23.08.2021 13:56
Milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu – Maestro Niyazi
O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlmişdir. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.
Kiçik yaşlarından musiqi ilə məşğul olmasına baxmayaraq, hərbçi olmaq arzusunda idi. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başladı. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq keçmiş SSRİ məkanında məşhur insanların siyahısına adını daxil edə bildi.
Milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu
1937-ci ildə Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan maestro 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq edib. 1938-ci ildə Azərbaycan İncəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunub.
1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olan sənətkarın yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu kimi xatırlayırlar.
O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmadı. 30-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala süitası”nı yazdı. Korifey sənətkar Azərbaycan mahnılarından “Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax” və digər simfonik orkestr üçün işləmiş, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürmüşdür.
Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verə bilib. O, bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında “Kəndlilər”, “Mənsur”, “Ceyhun və Ülkər” filmlərinin adını qeyd etmək olar. O, “Almaz” filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləyərək 40-cı illərdə Süleyman Rüstəmin “Təbrizim” şeirinə mahnı bəstələyib. Az sonra isə ilk dəfə “Xosrov və Şirin” operasını yazıb.
Gənclikdə qazanılan şöhrət...
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başladı. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını nota aldı. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.
1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etməyi o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamaqla yanaşı, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır.
Həmin vaxt maestro Niyazi dünyanın məşhur kollektivlərindən biri olan Londonun Kral Teatrının orkestri ilə çıxış etməli olur. Niyazi bu orkestrlə çıxış edərkən, əlbəttə, öz ustalığına tam arxayın idi. Onu bu sənət səfərinə göndərənlər də bunu yaxşı bilirdi. Maestro Niyazinin ustalığına, musiqi duyumuna bələd idilər. London Kral orkestrinin ifaçılarının, deyirlər, qəribə bir xüsusiyyəti var. Onlar orkestrə gələn bütün dirijorları, necə deyərlər, “dişlərinə vururlar”, yoxlayırlar. Hansısa zarafatsevər musiqiçi bu dəfə maestro Niyazini yoxlamaq fikrinə düşür. Maestro Niyazi orkestrlə məşq edəndə həmin ifaçı əsərin ifa tərzi ilə uyuşmayan yad notlar vurur. Niyazi o saat həmin uyarsızlığı duyur və orkestri saxlayır. Sakitcə həmin musiqiçiyə yanaşıb qulağına pıçıldayır: “Bəlkə...” Hər şey o ifaçıya aydın olur. Orkestrin qalan üzvləri Niyazinin musiqi duyumunu görüb özlərini yığışdırırlar.
Niyazi 1961-ci ilin ayağı sayalı günlərindən birində Londona səfər etmişdi. O zaman maestronun konsert proqramında Baxın, Bethovenin, Çaykovskinin və neçə-neçə dünya sənətkarlarının əsərləri vardı. Onun bütün konsertləri uğurla keçdi. London qəzetləri Niyazinin ustalığını, ifaçılığını dəfələrlə təriflədilər. Onun haqqında məqalələr yazdılar. Bir gecədə üslubca kəskin fərqlənən musiqi əsərlərinə dirijorluq edəndə də Niyazi ifaçılığına, ustalığına həmişə sadiq qaldı.
1965-ci ildə maestro Niyazi Türkiyə səfərinə gedib. O, həmin məmləkətin ən böyük konsert birliklərindən biri olan Prezident orkestri ilə çıxış etməli olub. Böyük sənətkar Çaykovskinin “Qaratoxmaq qadın” operasına dirijorluq edib. Sonra yenə də həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Türkiyənin mərkəzi qəzetləri bu böyük sənətkarın uğurlu sənət səfəri haqda geniş məqalələr dərc ediblər.
Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Hamının da ürəyindən bu fikir keçəcək - ruhun şad olsun, ustad! (AZƏRTAC)
Xəbər 6441 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|