Son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə "Bakı Gəmiqayırma Zavodu” ilə bağlı foto yayılıb. Zavodun yaydığı məlumatda deyilir ki, əməkdaşlar tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərfləri təmir məqsədilə çıxarılan zaman çəkilmiş fotoşəkil belə böyük bir rezonansa səbəb olub. Açıqlamada qeyd olunur ki, 22 oktyabr saat 11:00 radələrində BGZ- nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyatı şöbəsinə məlumat verilib.
Əməkdaşlar tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib. BGZ- də hal hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. BGZ- nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Bu birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib.
Açıqlamada adı çəkilən şəxslərdən biri barədə maraqlı məlumat əldə etmişik.
XəzərNews.az xəbər verir ki, Musavat.com-a verilən məlumata görə, Hikmət Məmmədov Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğludur. Məmmədov Şahlar Əyyub oğlu 2006-cı ildən Dövlət Dəniz Administrasiyasının rəis müavini vəzifəsinə təyin edilib. Administrasiya Dövlət Dəniz Agentliyinə çevrildikdən sonra isə direktor müavini kimi fəaliyyətini davam etdirir. O, beş gün əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə "Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Xəbər 2222 dəfə oxunub.