Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


24.01.2023  16:09 

Pul xərcləmək lazımdır, əfəndilər, pul...





A+  A-

Bizdə camaatın milli kinoya, seriala niyə bu qədər heyrət, təəccüb içində yanaşdığını anlaya bilmirəm. Xüsusilə də rejissorlarımızın, ssenaristlərimizin, aktyorlarımızın bacarığına, qabiliyyətinə, səriştəsinə, iş yarıtmasına, istedadına şübhələr hardan qaynaqlanır? Başa düşürəm e, son 30 ildə bütün təsərrüfatlar kimi, elə kino təsərrüfatı da dağıldı, hərə bir tərəfə pərən-pərən düşdü, pulsuzluq, imkansızlıq ciddi yaralar açdı, yaxşı işlərin ardı gəlmədi. Aktyorlar kinoya çəkilmək əvəzinə toy-büsat məclislərində tamadalıq eləməyə, mahnı oxumağa başladılar. Ac qalmamaq, yaşamaq üçün məcbur idilər.

Xatırlaya bildiklərimdən Fuad Poladov, Həsən Məmmədov, Yaşar Nuri, Siyavuş Aslan, Ramiz Əzizbəyli, Həsən Turabov, Zərnigar Ağakişiyeva, Firəngiz Rəhimbəyli kimi neçə-neçə dünya miqyasına çıxarılası aktyorlarımızın arzuları ürəklərində qaldı, vaxtsız həyatdan köçdülər, səbəblərini az-çox bilirik...

Amma və lakin...

Bir çox sahədə, hələ-hələ bu kino işində çox istedadlı xalq olduğumuza bu qədər ironik, istehzalı, təəccüblü yanaşma doğrudan məni xeyli üzür. Üzür ona görə ki, sanki getdikcə özümüz haqqında unutqan olmağa başlamışıq, keçmişimizi yaddan çıxarma, manqurtlaşma gedir.

Sovet zamanından öyünəsi dünya miqyasında yüzlərlə kino, teatr işimiz var. Usta oyunçularımızın üz mimikalarından, bədən, əl-qol hərəkətlərindən tutmuş, səs tembri, ssenari, möhtəşəm dialoqlar, monoloqlar, fraqmentlərə yazılan musiqilər - bir sözlə, məktəb, "şkola" olub həmişə..

Fəqət, baxıram, biz yenə, adətimiz üzrə mahiyyəti qoyub detalları qovalayırıq. "Niyə bu günə qaldıq?" sualının kökündə gizlənən mətləblərdən danışan yoxdur. Daha çox da, bu prosesdə iştirakçı olan insanlarımızın minimum resurslarla ortaya qoyduğu keyfiyyətli işin nəticəsindən gözlər hədəqədən çıxıb bərəlir, heyrət ərşə dirənib. Niyə heyrətlənirsiniz ki? Nədir bu aşırı təəccübə səbəb olan? İstedadlı olduğumuz yeni xəbərdir?

Bəlkə də, yazacağım fikirlərə yenə ağız-burun əyənlər olacaq, bu da təbiidir, hər kəsin eyni fikirdə olması məcburi deyil.

Sözümün canı budur ki, Azərbaycan hələlik çox kiçik ölkədir. Kiçik ölkələrdə bazarlar da kiçik olur. Kino işi də sənət olduğu qədər, həm də bir biznes sahəsidir və onun da bazarı respublikamızın hüdudları içində təəssüf ki, çox kiçikdir. Bir var Türkiyənin 90 milyonluq auditoriyası, bir var Azərbaycanın onca milyonluq.

Yəni, kinoindustriya ciddi pulların dövr elədiyi çoxşaxəli və çoxfunksiyalı kino emalı sahəsidir. Kino, teatr həm də məşəqqətli, gərgin, əziyyəti, fiziki, ruhsal və mənəvi stresi çox olan bir təsərrüfatdır. Onun içində əmək verən insanlar yaxşı yaşamağa borcludurlar. Rejissorlar, ssenaristlər, aktyorlar, bəstəkarlar, musiqiçilər, sahənin texniki işçiləri, kimsə inciməsin, maddi təminat baxımından minimum orta təbəqədən iki baş üstün yaşamalıdırlar.

Çünki onlar, sadəcə, kino xatirinə kino yaratmırlar, teatr xatirinə teatr ərsəyə gətirmirlər. Eyni zamanda xalqın, cəmiyyətin mədəni, milli-mənəvi, milli şüur, sosial-məişət həyatında tərbiyəvi, ruhlandırıcı, toplumsal motivəedici funksiyası var. Elə məşhur aktyor, vaxtsız itirdiyimiz, təpədən-dırnağa istedad, kino, teatr adamı kimi doğulmuş Səməndər Rzayev "Bəyin oğurlanması" filmində bir epizodda əbəs yerə demirdi ki, "...bu kino ki var, çox qəliz bir işdir, həm qəlizdir, həm də ki vacib".

Kino həm də dünya miqyasında ölkənin, xalqın, onun dilinin, mədəniyyətinin, tarixinin adıdır, özüdür, izidir, şanı-şöhrətidir, kimlik pasportudur. Məsələyə bu cür fundamental yanaşmasaq, heç sahədə uğur qazana bilmərik.

Millətlər var bir kinoya baxıb, yaxud bir üvertüra, ya marş dinlədikdən sonra şövqə, riqqətə gəlib gedib torpaq azad ediblər. Bu mənada kinomuzun kiçik olan bazarını necə böyütmək olar mövzusu daha aktual problem olmalıdır.

Sərhədləri aşıb çoxmilyonluq auditoriyaların qarşısına çıxmaqdan ötrü dünya standartlarında, adamın yeddi qatına, sarı simlərinə toxunan məhsul yaratmaq lazımdır. Bu məhsul elə-belə yaranmır. Təbii, yaxşı pul lazımdır ki, çoxlu çeşidli filmlər, seriallar çəkilsin, bundan ötrü alt yapı olaraq, teatrlarda işin keyfiyyəti daha da yaxşılaşmalıdır. Çünki kinoya ən yaxşı aktyorlar məhz teatrlardan cəlb olunur. Əlbəttə, bütün bunlar vaxt tələb edən işlərdir. Hərçənd məlum prosesin içində peşəkarlaşma o həddə çatmalıdır ki, artıq bizim də kino, serial sahəsində məhsullarımız qlobal izləyici önünə çıxa bilsin. Bu, mümkündür. Sadəcə özümüzə lağ etməyi, ironiya etməyə son qoymalıyıq. Bacarıqlı insanlarımızın olmağına inanmalıyıq.

Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Vaqif Mustafazadə, Elza İbrahimova, Şəfiqə Axundova... - aman Tanrım, təkcə bir sahədə balaca bir xalqın bu qədər dünya şöhrətli bəstəkarı varkən, niyə bu qədər dibə vurmuşuq özgüvəndə?

Papağımızı qabağımıza qoyub çoxlu-çoxlu düşünməli, ağlımızı, fikrimizi başımıza toplayıb gerçək mənada iş görmək lazımdır.

Bunu kim etməlidir? Bunu ya mədəni, sosial, ictimai layihələrə uff demədən samballı pul xərcləyə bilən kişi oğlu kişi iş adamlarımız (ölkədə və ölkə xaricində olan) etməlidir, ya da bu yükü də, müəyyən müddətə qədər Dövlət Baba öz üzərinə götürməlidir. Ona görə götürməlidir ki, marketinq bazarımız kiçikdir. Kollektivləri qoruyub saxlamaqsa bu kiçik bazarla mümkün olmur.

Əsas məqsəd də bu olmalıdır ki, yaxın on il ərzində Azərbaycan mədəniyyətinin önəmli xətti olan kino, teatr təsərrüfatı həm kəmiyyət, həm də keyfiyyət baxımından qarşıya qoyulan hədəflərə çatsın. Daha çox da yerli və xarici iş adamlarının, biznes, investisiya dairələrinin maraq nöqtəsinə düşsün. Bundan ötrü xüsusilə aktyor seçimlərində təsadufi, dost-aşna, qohum-əqrəba (əgər xüsusi istedadları varsa istisna edilə bilər) adamlarının "ağzını çörəyə çatdırma yanaşması"ndan uzaq olmaq lazımdır.

Əgər məsələlərə bu cür prinsipial, plan-proqram əsasında yanaşılsa, ciddi maliyyə rəqəmləri dövriyyəyə buraxılsa, sizi inandırıram ki, heç on ili gözləmək gərəkməyəcək, çox qiymətli kino, film, serial işləri yaradılacaq. Niyə? Çünki azərbaycanlılar çox istedadlıdırlar, hətta daşdan çörək çıxarırlar (Doğrudur, dələduzlarımız da az deyil, ancaq onları çıxdaş etmək çətin deyil). Bir balaca inanmaq və bir balaca fürsətlər, imkanlar yaratmaq kifayət edəcək ki, bəhrəsini görək.

Pul xərcləmək lazımdır, əfəndilər, pul. Pul xərcləməyə əl olsun gərək, ondan vacibi ürək istəyir. Hər işin əvvəlində tələb olunan xərcləri qarşılamağa kişi oğlu kişi lazımdır. Ürəkli, vətənini, xalqını sevən, onun yolunda malından keçməyə hazır olan Kişi. Canından, cavan ömründən keçib 44 günə Vətən azad edən, torpaq yaradan oğullarımız varsa, malından, pulundan keçib ölkəsi üçün yaxşı işlər görən iş adamlarımız niyə olmasın?.. Bu olsun, qalanı artıq bir təfərrüat, hekayə..

Elə bizim içində olduğumuz siyasətdə də belədir. İnsanlar, iş adamları öz gələcək talelərinə, həyatlarına, min bir müşkülatla əldə etdikləri mülkiyyətlərinə biganə qalmayıb maddi-mənəvi dəstək verməyə başladıqca, etimad etdikləri, inandıqları siyasət adamlarının üzərində söz sahibi olmağa, söz deməyə, onlardan nəticə tələb etməyə haqları yaranacaq, "Düzəlt bu ölkəni təslim et bizə" iradəsi göydə bərq vuracaq...

Bu arada yaddan çıxmamış yazım ki, minbir müşkülat və az resursla ərsəyə gətirilmiş, haqqında çox danışılan bu yeni teleserial - #ƏqrəbMövsümü yaxşı, keyfiyyətli iş baxımından pis başlanğıc deyil. Cəmiyyətin haqlı irad və tənqidlərinə dözümlə, təmkinlə, ağılla yanaşıb, mütərəqqi, faydalı çağırışlara səs verib daha böyük işlər görməliyik. Uğur olsun!..

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqan müavini



Xəbər 984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +