19.10.2021 14:25
Ermənistan müvafiq qərar və qətnamələrə məhəl qoymurdu
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı toxunduğu məsələlər bütün dünya üçün çox əhəmiyyətli mesajlar idi.
Dövlət başçısının qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsi Azərbaycan dövlətinin gücü, qüdrəti, siyasi və hərbi iradəsi ilə artıq həll olunub, münaqişə tarixin arxivində qalıb. Təəssüflə qeyd edirik ki, Azərbaycanın tarixi torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktının 30 ilə yaxın idi ki, davam etməsinə baxmayaraq heç bir beynəlxalq təşkilat və dünya dövləti münaqişənin həlli istiqamətində əməli addımlar atmamışdır.
BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələri yerinə yetirilməmiş, eyni zamanda münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapması məqsədilə digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə məhəl qoyulmamışdır.
Bütün bunlarla yanaşı, münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Amerika, Rusiya və Fransa da bununla bağlı işğalçı tərəfə heç bir təzyiq və tələb irəli sürməmiş, illərlə aparılmış danışıqlarda heç bir nəticə əldə olunmamışdır. Nəticə isə Azərbaycanın tarixi və əzəli torpaqlarının işğalı faktının davam etməsi, həmin ərazilərdən didərgin salınmış bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün statusunda yaşamağa məcbur olması olub.
Tarixi torpaqlarımızda 30 illik işğal dövründə demək olar ki, bütün tarixi, dini, mədəni abidlərimiz, yaşayış məntəqələrimiz, infrastruktur obyektlərimiz və s. tamamilə dağıdılmış, dünyada misli görünməmiş vandalizm və talançılıq həyata keçirilmişdir. Ermənistan tərəfindən 67 məsciddən 65-i tamamilə dağıdılmış, qismən dağıdılmış iki məsciddə isə işğalçılar donuz və inək saxlamış, bununla da təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının heysiyyətini, dini inancını qəsdən təhqir etmişdir.
Füzuli və Ağdam şəhərlərində, eləcə də rayonlarının bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılmışdır. Təsadüfi deyil ki, Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərində də ürəkağrıdan mənzərədir. Həmin şəhərdə işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılmış, 60 min hektara yaxın meşə qırılmış və təbiətə çox böyük ziyan vurulmuşdur. Ermənistanın cinayətləri bununla bitməmiş, bir sıra Avropa şirkəti ilə əlbir olaraq Azərbaycanın işğal altında saxlanılan tarixi torpaqlarındakı qızıl yataqları və digər təbii ehtiyatları qanunsuz istismar edilmişdir.
Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara və dünya dövlətlərinə çağırışlar edərək Ermənistanın işğalçılıq, talançılıq, vandalizm, qeyri-insani hərəkətləri barədə məlumatlandırmış və bunların qarşısının alınması üçün beynəlxalq hüquq çərçivəsində lazımi addımların atılmasının vacibliyini bildirmişdir. Lakin ölkəmizin haqlı israrlarına, davam etdirdiyi humanist mövqeyinə baxmayaraq münaqişənin həllində qeyri-konstruktivlik nümayiş etdirən Ermənistan tərəfinin işğalçı, vandalizm siyasətinin, hər gün daha da artan sərsəm bəyanatlarının və eləcə də dövlət sərhədlərimizdə törətdiyi çoxsayı təxribatçı hücumlarının qarşısı alınmamışdır.
Vurğulamaq lazımdır ki, Ermənistan işğal etdiyi Aərbaycan ərazilərindəki bütün cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək, dövlətimiz bununla bağlı bütün lazımi prosedur qaydalarına əməl etməklə müvafiq sübutları aidiyyatı təsisatlara artıq təqdim edib.
Ötən ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi isə Ermənistan silahlı qüvvələrinin hücum əməliyyatlarına qarşı həyata keçirilmiş və torpaqlarımızın işğaldan azad olunmasını hədəfləyən əks-hücum əməliyyatları isə Ermənistana və onun havadarlarına əsl dərs oldu. Vətən müharibəsi adı ilə tariximizə daxil olan və əsl qəhrəmanlıq salnaməsinə çevrilən bu hərbi əməliyyatlar Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Belə ki, tarixi torpaqlarımız erməni işğalından azad olunmaqla ərazi bütövlüyümüz bərpa olundu, beynəlxalq hüququn pozulmuş müddəaları təmin edildi.
Bütün dünyanın soyuqqanlılığına və laqeydliyinə cavab olaraq Azərbaycan haqqı, ədaləti bərpa edərək 30 illik Vətən, torpaq həsrətimizə son qoydu. Azərbaycan Silahlı Qüvvələri gücü, rəşadəti, peşəkarlığı ilə düşmən üzərində inamlı qələbə qazanaraq 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Ermənistanın “məğlubedilməzlik” mifini darmadağın edərək bütün dünyaya əsl cəsarətini və şücaətini, Vətən sevgisinin əzəmətini və möhtəşəmliyini sübut etdi. Hər kəs gördü və agah oldu ki, Azərbaycan dövləti dəfələrlə bəyan etdiyi kimi tarixi torpaqlarını heç bir dövlətə güzəştə getmədi və işğala son qoyaraq adını tarixə müzəffər xalq kimi həkk etdirdi.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanata əsasən Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.
Bu gün Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan bütün siyasi məsələlərin sülh yolu, danışıqlar yolu ilə həllinə tərəfdar olub, bu gün də eyni mövqedədir. Üçtərəfli bəyanatın şərtlərinə əməl edərək Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Lakin Ermənistan da eyni mövqeni sərgiləməli və bu istiqamətdə əməli addımlar atmalıdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək və təxribatçı, revanşist siyasətindən və əməllərindən əl çəkəcəkdir.
Bu gün Azərbaycanın önündə yeni və qürurla vərəqlədiyi yeni bir səhifə açılıb. Ölkəmiz inkişaf, yenidənqurma işlərinə strat verib. Azad edilmiş ərazilərimizin tamamilə bərpası, əvvəlki görkəminə qayıtması və məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın ən tez bir zamanda doğma yurd-yuvalarına qayıtmaları üçün böyük yaşayış və infrastruktur layihələri uğurla icra edilir. Ermənisanın əksinə olaraq Azərbaycan qurur, yaradır, bəşəriyyətə ən yüksək humanizm dəyərlərini aşılayır.
Kubra Əliyarlı
Xəbər 2523 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|