“Sədərək” Ticarət Mərkəzini əminliklə ölkənin mikro orqanizmi kimi də səciyyələndirə bilərik. Ölkə vətəndaşlarının böyük kəsimini “satıcı-alıcı” qismində bu nəhəng bazar ilin iki günü (20 yanvar və aşura) istisna olmaqla özündə birləşdirirsə, niyə də belə düşünməyək. Burada çalışanların hamısı – ibtidai təhsili olmayan savadsız və səbatsızından tutmuş, ali təhsilli elm adamlarına kimi, hamılıqla vahid bir ad - “bazar adamları” altında birləşiblər. Onlar, sadəcə bu adı daşımağa məhkum olunsalar da, bu, heç də onların birgəliyindən xəbər vermir. Burada “birgəlik” qismən də olsa, satılan malların mahiyyəti ilə uyğunluq təşkil etməyən “Şirniyyat” bölümünə şamil edilə bilər ki, bu da birbaşa olaraq region amili ilə səciyyəvi xarakter daşıyır. “Birgəlik” o zaman baş verir ki, eyni amal, məqsəd və məram böyük bir toplumun maraq dairəsini eyni bucaq altında birləşdirə bilsin. “Sədərək” kimi mərkəzlərdə “dolanışıq” və gündəlik “çörək pulu”na görə (hərçənd, bu ifadəyə nifrət etsəm də belədir) ömrünü qışın şaxtasında donduran, yayın istisində günə yandıran insanlarda “birgəlik” o halda ola bilər ki, “çörək pulu”nun kəsilmə işartısı üfüqdə görünmüş olsun. Bunu bir neçə il öncə “Binə” TM-də baş verənlər (sahibkarların magestral yolu bağlamasına cəhd etmələri və s.) də təsdiqləyir.
Belə bir “birgəlik” ara-sıra “Sədərək” TM-nin payına da düşüb və bu, bazarın Binə qəsəbəsindən qurudulmuş Lökbatan bataqlığına köç etməsinin ilk illərinə - 2009-2010-cu illərə təsadüf edir. Bu, sırf dükan bölgüsü ilə bağlı olan məsələlərdən qaynaqlanırdı ki, bunu da bazar rəhbərliyi Əlinin papağını Vəlinin başına, bir başqalarını isə papaqsız qoymaqla birtəhər “yerbəyer” edə bildi. O zaman bir çoxları məcburən bu aqibətlə barışmalı olsalar da, bu hal ara-sıra sonrakı illərdə də “yüngül” formada özünü göstərdi və davam etməkdədir.
Bazar rəhbərliyi – Qədimbəyli qardaşları sonrakı aylar və illərdə sahibkarlarla bağlanmış müqavilələri birtərəfli qaydada bir neçə dəfə dəyişməklə birdəfəlik həm alqı-satqı, həm də depozit “oyunundan” ustalıqla qurtula bildi - hər nə qədər bütün bunlar qanunazidd olsa da, belə bir addım atıldı. Amma hamı susdu, çünki sahibkarlar istəməsələr də belə, “birgəliyi” pərakəndə şəkildə “dolanışığa” qurban vermişdilər, o səbəbdən bu aqibətlə barışmalı idilər və barışdılar. O zaman hamının dilindən eyni ifadə səslənirdi: “bunlarla bacarmaq mümkün deyil”. Təbii ki, “bir tikə çörəyə” görə acizliyini isbatlayanlar bundan artıq nə deyə, yaxud da nə edə bilərdilər ki?
Bu alqı-satqı və depozit məsələsinə bir qədər aydınlıq gətirmək istəyirəm. Lökbatan bataqlığı qurudulub, yerində müasir tipli ticarət mərkəzi inşa olunduğu ilk illərdə (2000-ci illərin ortalarında) bazar rəhbərliyi sahibkarlarla birdəfəlik Alqı-satqı və beş illiyə İcarə müqaviləsi bağladılar ki, bu da hüquqi sənəd hesab olunurdu. Ona görə “olunurdu” deyirəm ki, artıq belə bir sənədin indi izi-tozu da yoxdur. Təsəvvür edin, müəyyən miqdar pul depoziti qarşılığında beş illiyə bağlanmış İcarə müqaviləsinin ömrü heç beş ay da çəkmədi və dəyişdirildi – orada aylıq yer haqqı ilə bağlı göstərilən 20 % güzəşt və s. məsələlər çıxdaş edildi. Alqı-satqı müqaviləsində açıq şəkildə göstərilən “xüsusi mülkiyyət – özəlləşdirmə” məsələsi də eyni aqibəti yaşadı. İndi Qədimbəyli qardaşları “Sədərək” TM-ni tam olaraq öz mülkiyyətləri hesab edə bilərlər və niyə də etməsinlər.
Əslində isə, bu nəhəng bazar, təkcə, Qədimbəylilərin deyil, həm də birbaşa olaraq burada çalışanların şəxsi vəsaiti hesabına inşa olunub. Amma bu gün bunu isbatlayacaq bütün sənədlər demək olar ki, öz hüquqi qüvvəsini itirib və onlar (Qədimbəylilər) mütləq söz sahibidirlər. Onların hüquqi müstəviyə azacıq da olsa söykənməyən hərəkətlərinin sayı-hesabı isə bilinməyəcək qədərdir və bütün bunları nəinki bir, hətta bir neçə yazıya sığışdırmaq belə mümkünsüzdür. Bunu isbatlayacaq çoxsaylı faktlardan birinə istinad edək.
Qardaşım Çingiz Hüseynov bir çoxları kimi, 2000-ci ilin ortalarında pul depoziti qarşılığında məişət texnikasının satışı üçün sahəsi 40 kv olan dükanın tikintisindən ötrü (Şirniyyat, sıra 11, mağaza 26) bazar rəhbərliyi ilə İcarə müqaviləsi bağlayır. 2009-cu ilin aprelində, yəni yeni bazar fəaliyyətə başlan gün məlum olur ki, bircə günün içində bu mağazanı bir ayrısına “rahatlıqla” sata biliblər. Qarşılığında 5-ci sıranın işlək olmayan 16 saylı dükanını təklif edirlər – yəni, istəsən də, istəməsən də budur... Əlacsız qalaraq razılaşır. Bir ildən sonra – sıra işlək halına düşdüyü ərəfələrdə bunu da əlindən alırlar və yenidən bir ayrısına “satırlar”. Qanunsuzluğun miqyasını təsəvvür edə bilirsinizmi? Hələ bu, harasıdır.
Bu dəfə bazar rəhbərliyi o zaman bir elə də işlək olmayan 1 mərtəbəli “Elit” ərazisində (3-cü sırada) “yer” ayırır. Bir-iki ildən sonra, yəni bura da işlək vəziyyətinə düşdüyü ərəfələrdə kimlərinsə dükana “gözü” düşür və Qədimbəylilər bu fürsəti də fövtə vermirlər, təbi ki, böyük para qarşılığında ayrı bir şəxsə “satırlar”.
Məcbur qalıb 2-ci sıraya köç edilir. İki-üç ildən sonra oradakı yerdən də çıxarılır, çünki daha böyük məbləğ yenə də bütün insani dəyərləri ayaqlar altına atmaq qüdrətini isbatlayır. Təqribən, dörd ay əvvəl eyni sırada yeni bir yerə köçmüşdülər. Artıq, bazar rəhbərliyinin yeni mesajı özünü çox gözlətməyib: “bura satılıb, özünə yer axtar...”.
Baxın, bunlar insanları hansı həddə çatdırırlar. Belələrinin sayı nə birdir, nə də iki – sayagəlməz qədərdir. Nə qədər ki, Qədimbəylilərin tamah limiti bitməyib, belə də davam edəcək – o zamanadək ki, o zaman insanların səbir limiti tamam tükənəcək...
İndiki həssas dönəmdə “Sədərək” TM-ni idarə edənlərin vətəndaşları dövlətdən, bu dövləti yönəldənlərdən narazı salmaqda, onları məqsədyönlü şəkildə narazı elektorata çevirməkdə məqsəd(lər)i nədir? Həqiqətənmi, Qədimbəyli qardaşları bunca yenilməz “imperiya” sahibidirlər və istədikləri kimi hərəkət edirlər? Görəsən, “Sədərək” TM-nin heç də onların ata mülkləri olmadığını qanunun bütün parametrlərinə uyğun olaraq onlara xatırladan olacaqmı? Cənablar, istəyiniz nədir? İnsanları üsyan həddinə çatdırmaqmı? Mən, bir KİV nümayəndəsi olaraq, artıq sizlərin ölçüyəgəlməz qanunazidd hərəkətlərinizdən bezdiyimi hayqırtı ilə bütün ölkəyə bəyan edir, “analoqu” olmayan “yerdəyişmə, yersatma” adı ilə burda çalışanları bezdirdiyiniz yetər – deyirəm! Bilin ki, sizin kimi burada çalışanların da mülkiyyət haqqı və hüququ vardır...
Mən, ölkə Prezidentinə, Baş nazirinə, Baş prokurora müraciət edərək, Qədimbəyli qardaşlarının sahibkarlarla bağlı davamlı olaraq etdikləri qanunazidd hərəkətlərinə qarşı qanunamüvafiq ölçü götürülməsini xahiş edirəm. Belə bir addımın atılması orada çalışan minlərlə insanın dövlətə, dövlətçiliyə olan sarsılmış inamının bərpasında həlledici amilə çevrilə bilər.
Vasif Hüseynov
Qısamüddətli yay yağışından sonra "Sədərək"dəki vəziyyət: