05.11.2023 09:27
Zəngəzur - ABŞ ilə İranın maraqlarının üst-üstə düşdüyü yeganə məkan
Erməni jurnalist: "Azərbaycan prezidentinə baxmağı heç xoşlamıram, amma"...
Bugünlərdə yazmışdım ki, ermənilər sanki iynə üstündə oturublar. “Azadlıq” radiosunun erməni bölümünün ingilisdilli xidməti elə bu məsələdən bəhs edən "In Southern Armenia, Global Powers Move In Amid Fears Of A New Azerbaijani Offensive " (Cənubi Ermənistanda Qlobal Qüvvələr Azərbaycanın yeni hücum təhlükəsinə nəzərən hərəkət edirlər) adlı məqalə ilə çıxış edib.
Yazıda deyilir ki, Azərbaycanla Ermənistan arasında mövcud olan qeyri-müəyyənlik Sünik şəhərinin bir çox sakinini çıxılmaz vəziyyətdə qoyub.
Sünikdə xəbərləri işıqlandıran “Zəngəzur TV” (heç vaxt ağlıma gəlməzdi ki, Ermənistanda Zəngəzur adında TV olsun) kanalının jurnalisti Tiqranuhi Badalyan deyir: "Hər səhər yuxudan durub düşünürəm ki, nə yaxşı bu gün müharibə başlamayıb, çünki hər gün müharibənin başlanma gözləntisi var".
"Azərbaycan prezidentinə baxmağı heç xoşlamıram, amma hər gün yatmazdan əvvəl onun çıxışını əks etdirən videolara baxıram, çıxışı təhlil edərək sabah müharibə olub-olmayacağını təxmin etməyə çalışıram. Hər dəfə evə nəsə almaq istəyəndə, evi təmir etmək fikrinə düşəndə, ya da mebel almaq ürəyimdən keçəndə düşünürəm ki, sabah müharibə başlasa, hər şeyi itirəcəm”.
“Azadlıq” radiosu yazır: “Bu qorxu insanlar arasında narahatlığa səbəb olub. Yerli sakinlərin Sünikdən köçə biləcəyi düşüncəsi bir mövzu kimi regionda xüsusi həssaslığa malikdir. Artıq neçə nəfərin getdiyinə dair konkret nəsə demək çətindir. Çünki ortada heç bir məlumat yoxdur və sorğuda iştirak edən sakinlər çox fərqli fikirlər səsləndirirlər.
"Hazırda dünyada təhlükəsiz yer yoxdur. Bura tam təhlükəsiz olmasa belə, heç kim Sünikdən köçüb getmək istəmir. Biz heç bir yerə getməyəcəyik və düşmənlərimizə qarşı sona qədər mübarizə aparacağıq", - Kapandakı baytar həkim Vahan Sarkisyan bildirib.
Lakin onun qız dostu, onun üçün tərcümə edən sərbəst bələdçi Şuşanik Kostandyan bu fikrə etiraz edir: “Bir çox insan Süniki tərk edib normal həyat sürmək üçün əlindən gələni edir”.
Yerli jurnalist Badalian deyir ki, o da İranın Zəngəzur məsələsində Ermənistana dəstək verəcəyinə inanmır: "Sən boğulan zaman yapışmaq üçün ətrafda olan hər şeyə əl atırsan. İranın bizim üçün müharibəyə getməsi fikri, bu, fantaziyadır”. İran və Qərb bir çox qlobal münaqişələrdə - Ukraynadan Fələstinə qədər-əks tərəfdə olmasına baxmayaraq, onların Ermənistanın cənubunda maraqları üst-üstə düşür. İrəvanda yerləşən Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin rəhbəri Areq Koçinyan bildirir ki, Sünik "bəlkə də hazırda Yer kürəsində ABŞ və İranın oxşar qarşılıqlı marağı olan yeganə yerdir".
Elbəyi Həsənli,
SÜRİX
Xəbər 4648 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|