Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


26.02.2022  12:52 

Xocalı soyqırımı: Siyasi və hüquqi aspektləri





A+  A-

Erməni millətçilərinin son yüz ildən artıq dövrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 30 il keçir. Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasında ifadə olunmuş tərifə tam uyğundur - qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə məhv etmək niyyəti ilə törədilmişdir.

Beləliklə, Xocalıda törədilən qətliamın beynəlxalq hüquqda soyqırım kimi təsbit olunmasının əslində sübuta ehtiyacı yoxdur. Praktik baxımdan isə dünyada şahidi olduğumuz ikili standartlar, ermənilərin timsalında müəyyən maraqlı qüvvələrin həyata keçirdikləri sistemli təbliğat kampaniyaları bəzi hallarda Xocalı soyqırımına münasibətdə qərəzli yanaşma ilə müşayiət olunur. Lakin Azərbaycan dövlətinin Xocalı soyqırımına diqqəti və bu istiqamətdə davamlı və sistematik fəaliyyəti və 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, beynəlxalq təşkilatlarının nümayəndələrinin və xarici dövlətlərin təmsilçilərinin erməni vəhşiliyinin nəticələrini əyani şəkildə müşahidə etməsi son dövrlər faciəyə beynəlxalq aləmdə münasibətin köklü şəkildə dəyişməsinə təsir göstərmişdir.

Siyasi aspekt

Xocalıda ermənilərin törətdiyi vəhşiliyə mahiyyətinə görə ilk siyasi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir. Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü ilin fevralında onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri əməllərin azərbaycanlılara qarşı soyqırım olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit etmiş, 26 fevral tarixinin "Xocalı Soyqırımı Günü" kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Xocalı soyqırımının dünyaya bəyan edilməsi sahəsində olduqca əhəmiyyətli işlərin görülməsinə başlanmış, bu istiqamətdə mühüm sənədlər qəbul olunmuşdur. Ulu öndər bu faciəni bəşəri cinayət adlandıraraq söyləmişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində ardıcıl fəaliyyət davam etdirilmişdir. Bu istiqamətdə görülən işlərin strateji əsasını Prezident İlham Əliyevin Xocalı soyqırımının mahiyyəti və onu törədən cinayətkarların mütləq mənada cəzalandırılmasının labüdlüyü və bütövlükdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin məqsəd və hədəfləri barədə fikirləri təşkil edir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır fadə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Biz bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı fadəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni dnayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir".

Azərbaycan parlamenti də bu sahədə mühüm addımlar atmışdır. Bütövlükdə, Milli Məclis Xocalı soyqırımı ilə bağlı bir sıra vadb sənədlər qəbul etmişdir. Xocalı soyqırımı ilə bağlı materialların toplanılması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin 27 fevral 2007- ci il tarixli "Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar" Qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisi yanında İnformasiya Tədqiqat Mərkəzi yaradılmışdır. Bu prosesdə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların, ölkənin qeyri-rəsmi orqanlarının, ictimai təşkilatların, cəmiyyətlərin və kütləvi informasiya vasitələrinin fəal iştirakı olmuşdur və bu proses fasiləsiz davam etməkdədir. Bu gün isə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul edilib.

Təbliğat 2008-ci ildən etibarən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının və Xocalı həqiqətlərinin dünya dövlətlərində tanıdılması, cinayətkarların beynəlxalq ifşasına nail olunması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında reallaşan "Xocalıya ədalət!" adlı beynəlxalq kampaniyanın fəaliyyətə başlaması bu tədbirlərin vahid konsepsiyaya müvafiq, sistemli həyata keçirilməsi baxımından daha məqsədəuyğun addım oldu. Buna sübut kimi kampaniyanın artıq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 35-dən çox ölkəsini, o cümlədən Avropa və Latın Amerikası ölkələrini də əhatə etdiyini qeyd etmək olar. Bu kampaniya çərçivəsində görülən işlərin nəticəsi kimi, Xocalı soyqırımının adı dünyada tanınmış digər soyqırım cinayətləri ilə birgə beynəlxalq tribunalardan mütəmadi səslənir. İƏT-in demək olar ki, Xocalı soyqırımına dair qəbul etdiyi bütün sənədlər məhz "Xocalıya ədalət!" kampaniyasının adı ilə bağlıdır. Bu kampaniya başlandığı gündən yalnız Xocalı soyqırımının ildönümü ərəfəsində deyil, ilboyu təbliğat xarakterli mühüm tədbirlərə imza atmışdır. Bu kimi tədbirlər hazırda da davam etməkdədir və müsbət nəticələr göz qabağındadır - artıq dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb.

Hüquqi aspekt

Soyqırım cinayətinin siyasi-təbliği aspektlərindən başqa onun hüquqi tərəfi də çox önəmlidir. Bu cinayəti törədənlərin beynəlxalq hüquqla təsbit olunan cəzanı alması bir tərəfdən ədalətin bərpasına xidmət edirsə, digər tərəfdən analoji cinayətlərin təkrarlanmasının qarşısını almağa yönəlmiş effektli presedent rolunu oynaya bilər. Xocalı soyqırımı nəticəsində BMT-nin Baş Məclisinin İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin bir çox maddələri pozulmuşdur.

Beynəlxalq hüquqa görə cinayət kimi qiymətləndirilən beynəlxalq humanitar və insan hüquqları hüququnun ciddi şəkildə pozulması hallarına görə Ermənistan hökumətinin və beynəlxalq hüquqa görə onun cavabdeh olduğu tabeli qüvvələrin məsuliyyət daşıdığını sübut edən yetərli əsaslar mövcuddur. Ermənistan tərəfindən müharibənin aparılması qaydalarının pozulması halları sırasına daxildir. Buraya mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumlar; girov götürmə və saxlama; müharibə əsir və girovları ilə qəddar rəftar etmə və onların lazımi hüquqi prosedurlar həyata keçirilmədən öldürülməsi aiddir.

Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycanda kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi, mülki əhaliyə qarşı hücumlar və Azərbaycanda əhalinin yaşadığı yerlərin bombalanması halları da daxil olmaqla beynəlxalq humanitar hüququn pozulmasını xüsusi olaraq qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa, xüsusən də Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyaya əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırım cinayətinin bir çox elementlərinin və cinayət təqibinin davam etdirilməsi üçün kifayət qədər ciddi əsasların mövcud olduğu müəyyən edilmişdir.

Beynəlxalq hüquqa görə məsuliyyət

Ermənistan və Azərbaycan arasında münaqişə zamanı törədilmiş pozuntular beynəlxalq hüquqa görə həm dövlət, həm də fərdi məsuliyyət yaradır.

Ermənistan Respublikasının beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən beynəlxalq hüquq pozuntularına görə dövlət qismində məsuliyyəti ilə yanaşı, silahlı münaqişə kontekstində, o cümlədən Xocalıda törədilmiş müəyyən əməllər beynəlxalq cinayətlər hesab olunur və bu əməlləri törətmiş şəxslərin, onların iştirakçıları və yardımçılarının fərdi məsuliyyətinə səbəb olur.

Məlum olduğu kimi Ermənistanın əvvəlki prezidentləri Serj Sarkisyan və Robert Koçaryan, həmçinin bu dövlətin bir çox digər yüksək vəzifəli siyasi və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri Azərbaycan torpaqlarının işğalında və Azərbaycanlı mülki şəxslərə və hərbiçilərə qarşı törədilmiş əməllərdə şəxsən iştirak etmişlər. Aydındır ki, onların törətdikləri əməllərin miqyası və ağırlığı bu şəxslərə qarşı cinayət təqibinin aparılmasının zəruriliyini şərtləndirir.

Xocalı faciəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi 22 aprel 2010-cu il tarixli qərarında müstəqil mənbələrdən əldə olunan hesabatlara istinadən qeyd edilir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhali ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürülmüş, yaralanmış və girov götürülmüşdür.

Xocalı hadisələri Ermənistan Respublikasının keçmiş prezidenti Serjik Sarkisyanın qanunsuz separatçı rejimin “özünü-müdafiə qüvvələri komitəsi”nin rəhbəri olduğu dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə ən vacib sübut mənbələrindən biridir: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik. Və budur baş verənlər. Və biz həmçinin nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olmuşdur”.

Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Sarkisyanın cavabı belə olmuşdur: “Mən heç bir təəssüf keçirmirəm” çünki, “hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir”. Ermənistanda ən yüksək siyasi və hərbi vəzifə tutan bir şəxsin bu cür sözləri əlavə şərhi lüzumsuz edir və münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyətini inkar etmək səylərini heçə endirir.

Mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Xocalı qatiləri, o cümlədən separatçı rejimin qondarma rəhbəri Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs beynəlxalq axtarışa verilib.

İşğal dövründə ölkəyə və xalqa dəymiş ziyana və “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Vətən müharibəsindən sonra Azərbaycanın müraciəti əsasında ötən il oktyabrın 18-19-da BMT-nin ali ədliyyə qurumu olan Beynəlxalq Ədalət Məhkəməsində dinləmələrin keçirilməsi və Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistanın təcili tədbirlər görməsinə dair qərarın qəbul edilməsi, üstəlik, Ermənistanın “müharibə məhbuslarının dərhal geri qaytarılmasına”, “Hərbi Qənimətlər Parkının bağlanmasına” və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarının da rədd edilməsi yaxın gələcəkdə Xocalı faciəsini törətmiş cinayətkarların da Beynəlxalq Ədalət Məhkəməsinin qarşısına çıxacağı günün uzaqda olmadığına ümidləri artırır.

Əli HÜSEYNLİ,
Milli Məclis sədrinin birinci müavini


Xəbər 7016 dəfə oxunub.




25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +