02.03.2025 10:43
Ruhun şad olsun, ey... - Bayraq Adam, Allah Dostu!
"Böyük insanların həyatı ölümlərindən sonra başlar," - deyiblər. O da öz böyüklüyünün, nəhəngliyinin miqyasını və çatdırmaq istədiyi həqiqətlərin çoxunu əksəriyyətimizə məhz ölümüylə - qəfildən aramızdan çəkilib getməsiylə anlatdı...
Demək ki, "Allah bizə həqiqətlərə işıq salmaq gücündə olan ölüm nəsib etsin!" duası Allahın da xoşuna gəlibmiş və onu tezcə qəbul edibmiş!
Baxın, bu dünyanı tərk etdiyi o məşum və mübhəm tarixdən cəmisi 2 il keçib. Ancaq bu 2 ildə o, 20 ilin işini görüb, sağkən 20 ildə gedəcəyi yolu elə son ikicə ildə qət edib: qəfil ölümüylə şəxsiyyətinə və düşüncələrinə, getdiyi yola elə bir diqqət çəkib ki, onu yaxından tanımayanlara belə, özünü də sevdirib, sözünü də; yolunu da, övladlarını da, dostlarını da...
Azərbaycan cəmiyyəti bu nəhəng və işıqlı şəxsiyyətin böyüklüyünün miqyasını və çatdırmaq istədiyi həqiqətləri hələ indi-indi dərk etməyə, o sönməz ziyasının, tükənməz və itməz enerjisinin gücünü indi-indi anlamağa başlayır!
Və anladıqca da onu daha çox sevir, düşüncələrinə və yoluna vurulur, ona daha səmimiyyətlə bağlanır!
Heyf ki, mən onu çox gec tanıdım, çox az təmasda oldum, buna baxmayaraq, fəaliyyətimizə verdiyi bir cümləlik qiyməti böyük ənam sayıb, qardaş vəsiyyətitək qəlbimə yazdım!
O, siyasətçilərimiz arasında "din xadimi", dindarlarımız sırasında "siyasətçi" qiyafəsində görünsə də, əslində, günümüzün siyasətini zəngin din tariximizin və sağlam elmi biliklərinin süzgəcindən keçirərək, çox dəqiq, rasional qiymətləndirmə apara bilən və doğrunu tapan bəsirətli bir alim, düşüncələri, əməlləri və şəxsi nümunəsiylə cəmiyyətə yalnız fayda verən yetkin ictimai xadim, əqidəsində sabit həqiqi mömin, bənzərsiz ziyalı idi!
Məhz bu səbəbdən siyasətçilərimizdən də nüfuzlu və hörmətli idi, dindarlarımızdan da...
Elə buna görə də sevimli Peyğəmbərimizin (s.ə.s.) bizə qoyub getdiyi və vəsiyyət etdiyi o iki qiymətli əmanəti - "Qurani-Kərim"i və "Əhli-Beyt"i başqalarından daha gözəl şəkildə çatdıra, anlada, izah edə və sevdirə bilirdi!
Yaxşılığa dəvətdə və pisliklərdən çəkinməyə çağırışda ortaya qoyduğu şəxsi nümunə artıq 2 ildir ki, bu milli itkinin yoxluğunu dosta da, düşmənə də hiss etdirir... Dost kədərlənir, düşmən sevinir...
Ruhun şad olsun, ey "Əhli-Beyt" yolunun sadiq yolçusu, özü və ideyaları işıq olan və bu işığıyla da çox gözləri qamaşdıran Bayraq Adam, Allah Dostu!
Sən Allahın sevimli qulu və bəndəsi olmasaydın, o qədər insanın qəlbini fəth edə, təmənnasız sayğı və sevgisini əldə edə bilməzdin!
Bu əziz gündə Səni dərin ehtiram və minnətdarlıq hissiylə anırıq!
Çox sevdiyin və kamil insan nümunəsində təbliğ etdiyin Həzrəti Əli (ə.) şəxsiyyətinə münasibət tarixən möminlə münafiqi ayırdetmə xətti sayıldığı kimi, indi ölkəmizdə Sənin şəxsiyyətinə münasibət də artıq dövrümüzün əbusüfyanlarını, müaviyələrini, hindələrini və mərcanələrini tanımaqda hədsiz çox köməyimizə çatır!
O əziz ruhuna bizdən qardaş salamı və salavat olsun, Hacı!
Elxan Şükürlü
Xəbər 675 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|