28.05.2021 09:54
Yaşa, Azərbaycan! - Arif Buzovnalı
Ey müqəddəs Vətənim, ey gözümün nuru mənim,
Ey mənim ruhumun ustadı cəfakeş Vətənim,
Ey bu dünyada məhəbbət sözünün timsalı,
Ey məhəbbət becərən alilərin amalı,
Ey Xəzərtək sözü eşq ilə coşanlar Vətəni,
Kür kimi, ey həvəsi, hissi daşanlar Vətəni,
Ey şəhid qanları ilə suvarılmış yurdum,
Xain əllərdə qalıb bağrı yarılmış yurdum,
Bu rəzalətlərə qalib gələcəksən, bilirəm,
Qurtulub faciələrdən güləcəksən, bilirəm.
Bir nida yüksələcək göylərə yerdən o zaman:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!
Bu təbiət salıb azadlığa meylin, həvəsin,
Çalışır sındıra dünyada rəzalət qəfəsin.
Yığılıb bir yerə ahlar qoparır zəlzələlər,
Yerin ahın göyə doğru aparır zəlzələlər.
Silkələndikcə yerin köksünə çökmüş dağlar,
Çevirib göz yaşını gur selə çağlar, çağlar.
Ağ buludlar həyəcandan sarılar zirvələrə,
Küləyin nəfsi dayanmaz bu şirin cilvələrə,
Sovurar qumları coşqun Xəzərin sahilinə,
Bu təbiət dili birdən dönər insan dilinə,
Yayılar aləmə nitqindəki titrək həyəcan:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!
Qana doymaz ayaq altındakı çat-çat torpaq,
Vay o gündən ki, üzü düşmənə olsun tapdaq.
Qara torpaq ki, nə canlar uyuyur altında,
Günbəgün isti bədənlər soyuyur altında.
Ey vətən oğlu, onun hər ovucu insandır,
Həmin insan sənin öz kimliyinə ünvandır.
O atandır, o babandır, ulu əcdadındır,
Qara torpaq sən özünsən, sənin övladındır.
Öp, qoru, tut gözün üstündə, müqəddəsdir o,
Vətən övladı adın almaq üçün bəsdir o.
Elə nemətdi ki, ruhundadı keçmiş-gələcək,
Səni də ağuşa aldıqda dilindən deyəcək
Kainata açaraq ağzını yarğan-yarğan:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!
Dədələrdən, babalardan bizə mirasdı Vətən,
Qoyma yurdunda sənin at çapa hər yoldan ötən.
Bu Vətən tarixini qanla yazıb yaddaşına,
İnsafından gəlib axır nə gəlibsə başına.
Yoxsa, bir dövləti olmuş ki, dənizdən-dənizə.
O nəhəngdən kiçicik parça gəlib çatdı bizə.
Vətəni tariximizdən alıb ibrət qoruyaq,
Əbədi andımız olsun bizim üç rəng bayraq.
Hər kiçik zərrəsi yurdun dağımızdır şəksiz,
Bu Vətən torpağı son torpağımızdır şəksiz.
Ululardan bizə qiymətli əmanətdi, bilək,
Başı vermək onun uğrunda səadətdi, bilək.
Yazacaq torpağa qanilə gedən hər qurban:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!
İftixarla adına ey Vətənim söylədiyim,
Şad günündə sevinib, qəmli günü göynədiyim,
Ey bu şair ürəyin sevgisi, sevdası Vətən,
Ey bütün varlığımın məqsədi, mənası Vətən,
Varsa ruhumda dəyanət, əzəmət səndəndir,
Məndə hər yaxşı əməl, yaxşı cəhət səndəndir.
Sənin eşqindi vücudumda yanır məşəltək,
Sənin eşqinlə keçir oddan, alovdan bu ürək.
Sənin eşqindi bu dünyada həyatım, nəfəsim,
Sənin eşqindi bu könlümdəki hissim, həvəsim.
Məndə eşqim qədər olsaydı əgər istedad,
Sən böyüklükdə sözü sözdən edərdim icad.
Elə bir nərə çəkərdim ki, eşitsin bu cahan:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!
Şair-tədqiqatçı Arif Buzovnalı
Xəbər 7722 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|