09.08.2018 13:27
Abşeron Gənclər Şəhərciyində elektrik anormallığı - Sayğaclar niyə gizlədilir?
Abşeron gənclər şəhərciyində elektrik sayğacları binaların zirzəmisində quraşdırılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Avropa.info-ya Abşeron gənclər şəhərciyinin bir qrup sakini bildirib.
Sakinlər qeyd edirlər ki, sayğaclar əvvəllər binaların blokundakı pilləkən meydançasında olub. Sonradan hansısa bilinməyən səbəblərdən sayğaclar sökülərək, zirzəmilərə daşınıb: “Bu da abonentlərin sayğaclara nəzarət etmək imkanlarını məhdudlaşdırır. Çünki zirzəmilərin qapıları hər zaman qıfılla kilidli olur”.
Məsələ ilə bağlı danışan “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, sayğaclar Abşeron gənclər şəhərciyinin MTK rəhbərliyinin rəhbərliyinin məsləhəti ilə zirzəmilərə köçürülüb. MTK rəhbərliyi bu təşəbbüsü pilləkən meydançalarında sayğacları uşaqlardan qorumaq üçün irəli sürülüb.
Xatırladaq ki, sayğacların binaların zirzəmilərində quraşdırılması texniki göstəricilərlə bağlı qaydaların kobud şəkildə pozulmasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə görə, elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
Sakinlər son günlər elektrik sərfiyyatına görə qəbzlərdə ikiqat məbləğin yaranmasından da narazılıq ediblər. Onlar bildiriblər ki, əvvəlki aylarda iki nəfər ailə üzvünün yaşadığı mənzildə elektrik sərfinə görə 6-7 manat işıqpulu ödəyirdilərsə, bu ay həmin məbləğ məlum olmayan səbəbdən iki dəfə artıb: “Sayğacların göstəricilərini müşahidə etmək imkanımız olmadığından ordakı rəqəmlərdən xəbərimiz olmur”.
Bu məsələyə də münasibət bildirən Tanrıverdi Mustafayev deyib ki, hər bir abonentə istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə bildiriş verilir.
“Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin məsələ araşdırılsın”.
Xəbər 2126 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|