Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dunya Miyatoviç Gununsesi.info-ya eksklüziv müsahibə verib. Komissarla söhbətdə Azərbaycanda insan hüquqlarının durumu, Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti və sair mövzularda danışılıb.
– Xanım Miyatoviç, Azərbaycanda insan hüquqlarının durumu haqqında ilkin fikirlərinizi bilmək istərdim. Hazırda bizim ölkəmizdə vəziyyəti necə qiymətləndirirsiniz?
– Azərbaycanda insan haqlarının qiymətləndirilməsi ilə bağlı deyim ki, mən ölkəyə etdiyim səfərlər vasitəsilə bunu edirəm. Səfərlər zamanı mən adətən insan haqları məsələsinə baxıram və sonra tövsiyyələr hazırlayıram və hökumətlə işləyirəm. Mən Azərbaycana səfər etdim və ifadə azadlığı ilə bağlı məsələni qoydum. Həm də bu səfərlər zamanı mən iki həbsxanaya getdim və o vaxt həbsdə olan Əfqan Muxtarlı ilə, eyni zamanda Seymur Həzi görüşdüm. Mənim üçün həbsxanadakı şəraiti o zaman görmək həqiqətən də vacib idi. Hətta səfərlərdən sonra hazırladığım hesabatlardan və tövsiyyələrdən və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qiymətləndirmələrdən sonra da bu məsələlərlə məşğul olmaqda davam edirdim. Bilirsiniz ki, bütün bunlar ictimaiyyət üçün açıqdır. Mən vəziyyəti izləməkdə davam edirdim. Eləcə də məhbuslar, həbsdə olan insan haqları müdafiəçilərinin məsələləri və bir neçə digər işlərlə də məşğul olurdum. Ən son işim isə Bəxtiyar Hacıyevlə bağlı olub. Xüsusən də bu yaxınlara qədər ATƏT-də işləyəndə bununla məşğul olmuşam. Həmçinin digər işlər də vardır, məsələn, Əvəz Zeynallı və Elçin Sadıqovun işi ilə bağlı mən Azərbaycan hökuməti ilə danışırdım. Təəssüf hissi ilə bildirməliyəm ki, o qədər proqres və yaxud hakimiyyət tərəfdən bu barədə nəsə etmək üçün istək yoxdur ki, mən bu barədə danışa bilim.
Yəni ki, Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin, fərqli fikirli və tənqidi tonda danışan insanların sıxışdırılması vəziyyəti təəssüf ki, hələ də davam edir. Buna baxmayaraq işimi davam edirəm və əlimdən gələni edirəm ki, həqiqətən də narahat olduğum müəyyən işlərin həll edilməsini görüm.
Həmçinin həbsxanalardakı vəziyyət, hüquqi yardımın əlçatanlığı, səhiyyənin əlçatanlığı ilə bağlı və çox problemli olan digər məsələlər vardır.
– İfadə azadlığı sahəsində durumu necə dəyərləndirirsiniz?
– Mən 2022-ci ildə Media qanunu barədə Prezident Əliyevə məktub yazdım. Digər beynəlxalq qurumlar, QHT-lər, beynəlxalq QHT-lər kimi mən də çalışıram. Amma nəticə məhduddur. Bu da çox məyusedici və problemli vəziyyətdir.
– Bəs, bu məsələlərin müzakirəsi üçün Azərbaycanla əməkdaşlığı yetərli sayırsınızmı?
– Buradakı nümayəndə heyəti ilə bizim yaxşı əməkdaşlığımız var. Mənim ofisimlə bütün üzv dövlətlərin nümayəndələri arasında normal, diplomatik və dostluq əlaqələri vardır. Azərbaycana səfər edəndə mənə qarşı münasibətdə çox açıq idilər və mənə imkan verirdilər ki, istədiyim həbsxanaya gedim, istədiyim məhbuslarla görüşüm və ən yüksək səviyyədə görüşlər keçirə bilim. Məsələyə bu tərəfdən baxanda görünür ki, əməkdaşlıq həyata keçirilir. Amma əgər qaldırdığım məsələlər, mövzular və tövsiyyələrlə bağlı nəticənin olub -olmaması barədə sual versəniz, əməkdaşlığın olmadığını deyə bilərəm. Bu reallıqdır.
– Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti ilə bağlı hesabat açıqlandı. Azərbaycan tənqid olunan ölkələr içərisində idi. Bu sahədə hansı işləri görürsünüz
– Avropa Şurasına üzv olan ölkələr tərəfindən Avropa Məhkəməsi qərarlarının icrası çox vacibdir. Bu məsələ hazırda təşkilat üçün çox vacib əhəmiyyət kəsb edir. Bu məsələ aktiv şəkildə AŞPA sessiyalarında müzakirə olunur, dünənki iclasda deputatlar, məruzəçilər qərarların icrası sahəsindəki mövcud problemlər ətrafında danışırdılar. Onlar hətta qərarları icra etməyən ölkələrin siyahısını da təqdim etmişdilər və bu ölkələr sırasında Azərbaycanda var idi. Mən bilirəm ki, bu məsələ eləcə də Reykyavikdə dövlət başçılarının samitində də müzakirə ediləcək. Bu sahədə hansı işləri görürüəm məsələsinə gəlincə, deyə bilərəm ki, qərarların icrasının vacib olması ilə bağlı mən üzv ölkələrə xatırlatmalar edirəm, o cümlədən Azərbaycana da edirəm. Mənim öhdəmdə “9-cu qayda” adlanan alət var ki, mən Nazirlər Komitəsinə məhkəmə bəzi qərarlarının icra vəziyyəti ilə bağlı yazılı qeydlər təqdim edə bilərəm. Əlbəttə ki, bu qeydlər bütün üzv ölkələr üzrə məhkəmə qərarları ilə bağlı yox, yalnız işlədyim, məşğul olduğum işlər üzrə məhkəmə qərarları ilə bağlıdır. Üzv dövlətlər tərəfdən çoxlu sayda qərarların icra edilməməsi təşkilat üçün böyük bir çağırışdır. Biz belə davam edə bilmərik. Bu yaxşı hal deyil. Məhkəmə Avropa Şurası sisteminin və ya Avropa Qanunun aliliyi sisteminin vacib bir hissəsidir. Bu vəziyyət bu cür davam etməməlidir.Mən həmişə deyirəm ki, Avropa Şurasının bütün üzv dövlətləri könüllü şəkildə razılaşıblar ki, təşkilatın üzvü olsunlar. Onlar təşkilata üzv olanda bütün dəyərlərin, konvensiya müddəalarının həyata keçirilməsi, icra edilməsi ilə bağlı öhdəlik götürüblər. Bunlar üzvlüklə bağlı olan məsələlərdir.
– Bildirdiniz çağırışlar eşidilmir, irəliyə doğri addımlar atılmır. Bəs, vəziyyətin sonu necə olacaq?
– Mən qabaqcadan mühakimə yürüdə bilmərəm. Vəziyyət onsuz da artıq ziyana uğrayıb. Söz azalığı, toplaşma azadlığı, jurnalistlərin azadlığı kimi məsələlərə gələndə, mən çox gözləyirəm, müxtəlif yollarla hökumətlə danışıram, həm də bəyanatlarım və məktublarımla bunu çatdırıram. Təəsssüf ki, onlar dinləmirlər, onlar məşğul olmaq istəmirlər, onlar vəziyyəti dəyişmək istəmirlər, ölkə ilə bağlı məsələlərdə müxtəlif cür düşünən adamlara təsir edir, hədəfə alırlar.
Pərviz Həşimli
Fransa/Strasburq
Xəbər 5958 dəfə oxunub.