01.12.2022 10:50
Başı kəsilən peyğəmbər kim olub?
Dini tarix və rəvayətlərdən bəllidir ki, peyğəmbərlərin ömür yolu heç də rahat olmamış, onlar bəlkə də ən çox əzab və olmazın məşəqqətlərlə üz-üzə qalmış, rahatlığın nə olduğunu bilməmişlər. Hətta, bir çoxları ilahi buyruqları icra etmələri səbəbindən amansızcasına qətlə yetirilmişlər. Haqqında söhbət açacağımız (Zəkəriyyə peyğəmbərin oğlu) Yəhya peyğəmbərin aqibəti də belə bir sonluqla yekunlaşmış və bu, bir sıra (dini) tarixi mənbələrdə öz əksini tapmışdır.
Allah Zəkəriyyə peyğəmbəri ixtiyar yaşlarında övladla müjdələyir. Bu haqda “Məryəm” surəsinin 7-ci ayəsində bizə bitkin fikir çatdırılır: “Ey Zəkəriyyə, sənə bir oğulla müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik”.
Eyni surənin 12-ci ayəsində Yəhyanın kimliyi belə bəyan edilir: Ey Yəhya, kitabdan bərk yapış! Biz, uşaq ikən ona hikmət verdik”.
Tarixi gerçəklik isə belədir ki, Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi olmuşdur. Məsihi və müsəlman tarixçiləri onun şəhadət tarixçəsinin belə təsvir edirlər: Hz.Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə uymuş zalım bir şəxs idi. O öz qardaşı qızının gözəlliyinə vurulub, onunla evlənmək qərarına gəlmişdi. Doğma əmisi kimi şeytana uymuş qız da belə bir qeyri-ənənəvi izdivaca çalışırdı.
Bu xəbər Yəhya peyğəmbərə də çatdı. Belə bir izdivacın ilahi qanunlara tamamilə zidd olduğunu bildirən Hz.Yəhya zalım və əxlaqsız Fələstin padşahı ilə mabarizəyə başladı.
Yəhya peyğəmbərini onların bu izdivacına qarşı çıxdığını eşidən günahkar qız əmisinə dedi: “Yəhya bizim adımızı dillərə saldı. Artıq, məmləkətin hər bir yerində bütün xalq bizdən danışır. Bir halda ki, o, belə bir hərəkət etdi, o zaman mən də onun başından ayrı hədiyyə istəmirəm”.
Qardaşı qızının eşqindən dəli-divanə olmuş Fələstin padşahının gözləri “tutuldu” və Yəhya peyğəmbərin boynunu vurdurub, qıza hədiyyə etdi.
Bu tarixi hadisələrə əsasən, İmam Hüseyndən belə bir hədis rəvayət olunur: “Dünyanın pisliyinə bax! Zalımlar Zəkəriyyə oğlu Yəhyanın başını bəni-İsraildən olan günahkar bir qadına hədiyyə etdilər”.
Vasif Hüseynov
XəzərNews
Xəbər 4521 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|