatları, müəllim seçimləri və s. ilə bağlı. Real danışsaq, hazırda təhsil alan tələbələrin bir çoxu oxuduqları universitetdə nədənsə narazıdır. Bu narazılıqların müxtəlif səbəbləri var. Onlardan biri də təqaüdlərin gecikdirilməsi məsələsidir ki, hər universitetdə və ya kollecdə müxtəlif cür təzahür edir. Pis cəhətləri sayarkən yaxşıları da qeyd etmək lazımdır. Digər ali təhsil müəssisələrini deyə bilmərəm, lakin məzunu olduğum (2012-2016) Bakı Dövlət Universitetində demək olar ki, heç vaxt təqaüdlər gecikdirilmirdi. Yalnız nadir hallarda universitetdən asılı olmayan səbəblərə görə, gecikmələr olurdu. Ancaq bütövlükdə, tələbələr vaxtında təqüdlə təmin olunurdu. Hətta Yeni il və Novruz bayramları ərəfəsində vaxtından öncə də təqaüdlər tələbələrin hesabına köçürülürdü".



Xəbər 1949 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +