30.11.2023 10:39
Araik Arutyunyan Azərbaycanda qalmaq istəyir...
Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Araik Arutyunyan Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir.
Xəzərnews.az xəbər verir ki, bu barədə Musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb.
Məlumatda iddia olunur ki, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir.
Məlum olduğu kimi, həbs olunanlar arasında ən ağır cinayətləri o törədib. Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə komandan olub, Gəncənin, Bərdənin bombalanması əmrini özünün verdiyini etiraf edib. Azərbaycan övladlarının şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. O, bir müharibə canisidir. Onsuz da Azərbaycan məhkəmələri ona ən ağır cəzanı - ömürlük həbsi verəcək. Bu baxımdan, Araikin Azərbaycanda ölənə qədər qalması təmin olunub. İtirməyə heç nəyi qalmayan separatçı bu səbəbdən indi yaltaqlığa, xoşqılığa, artistliyə əl atıb"...
Onun istintaqa verdiyi ifadələrlə bağlı da ümumi və qismən məlumat ala bilmişik. Rəsmi olmayan həmin məlumatda iddia olunur ki, Araik Arutyunyan özünə qarşı elan olunan bütün ittihamlara "...mən kim idim ki, orduya əmr verəm. Bütün əmrlər Ermənistan Müdafiə nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi, görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Paşinyan əmr edib. Mənə də əmr etdi, efirə çıxıb hər şeyi öz üzərimə götürdüm, Ermənistanı məsuliyyətdən yayındırım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var, yoxlayın, görün onlar hansı ərazilərdən atılıb..."
Bir sözlə, separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün suçu Paşinyanın üzərinə atmaqla, həyasızcasına özünü təmizə çıxartmağa çalışır.
Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", -deyə hər dəfə də yaltaq-yaltaq təkrar edir.
Məlumatda o da vurğulanır ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar.
İddia olunur ki, Araik 10 kq kökəlib.
Yaxın zamanlarda onların cinayət istintaqı yekunlaşacaq və iş məhkəmə instansiyasına təqdim olunacaq. O zaman bu müharibə suçlularını hakim qarşısında görüb, çəkmək, yaymaq imkanımız da olacaq.
Xəbər 4323 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|