Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD


24.06.2024  14:10 

Hapıt milli etnosu müasir dövürdə… - Tədqiq edilib, film çəkilib, lüğət çap olunub





A+  A-

XX əsrin əvvəllərindən tarixi-etnoqrafik ədəbiyyatda üç xalq – xınalıqlılar, buduqlular və qrızlar “Şahdağ xalqları” adlandırılıb. Haputlar, ceklər və əliklər qrız qrupuna aid edilir. Onların dilləri qrız dilinin dialektləri kimi göstərilir. Bu xalqlar haqqında ilk yazılı məlumatlar I Pyotrun 1722-1723-cü illərdəki İran yürüşünün iştirakçısı olmuş alman əsilli rus zabiti İ.Gerberə məxsusdur.

Tarixçi Q.Qeybullayev hapıtların və qrızların qədim alban tayfalarından olan qatların və herlərin xələfləri olduğunu göstərmişdir. Hapıtlar özlərini indinin özündə də “her”, “herar” adlandırırlar.

Əvvəllər çoxallahlığa sitayiş edən hapıtlar sonradan İslam dininin süni təriqətini qəbul etmişlər.

Yazıçı-jurnalist Sədaqət Kərimova hapıtlarla bağlı məqaləsində qeyd edir ki, Azərbaycandakı bütün hapıt kəndləri Quba qəzasındakı Hapıt kəndindən əmələ gəlib:

“XIX əsrdə dövrün ictimai-iqtisadi hadisələri nəticəsində bu kəndin əhalisi həm Quba qəzası, həm də Göyçay və Şamaxı qəzalarının müxtəlif ərazilərinə köçərək məskunlaşmışdır. Həmin əsrin ortalarından başlayaraq hapıtların bir hissəsi indiki İsmayıllı, Qəbələ və Ağdaş rayonlarının ərazilərinə köçərək orada Haput-Məlikli, Haputlu-Hideyli, Haputlu-Netes-Qacar, Haputlu Mollaisaqlı, Haputlu-Hacıhətəmli kəndlərini salmışlar. Bəzi mənbələrdə XIX əsrin ortalarında Göyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı, Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndlərinin olduğu qeyd edilir. Brokqauzun və Efronun Ensiklopedik lüğətində qeyd olunur ki, 1886-cı ildə haputlular Yelizavetpol quberniyası əhalisinin 0,21 faizini təşkil edirdilər”.

Qeyd edək ki, hazırda bu etnosun nümayəndələri əsasən Quba rayonunun Haput, İbrahimhaput, Haputlu, Xaçmaz rayonunun Şıx Haput, Qəbələ rayonunun Məlikli, Sileyli, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Mollaisaqlı, Hapıtlı, Ağdaş rayonunun Hapıtlı kəndlərində, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar. Yığcam halda Quba rayonunun Haput, İbrahimhaput, Haputlu, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində yaşayırlar.

Ümumiyyətlə, Azərbaycan etnoqrafiyasında istər Şahdağ xalqları, istərsə də hapıtların tarixi indiyədək monoqrafik şəkildə öyrənilməmişdir. Bu sahədə yeganə tədqiqat işi 1981-ci ildə İ.Şahbazovun “XIX əsr və XX əsrin əvvəllərində Şahdağ xalqlarının maddi mədəniyyəti” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasıdır.

Hapıtlar tədqiqat obyekti kimi...

Hələ 2019-cu ilin avqust ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin direktoru, antropologiya elmləri doktoru Əliağa Məmmədlinin rəhbərliyi altında Antropoloji ekspedisiyanın tərkibində İsmayıllı rayonunda "Şahdağ qrupuna" daxil olan hapıtlar haqqında məlumat toplamışlar.

İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli kəndlərində kompakt şəkildə vaxtilə Quba rayonunun Hapıt kəndindən köçüb gələn hapıtlar yaşayırlar.

Qeyd etmək lazımdır ki, İsmayıllı rayonunda Hapıtlı adında kənd də mövcuddur. Aparılan araşdırmalar göstərdi ki, bu kəndin əhalisi “azərbaycanlı” kimliyi ilə özünü dərk edir və kənd sakinləri arasında əsasən Azərbaycan dili əsas ünsiyyət dilidir.



Ekspedisiyanın əsas məqsədi polietnik ərazilərdə yaşayan azsaylı etnik qruplar arasında müasir etnomədəni və etnososial proseslərin öyrənilməsi olub.

Hapıtlar arasında aparılan müşahidələr, sorğular, müsahibələr zamanı əsas diqqət etnik identiklik (kimlik), tarixi yaddaş, ana dillərinin funksionallığı, qonşu etnik qruplarla qarşılıqlı münasibətlər kimi problemlərə, iqtisadi və sosial amillərin gündəlik həyata təsiri məsələlərinə yönəlib.

Hapıtlar tarixən müxtəlif səbəblərdən aran bölgələrə köçərək məskən salmış və hal-hazırda İsmayıllı, Qəbələ, Ağdaş rayonlarında bir neçə kəndlərin əsasını qoymuşlar. Bu kəndlərin çoxunun sakinləri öz etnik mənsubiyyətlərini hapıt kimi müəyyən edirlər. Hətta qarışıq etnik mühitdə yaşayan şəhər sakinləri olan hapıtlar öz fərqli etnik identikliklərini qoruyub saxlayırlar.

Toplanan məlumatlar və aparılan təhlillər qrızları və hapıtları eyni bir etnosa aid etməyə əsas vermir. Aydın məsələdir ki, əgər hər-hansı bir sosial qrupun üzvləri özlərini müəyyən adla adlandırırsa və bu qrup daxilində həmrəylik prinsipi əsasında özünüdərketmə mövcuddursa, bu qrupu başqa eyni formada təşkil olunmuş qrupla eyniləşdirmək düzgün deyildir.

Araşdırmalar göstərir ki, etnik qrupların nümayəndələrinin böyük bir hissəsində müəyyən dərəcədə mürəkkəb strukturlu etnik identiklik müşahidə olunur. Bu, tədqiqata cəlb olunmuş hapıtlara da aiddir. Öz etnosuna identifikasiya ilə yanaşı, bu respondentlər özlərini Azərbaycan etnosunun tərkib hissəsi kimi də dərk edirlər.

Qeyd olunmalıdır ki, respondentlərin cavabları onu da təsdiq edir ki, bu etnoslar etnik mədəniyyətlərinin əsas elementlərini qoruyub saxlamışlar.
Xüsusilə bu, dil davranışında özünü büruzə verir. Məhz bu səbəbdən, tədqiqat obyekti olan hapıtların ana dillərinin funksionallıq dərəcəsi çöl tədqiqatları zamanı diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ana dilinin qorunub saxlanılması, onun etnik qrupun müxtəlif təbəqələri arasında işlənməsi ənənəvi mədəniyyətin və xüsusilə də etnik identikliyin dayanaqlılığını təmin edən əsas amillərdəndir.

Təsadüfi deyil ki, bölgədə aparılan araşdırmalar zamanı hapıtlar arasında ana dildən istifadə məsələləri sorğuların, müsahibələrin mövzularından biri olmuşdur.

Hapıtların məşğuliyyəti...

Ötən əsrin 50-ci illərinə kimi Haput kəndinin əhalisinin əsas məşğuliyyəti əkinçilik olub. Sonradan burada heyvandarlıq kolxozu yaradılmış, kolxozlar ləğv edildikdən sonra camaat fərdi heyvandarlıq təsərrüfatları ilə məşğul olmağa başlamışdır. Bu proses hazırda da davam edir.

Əhalinin böyük köçəri həyat keçirir. Onlar ilin yarısını qışlaqdа, digər yarısını isə yaylaqda olurlar. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində kətan lifini əyirən əmək aləti olan vəlvələ də geniş yayılıb. Bu pərsəngli əyircəkdə təkcə kətan kəndir deyil, həm də yun ip əyirmişlər. Kənddə ibtidai məktəb fəaliyyət göstərir.

Tədqiqatçı X.Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı bütün ritualların keçirildiyini, oda müqəddəs münasibətin yaşadığını bildirir: "Oda, suya münasibət türk ruhunda necədirsə, bizdə də elədir. Camaat and içəndə qoq deyər, yəni günəşə and içirəm".


Hapıt dili necə qorunur?

Qeyd edək ki, son dövürlər hapıtların dillərinə də diqqət ayrılır. Hapıtlar üç dildə – haput, ləzgi və Azərbaycan dillərində danışırlar. Məsələn, hapıtlar arasında etnik identikliyi araşdırarkən maraqlı proseslər müşahidə olunub. Məlumdur ki, hapıt dili Şimali Qafqaz dillər ailəsinin Nax - Dağıstan qrupunun ləzgi yarımqrupuna aiddir.

Bəzi tədqiqatçılar hesab edirlər ki, bu dil qrız dilinin bir dialektidir. Onların fikrincə, bu dialektlər arasında həm də Əlik və Cek kəndlərinin sakinlərinin danışdığı dillər də yer alır. Ekspedisiya zamanı qeyd olunan kəndlərdə aparılan sorğular və müsahibələr bu dillərin həqiqətən də qohumluq əlaqələrində olduğunu və bu kəndlərin sakinlərinin bir-birlərini anlamalarını təsdiq edib.



Lakin dil baxımından yaxın olan bu icmaların nümayəndələri özlərini vahid bir etnik birliyinə aid etmirlər. Yəni, etnik identiklik baxımından hapıtlar özlərinin qrızlardan fərqli bir etnosa aid edirlər. Öz kəndləri, adət-ənənələri, davranış qaydaları, tarixi şəxsiyyətləri haqqında məlumat verərkən onlar "biz-onlar" dispozisiyasından çıxış edərək etnik identikliklərini doğma kəndləri ilə əlaqələndirirlər.

Sevindirici haldır ki, kəndin sakini, coğrafiya müəllimi Əhməd Musayev “Azərbaycanca-haputca lüğət” kitabı ötən il “DODO” redaksiyası tərəfindən çap edilib. Lüğətdə 2000-dən çox söz toplanılıb. Heç şübhəsiz ki, həmin kitab hapıt dilinin qorunub saxlanmasına öz töhfəsini verəcək. İki il ərzində ərsəyə gələn lüğətin çapının məqsədi hapıtlıların dilini qoruyub saxlamaqdır.

Tədqiqatçı X.Ağayev hapıt dilinin yazılı xüsusiyyətinin olmamasına belə münasibət bildirib: "Dünyada 3 min dil var, onun cəmi 200-nün yazılı xüsusiyyəti var. Vaxtilə 52 hərfdən ibarət alban əlifbası olub. Təəssüf ki, hələ də alban əlifbasını oxuya bilən mütəxəssis yoxdur. Mingəçevirdə su elektrik stansiyası tikilərkən ilk dəfə bütün hərflərin olduğu mətn üzə çıxdı. Kəndimizdə məktəb tikilərkən belə bir abidə tapılıb, Mingəçevirdə tapılan abidədən 700-800 il qədimdir. Bu gün gürcülərin və ermənilərin istifadə etdikləri qrafik işarələrin çoxu alban əlifbasından götürülüb".

Hapıtların da əsas problemi yol və...

Qubanın rayon mərkəzindən 42 km aralıda yerləşən Haputlu kəndi cənubdan İsmayıllı, qərbdən Xınalıq və cənub-şərqdən Adur kəndi ilə həmsərhəddir. Kənddə 593 sakin, 71 təsərrüfat var.

Əsasən maldarlıqla məşğul olan kənd camaatı köçəri həyat tərzi sürür. Qışda mal-qoyunu ilə Şirvan zonasına üz tutan hapıtlılar yayda qoyun sürülərini Quba yaylaqlarında bəsləyirlər.



Qışda kənddə çox az adam qalır, maksimum 10-12 evdə yaşayış olur.

Kəndin adı əvvəllər Haput olub, 2016-cı ildən Milli Məclisin qərarı ilə Haputlu adlandırılıb. Haputlular Qubada yaşayan milli azlıqlardan biridir. Onlar kompakt olaraq Qubanın Haputlu və onun cənub sərhədində yerləşən İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli kəndlərində məskunlaşıblar.

Bölgədən keçən Ağçay sakinlərə problem yaradır. Yerli sakinlər bu torpaq, təmirsiz yolu çayın yatağı ilə qət edir. Hava dəyişən kimi, qış-payız aylarında, yaz daşqınlarında çayın suyu artır, hərəkət etmək çox çətinləşir.

Haputlu sakinləri uzun illərdir mövcud olan bu problem ilə əlaqədar Quba rayon İcra Hakimiyyətinə müraciət ediblər. Yolun bərpası rayonun imkanları xaricində olduğu üçün rəhbərlik aidiyyatı mərkəzi qurumlar qarşısında məsələ qaldırıb.

Haputlunun başqa bir dərdi isə mavi yanacaqdır. Kənddə təbii qaz olmadığından sakinlər payız-qış aylarında yanacaq kimi mal təzəyindən və gərmə adlanan qoyun peyinindən istifadə edir.

“Hapıtlar” sənədli filmi çəkilib

İsmayıllı ərazisində məskunlaşmış hapıtlar haqqında “Səlnaməfilm” studiyası tərəfindən “Hapıtlar” sənədli filmi çəkilib. Film geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulub. Filmin ssenari müəllifi Qorxmaz Şıxalıyev, rejissor Vəli Səyyadidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət sifarişi ilə istehsal olunmuş film hapıtların yaşam tərzi, adət-ənənələri, milli dəyərlərini özündə əks etdirir.

“Hapıtlar” filmi Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Doqquz ölkə, doqquz şəhər!” devizi altında keçirilən V Türk Dünyası Sənədli Film Festivalında qaliblər arasında olub.

İsmayıllı rayonu, Mollaisaqlı kənd orta məktəbinin müəllimi Nazlı Məhəmmədqızı qeyd edir ki, hapıt milli etnosu müasir internet əsrində də öz milli xarakterilə Azərbaycan xalqının mövcud qlobal siyasi aləmində mühüm rol oynayıb:

“Hapıt” folklor qrupunun təşkilatçıları - məktəbin direktoru Fazil Muradov, bədii rəhbəri Zəmilə Cəbrayılovadır. Folklor dərnəyinin üzvləri orta məktəb şagirdləri Qələmnaz Məsimli, Aynur Cəbrayıllı, Aysel Məsimli, Günay Bağıyeva, Nərmin Tahirova, Qönçə Muradova, Xumar Cəlalovadır”.

Həsən Hüseynov
Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.




Xəbər 3108 dəfə oxunub.




29.06.2024  13:23 

“Ölü leyləklər”- (hekayə)

29.06.2024  13:04 

Sabahın havası AÇIQLANDI

29.06.2024  10:40 

Xatun gözəllikdən yazdı

28.06.2024  18:16 

Nəsrin Cavadzadə Bakıda -Fotolar

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib


BÜTÜN XƏBƏRLƏR +