02.11.2021 17:07
Yol şəbəkəsi niyə daralır? - Çünki məmur-oliqarxlar bina tikir
“İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığının avtomobil statistikası birgə aparılır. Ümumi əhali sayı 10 milyon nəfər olan 2 ölkədə son statistikaya görə motorlu nəqliyyat vasitələrinin sayı 6.3 milyon ədədi keçib. Hər min nəfərə 541 minik avtomobili düşür. Ailələrin 70%-də azı 1 velosiped, 80%-də isə azı bir avtomobili var”.
XezerNews.az xəbər verir ki, bu sözləri ekspert Elməddin Muradlı bildirib. O, daha sonra vurğulayıb:
“Azərbaycanın əhalisi də 10 milyondur. Ölkəmizdə 1.5 milyon nəqliyyat vasitəsi mövcuddur. Bu o deməkdir ki, əhalinin hər min nəfərinə 150-dən də az avtomobil düşür (təzminən 132). Ancaq bəzi məmurlar və işbilməz məmurcuqlar adamın üzünə dirənir ki, ölkədə tıxacın yaranmasının səbəbi avtomobillərin çoxluğudur. Xeyr. Avtomobillərin çoxluğu tıxac yaratmır. Tıxacı nəqliyyat sisteminin düzgün idarə edilməməsi, nəqliyyatın ayrı-ayrı qurumların əlində olması, vahid idarəetmə sisteminin olmaması yaradır. Bir də yeyinti…
Hələ mən özündən razı, bir-birini bəyənməyən balaca məmurları demirəm… O deyir, mən daha çox bilirəm, bu deyir, Avropada elədirsə bizdə də olsun, o biri deyir, xeyr, mən ağsaqqalam, nə deyirəmsə, düz deyirəm… Bax beləcə, bizim nəqliyyat problemlemləri arta-arta gedir.
Ona görə də, Azərbaycanda tıxac o vaxt azalacaq ki, məmurların gözü doyacaq və nəqliyyata ayrılan pulları basıb yemədən bu sahədə ciddi işlər görəcəklər.
Azərbaycanda yolu tikən də məmurdur, yolların kənarında özbaşına tikililər tikib yolu daraldanlar da… Yəni, məmur məmurun qarşısını kəsə bilmir, nəticədə məmurlar birləşib yol təsərrüfatnı bərbad hala salırlar.
Yeyirlər, dağıdırlar, göz yumurlar, aləm dəyir bir-birinə, sonra da başlayırlar ki, tıxaca səbəb maşınların çoxalmasıdır. Heç olmasa gedin İsveçrə və Lixtenşteyn təcrübəsini öyrənin, sonra danışın!
Azərbaycanda son illər yol şəbəkəsi qısalır, avtomobillərin sayına görə hesablama aparsaq ciddi parklanma problemləri var və davam edir. Səkilərdən, başqa-başqa yerlərdən didərgin salınan sürücülər bu gün maşınlarını daha vacib yollarda saxlayıb daha böyük problemlər yaradırlar. Çünki səkidən qovulan sürücülər üçün parklanma yeri düzəltmədilər. Sadəcə qovdular ki, get harda istəyirsən saxla. O da getdi, harda istədi saxladı və indi daha çətin günlər yaşayırıq. Yol şəbəkəsi niyə daralır? Çünki məmur-oliqarxlar bina tikir. Kasıb bina tikib yol kəsmir ki. Məmur-oliqarxlar tikir. Bəs onlara kim imkan verib şərait yaradır? Yenə də məmurlar. Bəli, Azərbaycanda tıxac problemini məmurlar yaradır. Çıxış yolu budur ki, həmin məmurların əlindən həmin mülkləri alıb sökmək və yolları genişləndirmək lazımdır, qanunsuz tikililərə imza atan məmurları isə diz çökənə qədər ac saxlamaq lazımdır…
Xəbər 1463 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|