İngiltərədə mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədovla Azərbaycan müxalifəti arasındakı qarşıdurma səngimək bilmir. Son olaraq, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının şikayəti əsasında hüquqşünasın rəhbəri olduğu “Azerifreedom” internet kanalının bağlanması gərginliyi daha da artırıb.
Bu məsələlərlə bağlı Q.Məmmədovla internet üzərindən Yeni Müsavata müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:
- Sizə qarşı hücumlar güclənməkdədir. Ən çox da Milli Şura rəhbərliyi burada fəaldır. Xaricə gedənə qədər çox yaxın idiniz, nələr baş verdi?
- Dəqiq səbəbini bilmirəm. Bütün bunlar 29 sentyabr mitinqinin təşkilatçılığında “Azerifreedom” kanalının ciddi rolunun olduğu, yəni kanalın çox geniş kütlələrə təsiri aşkara çıxdıqdan sonra başladı. Məhz bundan sonra Milli Şuranın hakimiyyət tərəfindən idarə edilən bəzi üzvləri hərəkətə keçdi.
- Bu narazılığın yaranmasına səbəb kimi müxtəlif versiyalar irəli sürülür. Sizin dilinizdən eşitmək istəyirik, bunun kökü haralara gedir?
- Mənim heç kimlə şəxsi problemim yoxdur. Sadəcə olaraq, görünür, bəzi qüvvələr “Azerifreedom” kanalının fəaliyyəti nəticəsində Azərbaycan hakimiyyətinə yaranan təhlükədən qorxuya düşdülər. Xalqın oyanışı, həmrəyliyi və təşkilatlanma meyli onları vahiməyə saldı.
- Çox aşağı formada təhqir olunursunuz. Bütün qırmızı xətlər keçilib, bu durum nə vaxta qədər davam edəcək?
- Hər kəs aldığı ailə tərbiyəsinə və malik olduğu əxlaqa uyğun mübarizə vasitələri seçir. Baş verənlər məni narahat etmir. Bilirəm ki, məqsəd bizi əsas hədəfdən, hakimiyyətə qarşı məqsədyönlü və ardıcıl mübarizədən yayındırmaqdır. Bu durum hakimiyyət, xalq tərəfindən dəyişdirilənədək və müxalifət adı altında fəaliyyət göstərənlər tam ifşa edilənədək davam edəcək.
- Bu qarşıdurmanın dərinləşməsinə səbəb ən çox yayılan səs yazınız oldu. Bu səs yazısının Vidadi İsgəndərli tərəfindən yayıldığı deyilir. Vidadi bəylə yaxın əlaqələriniz var idi. Nələr dəyişdi?
- Bu barədə danışmaq istəmirəm. Mən hamıya icazə vermişəm, mənim istənilən səsimi yaya bilərlər.
- Müxalifəti iki hissəyə bölmək məqsədində olduğunuz və bunun üçün fəaliyyət apardığınız barədə ittiham var…
- Niyə iki hissəyə? Bölmək qərarı vermişəmsə, 2,5 hissəyə bölsəm, yaxşı olmazmı? (Gülür). Bəlkə 7 yerə? Mənim məqsədimi belə asanlıqla bilənlərdən soruşun, görün, Azərbaycan iqtidarının məqsədi nədir? Siz dediyiniz o qüvvələrdən soruşun, görün, bura gələndən mən heç onlarla əlaqə saxlamışammı? Tam əksinə, ənənəvi müxalifətin Avropa təşkilatlarından həmişə kənar durmuşam və bir dəfə də olsun, əlaqə saxlamamışam. Yenə də tam əksinə, polkovnik İsa Sadıqovdan xahiş etmişəm ki, bütün qüvvələri bir araya gətirmək üçün əlindən gələni etsin. Mən istənilən dəstəyi verməyə hazıram. Azərbaycanda olanda da müxalif qüvvələrin birləşməsinə, xalqın toparlanmasına çalışmışam. Məhz elə bu niyyətimə və bu yöndəkli fəaliyyətimə görə də təqib olunmuşam. Çünki iqtidar yaxşı bilir ki, onun canı kimin əlindədir - Xalqın.
Eldəniz Quliyev
- Milli Şuranın rəhbərliyində təmsil olunan Eldəniz Quliyev, Rafiq Manaflı, Gültəkin Hacıbəyli və digərlərini sizə qarşı sərt fikirlər səsləndirirlər. Onlara bir cavabınız varmı?
- Heç bir cavabım yoxdur. Görünür, çox narahatdırlar. Bu ifşa prosesindən sonra onların keçirdikləri hissləri yaxşı duyuram. Keçmiş olsun.
- Bu hücumları gözləyirdiniz? İctimaiyyət artıq bu qarşıdurmadan bezmiş kimi görünür…
- Əlbəttə, gözləyirdim. Bu yola mən təsadüfən çıxmamışam. 25 illik müşahidələrimdən sonra qərara gəldim ki, Azərbaycanda bu gün müxalifət adı altında fəaliyyət göstərən bir dənə də olsun müstəqil qüvvə yoxdur. Təkbaşına, yalnız xalqın yardımı və köməyilə bu işi görmək qərarına gəldim. İndi görürəm ki, çox düz etmişəm. Tezliklə nəticələri hamı görəcək. Xalqın ətalət və qorxudan xilas olduğunu, özünə inamının qayıtdığını və asta-asta da olsa, hərəkətə gəldiyini görənlər vahimədədirlər. Allah Qurani-kərimdə buyurur: “Bir qövm öz halını dəyişməsə, mən dəyişmərəm”. Xalqımız artıq 25 ildir davam edən halını dəyişməyə başlayıb, deməli, Allah da bizə, xalqımıza yardım edəcək. Mən buna inanmasaydım, bu yola çıxmazdım.
- Sevinc Osmanqızının şikayəti əsasında kanalınız da bağlandı. Hansı addımları atacaqsınız? Sevinc xanıma 3 saat vaxt vermişdiniz…
- Kanalımız bağlanmayıb. 3 aylığa canlı yayım qadağan edilib. Sevinc Osmanqızı şikayət edib ki, onun mənim haqqımda Cəmil Həsənli və Tofiq Yaqublunun iştirakı ilə yaydığı süjetlərdən istifadə etmişəm. "Youtube"un qaydalarına uyğun olaraq, şikayətçi şikayətini geri götürməsə, “Youtube” belə qərar qəbul edir. Canlı yayımlarımız Facebookda, "Azerifreedom" səhifəsində, eləcə də, “Odnoklassniki”, “VKontakte”, “Periskop” və əlavə 5 sosial şəbəkədə davam edəcək. Facebookda yayımlayandan sonra verilişlərimizi hazır video kimi "Youtube"a yerləşdirəcəyik. 3 saat vaxta əməl etmədiyinə görə, mən də onu nə vaxtsa cəzalandıracam. İndi kimin kim olduğu bilindi. Deyirdi ki, hansısa dekan tələbələrə deyib ki, “Azerifreedom”u bəyənin, Sevinc Osmanqızını şikayət edin. Dekan, deyəsən, başqa şey deyib…
- Milli Şuradan nə üçün çıxarıldınız?
- Mən Milli Şuradan çıxarılmamışam. Məni Milli Şuraya qaytarmaq üçün Əli Kərimli mənimlə "Zabitlər parkı"nda 2 saat söhbət edib. Bunu deyənlərin (Cəmilin, Gültəkinin, Rafiqin və s.) əxlaqı yerində deyil. İstər bu barədə, istərsə də, "şəriət dövləti" qurmaq üçün guya Milli Şurada təklif verməyimlə bağlı, xahiş edirəm ki, vəkil Fuad Ağayevdən, Namizəd Səfərovdan, Rövşən Əhmədovdan, Vidadi Mirkamaldan, İbrahim İbrahimlidən müsahibə alın. Yalan danışıb böhtan atan adam cəmiyyət üçün ən təhlükəl məxluqlardır. İndiki hakimiyyətin nökərləri ilə bunların fərqi yoxdur. Bir tərəfdən, düzü, çox təəssüflənirəm. Digər tərəfdən isə çox sevinirəm ki, nə yaxşı vaxtında maskaları düşdü. Bunlarla müharibəyə getmək olmaz. Arxadan vurarlar.
- E.Quliyev paylaşdığı statusların birində “Ququş” adı ilə sizi ən aşağı formada təhqir etdi. Ona bir cavabınız olmadı…
- Eldəniz Quliyevə mən niyə cavab verim ki?! Onun ən gözəl cavabı özü haqda cəmiyyətdə düzgün fikir formalaşdırması oldu. Mən nə əlavə edə bilərdim ki buna? O özü əsl sənətkardır. Mənə ehtiyacı yoxdur. Tam səmimiyyətimlə deyirəm: Gözün aydın, xalqım. Təbrik edirəm. Bakıda bərk külək əsəndə zibillər havada uçuşur. "Azerifreedom" 3 ayda elə külək əsdirdi ki, bu dəfə zibil yerinə havada maskalar uçur. Son hadisələrdə ən böyük uğur o oldu ki, xalq 25 illik qeyri-müəyyənlikdən çıxdı. Qatar tərpəndi... Heç kim onu saxlaya bilməz.
Xəbər 4153 dəfə oxunub.