24.02.2023  17:48 
        
        Bakıda anti-NATO və anti-AKP tədbiri? 
                
         
            
        
        
        
            Biz türk(iyə) ictimai rəyini öz lehimizə necə yararlana bilirik? Türkiyə seçkiləri yaxınlaşdıqca bu sualı tez tez eşidəcəyik. Haqlı olaraq qeyd olunur ki, bəzən astagəlliyimiz, bəzən də yanlış yanaşmalarımız üzündən çox yaxın bildiyimiz ölkədə belə ictimai rəyi düşmənlərimizə uduzuruq. 
            
Amma elə yanlışlar da var ki, onların səbəbindən nəinki qardaş ölkədə,  olduqca həssas zamanda dünyada ictimai rəyin əleyhimizə dəyişə biləcəyinin fərqində deyilik, deyəsən.
Bakıda  Rusiyanın Bakıdakı səfirliyinin, bir QHT-nin və özəl ali məktəblərdən birinin təşkilatçılığı ilə  Azərbaycanın  Avrasiyada inteqrasiyada roluna həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə  Rusiya  baş nazirinin müavini Fedor Çernitsin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin və Belarus diplomatları da təmsil olunub.
Adi, hətta gərəkli tədbirdir demək olardı. Hədəfimiz olmadığından adlarını qeyd etmədiyimiz düşüncə mərkəzi və özəl ali məktəb beynəlxalq əhəmiyyətli tədbir keçirir, ölkənin alternativ və ya perspektiv geosiyasi seçimlərini müzakirə edir. Pis nə var ki? Amma...
Avrasiyaçılıq mövzusunda olması, Rusiya səfirliyinin təşkilatçlığı ilə baş tuması, üstəlik, Türkiyə səfirliyinin və hökumət nümayəndələrinin iştirakdan imtina etməsi, əvəzində türk tərəfini ifrat avrasiyaçı (rusiyaçı) baxışları ilə tanınan Vətən Partiyasının sədri, prezidentliyə namizəd Doğu Perinçekin təmsil edəcəyi və açılış nitqi ilə də onun çıxış edəcəyi haqda anons istər-istəməz toplantıya sıradan bir tədbir  kimi baxmamaq lazım gəldiyini deyirdi.
Tədbir haqda məlumat verən “Aydınlık” qəzeti qeyd edir ki,  Türkiyə səfirliyinin nümayəndələrinin   tədbirdə iştirak etməyəcəkləri son anda  açıqlanıb: “Bütün türk dövlətləri oradadır. AK Partiya hökuməti toplantıda iştirakdan imtina edərək, Avrasiyadan, eləcə də türk dövlətlərindən qopdu. İclas iştirakçıları Türkiyənin mövqeyini xarici işlər nazirinin “Rusiyaya qarşı sanksiyalar” bəyanatları ilə əlaqələndiriblər”. Bir sözlə,  Perinçekə məxsus qəzet  Rusiya səfirliyinin Bakıda təşkil etdiyi tədbirdə iştirak etməməyi türk dünyasından qopmaq sayır. Belə çıxır ki, “türk dünyasından qopmamaq üçün” rus diplomatlarının kefi  istəyəndə toplaşmaq mütləqmiş.
Perincekin çıxışı duginçi- türkçülər üçün türk dünyası anlayışının nədən ibarət olduğuna da aydınlıq gətirir: ”Bizim böyük vətənimiz Avrasiya böyük imperiyaların qitəsi, qədim dünya sivilizasiyasının toplandığı məkandır”.   Sonra rus şairi Aleksandr Blokun bir əsr əvvəl, 1918-ci ildə Rusiyanın məğlubiyyətini sənədləşdirən Brest –Litovsk süh müqaviləsindən sonra qələmə aldığı “Skiflər” şeirini oxuyub. Şeir velikorus millətçiliyinə həsr olunan ənənəvi əsərlərin dekadansıdır, rusların skiflərlərlə(asiyalılarla) əməkdaşlıq edərək Avropaya qarşı mübarizə apara biləcəyini, velikorusların da skif kimi çıxış edəcəyini vurğulayırdı. Hazırda “skif-sarmat nəzəriyyəsi”  Rusiyada protoslavyanların mənşəyini izah etmək üçün  istifadə olunur, daha doğrusu, skiflər protoslvayanlar sayılır. Yəni skif sözünü eşidib türk keçmişinə reverans olunduğunu zənn edəcək azərbaycanlılar yanılırlar, skif tarixi rus interpretasiyasında onların özlərinin qədimliklərini və böyüklüklərini vurğulamaq üçün istinadgahdır.  Duginçi türkçülərin türk dünyası anlayışı ilə rus şovinsitlərin rus dünyası təsəvvürləri belə üst-üstə düşür: Rusiyanın böyüklüyü, Rusiyanın qədimliyi, Rusiyanın idarə etdiyi “skif dünyası”.
Azərbaycanlıları, rusları və Türkiyə türklərini Avrasiyanın ön sıralarında görən Perinçekin fikrincə, Qarabağda da işğalçı erməni ordusuna qarşı yox, Atlantik sistemə (NATO-ya) qarşı vuruşubmuşuq. “Bu gün də biz Ukrayna cəbhəsində vuruşuruq. Suriya və İraqın şimalında döyüşürük və Şərqi Aralıq dənizində ABŞ-a qarşı hazırıq. Çinli dostlarımız da ABŞ-ın Tayvan boğazında istənilən hücumuna cavab verməyə hazırdır”. 
Beləliklə, Rusiyanın Ukrayna torpaqlarını işğal etmək üçün başlatdığı müharibə ilə Azərbaycanın öz işğal olunmuş ərazilərini geri qaytarmaq üçün apardığı Vətən müharibəsi eyniləşdirilir.Üstəlik, bizim adımızdan Tayvan boğazından Krıma, Donbasdan Aralıq dənizinə qədər hər yerdə NATO-ya qarşı cəbhə açılır....
Zələzələdən sonra edilmiş yardımlar Qərblə Ankara arasında ziddiyyətləri xeyli yumşaldıb, üstəlik, Türkiyə seçki ərəfəsindədir. Belə bir vaxtda Bakıda keçirilən tədbirdə Qərbə meydan oxunmasına, AKP-nin türk dünyasından qopmaqda suçlanmasına imkan tanınması bir az qəribədir. Səfərin Türkiyənin razılığı ilə baş tutduğu deyilə bilər, amma Türkiyədən səfirlik səviyyəsində belə heç kimin tədbirdə olmaması bütün məsuliyyəti təşkilatçıların, tədbirə məkan verən tərəfin üzərinə qoyur. Hansısa  iddialı, siyasi keçmişi və bu günü ziddiyyətli fiqur öz faktiki seçki platformasını niyə Bakıda açıqlamalı, rəqiblərə qarşı mübarizəsinə niyə Bakıda start verməli idi? Həm də bu “platformanın” rus rəsmilərinin qarşısında sərgilənməsinin mənası nə idi? Seçkidə dəstək ummaq, yoxsa hesabat vermək? 
Üstəlik, o ziddiyyətli fiqurun Azərbaycana münasibəti də birmənalı deyil. Partiyası və media resursları 2021-ci ildə SEPAH-ın Araz boyu keçirdiyi “Xeybər fatehləri” təlimi ilə başlamış İran-Azərbaycan gərginliyi zamanı İranı müdafiə edən mövqedən çıxış edirdi, bu mövqe ötən il İran və Azərbaycan arasında yeni gərginlik  yaşananda da dəyişmədi. Rusiya-Ukrayna savaşı başlayandan sonra isə Lvovda anqarda saxlanan, təmir məqsədilə gətirilmiş  Azərbaycan hərbi təyyarələrinin rus ordusu tərəfindən bomdardman edilməsinə haqq qazandırır, Azərbaycan tərəfinin Ukraynaya humanitar yardımlarını “ihanet” kimi qiymətləndirirdi.
Bakıdakı tədbirdə  Rusiyanın işğalçılığına haqq qazandıran çxışlar edildiyi  gün ABŞ-ın nüfuzlu “The National İnterest” nəşrində Ukraynanın “Euromaidan Press” saytının redaktoru David Kiriçenkonun ölkəsinin  Dağlıq Qarabağ məsələsində Azərbaycanı müdafiə etməsinin səbəbləri haqda yazısı dərc olunub. Məqalədə Azərbaycanı mövqeyinin haqlı olması əsalandırılır, ermənilərin Qarabağdakı işğalçılığı  rusların Ukrayanın işğal etməsi ilə müqayisə olunur.
Ola bilər ki, Rusiya səfirliyi ilə bərabər təşkilatçı kimi çxış edən Azərbaycan qurumları məsələnin mahiyyətinə varmayıblar. Amma çox nahaq. Maraqldır Perinçekin bu əcaib iddialarına cavab verilibmi? Ya sadəcə dinləyib əl çalmaqla kifayətləniblər?
Məşədi İbad demişkən, gəlin gətirəndə onun qadın, yoxsa kişi olmasını mütləq yoxlamaq lazımdır.
Cəmaləddin Quliyev                        
            
Xəbər 2594 dəfə oxunub.
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
       
        
     
        
        
        
        
            
                | 
                        
                        
                           
 
                            								
								
                                Bölməyə aid digər xəbərlər 
                       
                         
                           
                         |