Lobbiçilik müasir dünyada artıq siyasi həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. İnkişaf etmiş bir sıra ölkələrdə leqallaşmış bu institut dövlət idarəçiliyi aparatına aşağıdan edilən leqal təsir vasitəsidir. Lobbizmin əsas vəzifəsi cəmiyyətin maraqlarına zidd olmayan müxtəlif qrupların, çevrələrin və icmaların özünəməxsus maraqlarının qanunverici və normativ xarakterli aktlarda nəzərə alınmasıdır.
Klassik tərifdə deyildiyi kimi, lobbiçilik dövlətin qanunverici və icra orqanlarına məqsədyönlü təsiretmə yolu ilə ayrı-ayrı təşkilatların və müxtəlif qrupların maraqlarının reallaşmasının xüsusi sistemi və praktikasıdır. Başqa sözlə desək, lobbiçilik konsepti təşkilatlanmış maraqların dövlət orqanlarına və ayrı-ayrı rəsmi şəxslərə məqsədyönlü təsirini ifadə edir.
Artıq 1946-cı ildən ABŞ-də lobbi fəaliyyətinin qanuniləşdirilməsi haqqında qanun işləyir.
Dünyada gedən siyasi proseslərə təsir etmək imkanı olan superdövlətlərin mərkəzlərində də öz maraqlarına uyğun qərarlar qəbul etdirmək istəyən nisbətən kiçik dövlətlər də bu xidmətlərdən hərtərəfli faydalanırlar.
Lobbi xidmətlərindən istifadə külli miqdarda maliyyə vəsaiti tələb edir. Lakin maddiyat məsələnin əsas tərəfi olsa da hamısı deyil. Lobbi fəaliyyətini həyata keçirən nüfuzlu şəxslər, yaxud təşkilatlarla ciddi əlaqələrin qurulması, onların etibarının və hörmətinin qazanılması da işin əsas hissəsidir. Bu fəaliyyəti, yəni lobbi təşkilatları ilə əməkdaşlıq əsasən diaspor təşkilatları, mühacir icmaları tərəfindən həyata keçirilir.
Əməkdaşlığın qurulmasına keçməzdən əvvəl diqqətə çatdıraq ki, lobbiçilik iki cür olur: birbaşa və dolayı.
Birbaşa lobbiçilik aşkar, birbaşa lobbisi ilə qərar verən qurumun səlahiyyətli nümayəndəsi arasında aparılan danışıqlar və görülən işə deyilir. Bu zaman görüləcək işdən ətrafdakı şəxslər və qruplar xəbərdar olmaqla, bu məsələdə öz mövqeyini bildirmək və bildirməmək hüququna malik olurlar.
Dolayı lobbiçilik isə artıq professional lobbi şirkətləri vasitəsilə aparılan fəaliyyət növüdür, bunu siyasi PR, yaxud da reklamçılıq adlandırmaq olar.
Lobbi əməkdaşlığının hər iki variantda həyata keçirilməsi üçün nüfuzlu və sanballı şəxslərin formalaşdırdığı güclü diaspor təşkilatlarına ehtiyac var. Lakin əvvəlki materiallarımızda səsləndirdiyimiz kimi, təəssüf hissi ilə qeyd edək ki, bu istiqamətdə umacaqlarımız qənaətbəxş deyil. Lobbi təşkilatları ilə işin qurulması üçün diaspor təşkilatlarından əlavə, xaricdə yaşayan nüfuzlu soydaşlarımızın etibarından və ictimai, siyasi çəkisindən də faydalanmaq olar.
Yaxud xarici cəmiyyətlərdə uğur qazanmış həmyerlilərimizə xüsusi dəstək verib onların yaşadıqları cəmiyyətdə nüfuzlarının daha da artırılması, dövlət adamları ilə əlaqələrinin qurulmasına, seçkili orqanlarda təmsil olunmalarına nail olmaq zəruridir. Sadalananların həyata keçirilməsi ciddiyə alınarsa, məqsədyönlü, intensiv və davamlı iş aparılarsa, böyük uğurlar qazanılması mümkündür. Doğrudur, birdən-birə böyük nailiyyətlərin qazanılması mümkün deyil, amma böyük zəhmət, maliyyə, sistemli işin aparılması hesabına çox da uzun olmayan bir müddətdə müəyyən dividentlər qazanmaq olar.
Bu iş diaspor quruculuğu işi ilə paralel və əlaqəli aparılmalıdır. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun hökumətə verdiyi təkliflər arasında da bu məsələyə dair ciddi müddəalar var. Fond hesab edir ki, lobbi fəaliyyəti ilə məşğul olacaq diaspor nümayəndələri yaşadıqları ölkələrdə nüfuzlu azərbaycanlılardan seçilməli, onların ictimai-siyasi proseslərdə iştirakına kömək göstərilməli, yerli seçkilərə qatılmalarına dəstək verilməlidir.
Ümid edirik ki, bu mühüm məsələlərə qısa müddətdə baxılaraq, dövlətimiz və ölkəmiz üçün həyati maraq kəsb edən lobbiçilik fəaliyyəti sahəsində əhəmiyyətli nəticələr əldə olunacaq.
Diaspora.tv-nin
Analitik Qrupu
Xəbər 1924 dəfə oxunub.