Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


28.12.2018  10:38 

“Tüstüsüz” yanan istilik





A+  A-

Hər il qış mövsümü başlayanda ənənəvi olaraq istilik problemi qabardılır, amma faydası olmur. Bu sistem məhvərindən necə çökübsə, onu dirçəltmək , isidib yenidən işlək mexanizmə çevirmək üçün neçə-neçə illərin qışını yaya calamaq lazımdır ki, bəlkə faydası olsun. Bu calaq işləri nə zaman olacaq, yaxud olacaqmı, bilinmir. Bilinən odur ki, verilməyən istiliyə görə də ölkənin ən soyuq təşkilatı olan “Azəristiliktəchizat”ın sayğacı “saymaqdadır”. Çoxları bundan xəbərsizdir, abonent kodlarını öyrənib bunu yoxlatsalar, görəcəklər ki, neçə-neçə illərin qış yükü bellərinə necə şələlənibsə, sonradan bunun altından çıxmaq onlara qanı bahasına başa gələcək. Qış mövsümü bitdikdidən sonra bunu isbat etmək təbii ki, mümkünsüz olacaq və günlərin xoş olmayan bir günündə verilməyən istiliyə görə kommunal haqq tələb ediləcəkdir. İmtina etsəniz, bir başqa gün başqa vasitələrlə (məhkəmə və c.) bunu sizdən almağa çalışacaqlar.
Ötən il mən bu bəlanı bir təhər adlada bildim. İllərdir ki, yaşadığım mənzilə (7-ci mik. bina 14) istilik verilmədiyi halda hesabımıza “hesab” yazılırdı. “Azəristiliktəchizat”ın Binəqədi rayon ərazisindəki 3 saylı İSİS-in səlahiyyətlilərini, xüsusən də 7-ci mikrorayondakı qazanxananın başbilənlərini başa sala bilmirdim ki, binanın əksər mənzillərinə istilik daxil olmur və bu, binadaxili problemlə bağlı deyil, birbaşa onların işə səhlənkar yanaşmalarının nəticəsində baş verir. Dəfələrlə mənzilə baxış keçirsələr də, cavab eyni olurdu: “mənzillərdəki dəmir boru xətlərinin çürüməsi səbəbindən istilik mənzilə daxil olmur”. Halbuki, istiliyin binanın zirzəmisindən “yoxa” çıxdığını onlara isbat etsəm də, “dəyirman” öz işində olub –nə Nuh deyiblər, nə də peyğəmbər . Bir anlığa təsəvvür edək ki, onların söylədikləri cəfəngiyyatlar həqiqətdir, yəni mənzillərdə istilik xətləri tamam sıradan çıxıb, bəs, o zaman bunu niyə aktlaşdırıb vətəndaşları borc yükündən azad etmək istəmirlər? Hansı səbəbdən verilməyən istiliyə görə xidmət haqqı tələb edirlər? Demək, onların marağı tamam ayrı şeylərdir: daha çox aldatmaq və daha çox oğurlamaq, çünki buna ayrı ad vermək olmur. İndi təsəvvür edin, nə qədər istilikdən məhrum olan mənzillər var ki, onlardan qanunsuz olaraq kommunal haqq tələb edilir.

Bizim blokun sonuncu - 5-ci mərtəbəsində (mənz. 44) təqaüddə olan yaşlı və xəstə bir müəllimə (S.Şıxlinskaya) yaşayır. Demək olar ki, hər il qış mövsümünü müxtəliv ünvanlara telefon açaraq istiliyin verilməsini tələb etməklə başa vurur. Bilirsinizmi, nə olur? Hər il soyuqdan donur, amma səsini eşidən olmur. Nə qədər ki, bu cistem çöküb, nə qədər ki, çökmüş sistemin qalıqlarını təmizləyib BƏRPA işləri aparılmasa, belə də olacaq – vətəndaşla dövlət qurumları arasında çəkilmiş soyuq xətt onun kimilərinin səsini daş divarların soyuğunda boğacaq...

Hər il mənə telefon açaraq bu işdə yardımçı olmağımı istəyir. O gün yenə zəng etmişdi, deyir ki, 50 manatdan pul yığıb versək (hər halda, 3 saylı İSİS-in qazanxanadakı başbilənləri ona belə deyiblər), bizə də istilik verərlər. Ona bildirdim ki, astarı üzündən betər olmasın deyə, əvvəlcə illərdir verilməyən istiliyə görə yığılıb qalan borcu sildirmək üçün İblisin bu sahə üzrə səlahiyyətli nümayəndəsini axtarıb tapmaq və ona müraciət etmək daha məqsədəmüvafiqdir – yəni, sonradan izafi başağrıları pik həddinə çatmasın.

Yaxın illərə kimi istiliyə birbaşa cavabdehliyi Mənzil İstismar Sahələri (MİS) daşıyırdı və o zamanlar indiki kimi məsələ ilə bağlı kütləvi narazılıqlar olmazdı, yaranan problemlər də qısa zamanda aradan qaldırılardı. Indi isə tamam ayrı mənzərədir. “Azəristiliktəchizat” yaranandan sonra dövlətin bu sahəyə ayırdığı pullar qazanxanalarada “tüstüsüz” yandığından istiliyə həsrət qalanların sayı da il-ildən daha çox olur. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində “Azəristiliktəchizatı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq” deyib. Demək olar ki, hər il bu sahəyə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Amma işinin öhdəsindən gələ bilməyən məmurların məsuliyyətsizliyi ucbatından problem qalmaqda və daha da dərinləşməkdədir.

Elə isə, çıxış yolu nədir? Sovet dönəmində Xalq Nəzarəti Komitəsi deyilən bir qurum var idi və demək olar ki, sosial sferanın bütün sahələrinə nəzarət edə bilirdi. Cızığından çıxanlarda da bir çəkingənlik var idi. O zaman vətəndaş özünü həm də daha güvənli hiss edirdi. Bu gün də buna bənzər bir mexanizm qurmaq olar və daha effektli nəticə verər. Hətta, paytaxt rayonlarından biri – elə sakini olduğum Binəqədi rayonu pilot lahiyə kimi belə bir təşəbbüslə çıxış edə də bilər. Düşünürəm ki, bu, yalnız fayda gətirər. Fərqli iş üslubunu seçən – yəni vətəndaşlarla səmimi ünsiyyət qurmağa üstünlük verən rayonun yeni icra başçısı cənab Elxan Allahverdiyev tabeliyində olan qurumlardan birinə - məsələn, MİS-lərə göstəriş verə bilər ki, ərazilərindəki sakinlərin bütün sahələr üzrə problemlərini yazılı və ya şifahi formada sənədləşdirib operativ qaydada rayon rəhbərliyinə çatdırsın. İcra Hakimiyyətində bu sahəyə ayrılacaq məsul şəxs(lər) isə problemləri aidiyyəti üzrə dövlət qurumları qarşısında qaldırsın və daimi nəzarətdə saxlasın, eyni zamanda vətəndaşları da mütəmadi məlumatlandırsın. Indi təsəvvür edin, fərdi qaydada səsi eşidilməyən, ən kiçik bir işə görə get-gələ salınaraq əsəbləri tarıma çəkilən, müraciət etdiyi ünvanlardan çox vaxt müsbət nəticə əldə edə bilməyən vətəndaş birbaşa dövlətin (rayon rəhbərliyinin) ona sahib çıxdığını görəcək və paralel olaraq qanunlar çərçivəsində probleminin həllinə nail olacaq. Inanın, o zaman S.Şıxlinskaya kimi insanlar da şaxtalı qışın sazağında evinin içində üşüməyəcək və daxilən dövlətin bütün atributlarına səmimi olaraq isti məhəbbət bəsləyəcək. Baxın, bizim mikrorayonda (80 saylı MİS) yığılan məişət tullantıları gün ərzində 2-3, bəzən isə 4 dəfə maşınlarla ərazidən daşınır, təmizlik işinə baxanlar hər səhər 00-06-dan ərazidə təmizlik işini aparır. İndi təsəvvür edin, əgər məişət tullantıları 2-3 gün ardıcıl olaraq daşınmazsa və təmizlik işi aparılmazsa, bilirsinizmi, necə ekoloji fəlakət baş verər, üfunətdən ərazidə bircə nəfər də qalmaz. Demək, bu qurum (MİS-lər) pis və ya yaxşı, hər halda işləyir, amma onları yeni pilot lahiyə ilə işlək və daha işlək bir mexanizmə çevirmək də olar. Və niyə də olmasın. Bu işdə dövlətin qazanacağı daha çox olar, məncə.

Vasif Hüseynov


Xəbər 2421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +