Masallı Rayonu Boradigah qəsəbəsinin bir qrup sakini oradakı N.Gəncəvi adına 1 saylı tam orta məktəbin təhlükəli vəziyyətdə olmasından dolayı şikayətçidirlər.
Sakinlər məsələ ilə bağlı
Xəzərnews.az-a şikayət məktubu ünvanlayıblar.
Bildirirlər ki, mövcud problemə görə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət ediblər.
Məktəbdəki acınacaqlı vəziyyətdən dövlət qurumlarının da xəbərdar olduğunu deyən sakinlər buna baxmayaraq heç bir təmir işinin aparılmadığını qeyd ediblər.
"2022-ci ildə Elm və Təhsil Nazirliyinin Tikinti idarəsi əsaslı təmir məqsədilə məktəbin dam örtüyünün bir hissəsini söküb, ertəsi gün bunu dayandırdılar. Bizə dedilər ki, məktəbi Heydər Əliyev Fondu əsaslı təmir edəcək. O vaxtdan bu yana heç bir əsaslı təmir işi aparılmayıb. Binanın bir hissəsinin damı söküldüyü üçün yağış və qarın altında qalıb və daha da qəzalı vəziyyətə düşüb. Məktəbin hər an uçmaq təhlükəsi var. Ötən il də Bakı Şəhərsalma İdarəsinin əməkdaşları məktəbə baxış keçirib, prosesi təsdiqləyiblər. Amma nə çarə? Heç bir iş görülmədi. Şagirdlər məktəbdə normal dərs öyrənə bilmirlər. İdman dərsləri tədris olunmur. Akt zalı olmadığı üçün tədbirləri dəhlizdə keçiririk. Bufet xidməti yoxdur. İstilik sistemi də dağıldığına görə, sinif otaqlarında odun peçi yandırılır. Məktəbdə 25 müəllim, 270 şagird və 17 texniki işçi var. Amma havalar soyuq olduğundan dolayı tez-tez xəstələnir, dərsdən qalırlar. Xahiş edirik, problemin həllində köməklik göstərəsiniz. Vəziyyət çox acınacaqlıdır”,- deyə sakinlər bildiriblər.
1974-cü ildən istifadəyə verilən məktəb fəaliyyət göstərdiyi müddətdə xeyli istedadlı və savadlı şagirdlər yetişdirib. Onların arasında alimlər, elmlər doktorları var ki, bu gün müxtəlif sahələrdə çalışırlar. Eyni zamanda, şagirdlərimiz içində çox sayda gənclərimiz İkinci Qarabağ müharibəsində iştirak etdilər, bəziləri şəhidlik məqamına ucaldı.
İsmayıl Rəhimoğlu
Xəzərnews.az
Xəbər 4000 dəfə oxunub.